“Azeryolservis”: Həsən Əliyev küçəsində bütün işlər iki həftəyə yekunlaşacaq

Bakının Nərimanov rayonu Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişmədən Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılan təmir işləri yekunlaşıb.
 
Bu həftənin bazar ertəsi axşam saatlarından isə C. Məmmədquluzadə küçəsindən Azər Əliyev küçəsinə qədər olan hissə bağlanıb. Hazırda kommunikasiya xətləri üçün qazılmış xətlərin lazımı materialla doldurulması və kipləşdirilməsi işləri gedir.
 
Bunu Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
 
Onun sözlərinə görə, bundan sonra isə köhnə asfalt örtüyü qaşınıb yenisi ilə əvəz ediləcək. Yeni asfalt yolun səviyyəsi ilə eyniləşdirilərək 20 sm qalınlığında olacaq: “Paralel olaraq bordürlərin dəyişdirilməsi, kommunikasiya quyularının dəmir-beton piltələrinin dəyişdirilməsi işləri gedir”.
 
P. Mürsəliyev əlavə edib ki, C. Məmmədquluzadə küçəsindən Azər Əliyev küçəsinə qədər olan kəsişməsində bir həftə ərzində işlər tamamilə yekunlaşdırılması gözlənilir.
 
“Bundan sonra həmin hissə istifadəyə verilərək, A. Əliyev küçəsinin Tbilisi prospektinə qədər olan hissə bağlanacaq. Burada isə işlər 1 həftəyə yekunlaşacaq. Yaxın iki həftə ərzində Tbilisi prospektinə qədər Həsən Əliyev küçəsində işləri bütünlüklə bitirəcəyik”, - deyə P. Mürsəliyev bildirib.
 
O, qeyd edib ki, “Azəryolservis” ASC sürücülərin narahatçılığına heç bir əsas görmür: “Qurum tərtib olunmuş qrafik əsasında öz işlərini davam etdirir”.

Google+ WhatsApp ok.ru