9 ayda 497 QİÇS-ə yoluxan aşkar edilib

9 ayda 497 QİÇS-ə yoluxan aşkar edilib

Bu ilin 9 ayı ərzində hüquq-mühafizə qurumları narkotiklərlə bağlı 2 min 641 fakt aşkar ediblər.
 
Bu haqda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının açıqlamasında bildirilir.
 
Komissiya vurğulayır ki, aşkarlanmış faktlar üzrə 2 ton 179 kq-dan çox müxtəlif növ narkotik vasitə müsadirə edilib. Müsadirə olunan narkotik vasitələrin yarıya qədərini 1 ton 72 kq-nı heroin təşkil edib. 628 kq marixuana, 316 kq-dan çox tiryək, 56 kq həşiş və digər narkotik vasitələr müsadirə olunub.
 
9 ayda 132 tondan çox narkotik tərkibli bitkilərin məhv edildiyi bildirilir.
 
Qeyd olunan narkotika cinayətlərinə görə, 1841 nəfərin məsuliyyətə cəlb olunduğu vurğulanır. Onlardan 7 nəfəri 18 yaşadək yeniyetmə olub. Məsuliyyətə cəlb edilənlərin arasında 5 qulluqçu, 1 vəzifəli şəxs var.
 
Komissiyanın açıqlamasında narkomaniyaya görə qeydiyyatda olanların statistikasına da yer verilib.
 
Həmin statistika bu ilin əvvəlinə olan göstəriciləri ifadə edir. Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində 30 min 131 nəfər qeydiyyatda olub. Onlardan 25.139 nəfəri dispanser, 4992 nəfəri profilaktik qeydiyyatda olanlardır. 2017-ci ildə 2115 nəfərin yeni qeydiyyata götürüldüyü, 1432 nəfərin isə qeydiyyatdan çıxarıldığı bildirilir.
 
Komissiya QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) yoluxanlarla bağlı statistik məlumatları da açıqlayıb. Orada yazılır ki, 2018-ci ilin 9 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 497 nəfər olub. Onlardan 482-i (96,9 faiz) Azərbaycan vətəndaşı, 15-i (3,1 isə ) isə xaricilərdir.
 
Ümumilikdə, 1987-ci ildən bu il oktyabrın 1-dək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 7 min 249 nəfər qeydiyyata götürülüb. Həmin şəxslərin 3 min 144 nəfəri İİV-ə inyeksion narkotik istifadəsi nəticəsində yoluxduğu bildirilir. /rakurstv/
 

Google+ WhatsApp ok.ru