9 yaşlı uşaq məktəbi qarışdırdı:

9 yaşlı uşaq məktəbi qarışdırdı:

-- şagirdlər dərsə buraxılmır

Biz məktəb olaraq heç bir şagirdin hüququnu pozmamışıq. Şagirdlərin hüququnu pozan onların öz valideynləridir.
 
Bu sözləri Axar.az-a Bakı şəhəri Nəsimi rayonu 14 saylı tam orta məktəbin direktoru Vedizadə Hürzad iki gündür valideynlərin 3-cü sinifdə oxuyan uşaqlarını dərsə buraxmamasına münasibət bildirərkən deyib.
 
Direktor bildirib ki, hansısa şagirdi məktəbdən qovmayıblar:
 
“Biz hansısa şagirdi məktəbdən qovmamışıq, çıxarmamışıq, bunu etmərik də. Əksinə, siniflərdə problem olmaması üçün əlimizdən gələni etməyə çalışırıq. Ancaq valideynlər bunu anlayışla qəbul etmir, problem yaradırlar. Biz bir məktəb olaraq bütün şagirdlərimizin hüququnu qoruyuruq. Valideynlər isə öz uşaqlarının hüquqlarını pozmaq, onları dərsə buraxmamaqla məşğuldur”.
 
Xatırladaq ki, 27-28 noyabr tarixlərində Nəsimi rayonunda yerləşən 14 nömrəli orta məktəbin 3 E sinfinin şagirdlərini valideynləri dərsə buraxmayıb. Səbəb 14 nömrəli tam orta məktəbin rus bölməsinin 3 E sinif şagirdi Məhəmmədhəsən Sadıqzadənin davranışı ilə bağlı problem olub. Məktəb rəhbərliyi şagirdin sinfini dəyişərək onu 3 Ç sinfinə keçirib. Lakin həmin sinfin valideynləri kütləvi olaraq şagirdin 3 Ç sinfində oxumasına narazılıqlarını bildiriblər və uşaqlarını dərsə buraxmayıblar.
 
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə bildirilib ki, məktəb rəhbərliyi valideynlərlə söhbət aparsa da, problem həllini tapmayıb:
 
“27-28 noyabr tarixlərində valideynlər həmin şagirdə görə övladlarını sinfə buraxmayıblar. Sadıqzadə Məhəmmədhəsən Tural oğlunun valideynləri onların övladlarına və özlərinə qarşı olan münasibətlərə görə polis bölməsinə müraciət ediblər. 3 Ç sinfinin digər valideynləri də bu məsələnin araşdırılaraq həll edilməsini istəyirlər. Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub, valideynlərlə görüşüb, məsələni birgə müzakirə ediblər. Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək".
 

Google+ WhatsApp ok.ru