9 aya  571 ölü, 1555 yaralı

9 aya 571 ölü, 1555 yaralı

Ötən 9 ayın yol terroru: 571 ölü, 1555 yaralı
 
2016-ci ilin 9 ayı ərzində respublika ərazisində 1499 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalarda 571 nəfər həlak olub, 1555 nəfər isə yaralanıb.
 
Baş Dövlət Yol Polisi İdarəsindən Maide.Az-a verilən məlumata görə, yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin respublika üzrə bütövlükdə hadisələrin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına, eləcə də qəza nəticəsində ölən və yaralananların sayının azalmasına müsbət təsiri olmuşdur. Belə ki, 2016-ci ilin 9 ayı ərzində respublika ərazisində 1499 yol-nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 571 nəfər həlak olmuş, 1555 nəfər yaralanmışdır. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 164 fakt (9,9%), həlak olanların sayı 95 nəfər (14,3%), yaralananların sayı 191 nəfər (10,9%) azalmışdır.
 
Bakı şəhəri ərazisində 490 yol-nəqliyyat hadisəsi qeydə alınmış, bunların nəticəsində 138 nəfər həlak olmuş, 515 nəfər yaralanmışdır. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 110 fakt (18,3%), 37 nəfər (21,1%), 130 nəfər (20,2 %) azalmışdır.
 
Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 38,6%-i (579 hadisə, 222 ölüm, 630 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 23%-i (346 hadisə, 160 ölüm, 310 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,3%-i (164 hadisə, 39 ölüm, 202 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,8%-i (28 hadisə, 14 ölüm, 27 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. Yol-nəqliyyat hadisələrinin 41%-ni (615) piyadaların vurulması təşkil etmiş, nəticədə 228 piyada həlak olmuş, 495-i yaralanmışdır. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 41 nəfər uşaq və yeniyetmə həlak olmuş, 137 nəfər yaralanmışdır. /

Google+ WhatsApp ok.ru