99 illik icarə verilən torpaqlarda ev tikməyin yaratdığı problemlər

99 illik icarə verilən torpaqlarda ev tikməyin yaratdığı problemlər

-- Vətəndaşın “kupça” bilib aldığı sənəd, sonradan onun işini çətinə salır...

Bu günlərdə ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisin Regional məsələlər komitəsinin iclasında bildirib ki, 2017-ci ildə Azərbaycanda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə 65 minə yaxın bələdiyyə aktı qəbul olunub.
 
Nazir müavini bildirib ki, bələdiyyə aktları yoxlanılarkən torpaq qanunvericiliyinin pozulması halları müəyyən edilib, 2636 ha torpaq sahəsinin bələdiyyələr tərəfindən qanunsuz verilməsi müəyyən edilib və bu torpaqların bələdiyyələrə qaytarılması istiqamətində tədbirlər görülüb.
 
Bəs bu torpaqları  pul verib alan vətəndaşların vəziyyəti necə olacaq?
 
“Yeni Müsavat”a tez-tez müraciət edən şikayətçilər bildirirlər ki, çıxarışlı torpaq aldıqları halda, icra qurumları tərəfindən onlara  aldıqları torpaqlarda ev tikməyə icazə verilmir. Araşdırma nəticəsində məlum olur ki, şikayətçilərin “Çıxarış” dedikləri sənəd, bələdiyyələrin, icra qurumlarının tabeliyində olan kənd təsərrüfatı təyinatlı torpaqların vətəndaşa 99 illik icarəyə verilməsini göstərən sənəddir. Bu sənəd torpaq üzərində mülkiyyəti təsdiq edən sənədlə tərtibat baxımından oxşar olduğu üçün vətəndaşlar çox zaman torpaq alan zaman təyinatla bağlı qeydin fərqinə varmırlar. Nəticədə isə problemlər ortaya çıxır. Hazırda Bakıda bir sıra qəsəbələrdə kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış evləri tikilib. Qanunla bu, qadağan olduğu üçün ekspertlər bildirirlər ki, əslində həmin evlər hər an sökülə bilər.
 
Bəs 99 illik icarəyə verilmiş torpaqda nə etmək olar? Verilən çıxarış nəyə yarayır?
 
Ekspertlər bildirirlər ki, 99 illik icarəyə verilmiş kənd təsərrüfatı torpaqlarında yaşayış evi tikmək olmaz. Burada yalnız təsərrüfat üçün tikililər tikib, qurğular quraşdırmaq mümkündür.
 
“Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, ona da bu kimi problemlərlə bağlı müraciət edənlər olur: “Kənd təsərrüfatı ilə məşğul olan zaman hər hansı bir nəticənin əldə edilməsi uzun zaman tələb edir. Yəni sahibkar əvvəlcə vəsait qoymalı, tikintilər aparmalı əkin-biçin işi görməlidir. Uzun müddət lazım olduğu üçün belə torpaqlar məhz 99 illiyə icarəyə verilir. Əlbəttə ki, icra müqavilə şərtlərində hansı hallarda torpağın geri alına biləcəyi göstərilir. Burada göstərilir ki, torpaq təyinatı üzrə istifadə edilmədikdə, ümumiyyətlə istifadə olunmadıqda, torpaq qaydalara uyğun olmayan formada istismar olunduqda geri alına bilər. Həm qanunvericilikdə, həm də müqavilələrin özündə bu kimi qaydalar göstərilir. 99 il uzun müddətdir və torpaq bir neçə nəsildən keçə bilər. Yerləşməsindən asılı olaraq bəzi yerlərdə torpağı özəlləşdirmək mümkün olur. Ancaq yerlər də var ki, orada yalnız icarə verilir, özəlləşdirmək mümkün deyil”.
 
Bundan əlavə torpağın təyinatını da dəyişmək mümkündür. Lakin bunun üçün həmin ərazidə dövlət əhəmiyyətli layihələr və digər bu kimi  hallar baş verməlidir. Dövlət və ictimai ehtiyaclar üçün torpaqların məqsədli təyinatı və kateqoriyasının dəyişdirilməsi zərurəti yarandıqda torpağın yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti Nazirlər Kabineti qarşısında  vəsatət qaldırır. Nazirlər Kabinetinin tapşırığı ilə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının  məsələyə rəyi verildikdən sonra, sifarişçi tərəfindən sənədlər  Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi  tərəfindən sənədlərin düzgün hazırlanması və rəylərin verilməsi bir daha araşdırılır. Əgər sənədlər qanuna müvafiq qayda və tələblər əsasında hazırlanıbsa, torpağın bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı sərəncam verilməsi üçün Nazirlər Kabinetinə təqdim olunur. Hökumətin qərarı veriləndən sonra torpaq sahəsindən qərarda qeyd olunan təyinat üzrə istifadəyə icazə verilir.
 
Ə.Mustafayev bildirib ki, torpaqların bir neçə nəfərə icarə verilməsi hallarına da rast gəlinir: “Necə ki, kooperativ mənzillər təkrar satılır, torpaqlarda da bu hal bələdiyyələr tərəfindən eyni qaydada müşahidə olunur. Nəticədə ciddi problemlər yaranır. Bəzən isə texniki məsələ olur ki, buna da rast gəlirik. Hazırda torpağın xəritəsi çəkilir. Ancaq əvvəllər dəqiq eskizlər yox idi. Nəticədə müxtəlif torpaq sahələri üst-üstə düşürdü. Torpağın xəritəsinin çəkilməsinə başlanıldıqdan sonra bu cür məsələlər üstündə mübahisələr xeyli dərəcədə azalıb. 2 sot, 3 sot əraziləri bağçılıq üçün verə bilərlər. Ancaq pambıqçılıq, taxılçılıq üçün daha böyük ərazilər verilir. Verilən kənd təsərrüfatı təyinatlı torpaqlarda evlərin tikilməsi və buna icazənin verilməsi isə artıq qanundan kənar olan hərəkətlərdir.  Əvvəllər bu cür tikintilərə nəzarət yox idi. Son zamanlar isə məsələyə ciddi yanaşırlar. Eyni zamanda bu torpaqlarda əvvəllər ev tikmiş şəxslərə qarşı da sərt münasibət göstərib, evini, obyektini sökürlər. Şəxs məhkəməyə müraciət edəndə icra hakimiyyəti, bələdiyyə hamısı deyir ki, mən sökməmişəm. Formal olaraq bilirik ki, adətən bu işlərə icra hakimiyyəti baxır. İcra hakimiyyətinin göstərişi ilə sökülənləri çox zaman heç məhkəmədə sübut etmək olmur və qanunsuz tikili olduğu üçün müdafiəsi də çətinləşir. Təcrübəmizdə bu kimi hallara çox rast gəlmişik”. (musavat) 

Google+ WhatsApp ok.ru