`97 tarixi abidənin sökülməsinə qərar verilib`

"Sovetski"də söküləcək tarixi binaların siyahısı ilin sonunadək genişlənəcək.
Maide.Az xəbər verir ki, bunu ANS PRESS-ə Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov deyib.
 
Onun sözlərinə görə, adıçəkilən ərazidə təxminən 171 tarixi abidə var ki, bunun 76-sı ötən ildən, 21-i isə bu ilin mayından Nazirlər Kabinetinin və nazirliyin qərarı ilə tarixi əhəmiyyətə malik olmadığından sökülməsi qərarı verilib. "Hələ də tarixi abidələrin dəqiq sayını deməkdə çətinlik çəkirəm. Bununla bağlı hər gün danışıqlar gedir. Çalışırıq ki, bu say heç 170-ə çatmasın. Amma nə etməli ki, bəzən nəyinsə xətrinə nəyisə qurban verməli oluruq", - deyə qurum rəsmisi bildirib.
 
Zakir Sultanov "Sovetski"də yerləşən və söküntüsünə qərar verilən tarixi abidələrin hazırda öz tarixilik əhəmiyyətini itirdiyini deyib: "Bakı qədim şəhərdir. Amma təəssüflər olsun ki, 70 il Sovet əsarəti altında qalanda ruslar ya bilərəkdənmi, ya da bilməyərəkdən ölkəmizdə olan bir çox tarixi abidələri istismar edib, yararsız vəziyyətə salıblar. İndi sökdüklərimiz də məhz onlardır". O, sökülən tarixi binaların, ümumiyyətlə, adıçəkilən ərazidə yerləşən yaşayış evlərinin sökülərək yerində yolun çəkiləcəyini deyib. Zakir Sultanov tez-tez bu məsələlərlə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə, "Azəravtoyol" ASC-nin nümayəndələri ilə görüşdüyünü və müzakirələrin aparıldığını vurğulayıb. "Bu gün paytaxtımız üçün əsas problemlərdən biri yollarla bağlıdır. "Sovetski"də çəkiləcək yol hardasa paytaxtımızda tıxacların aradan qaldırılmasına səbəb ola bilər".
 

Google+ WhatsApp ok.ru