“Azərbaycan ciddi bir seçim qarşısındadır”

Zəfər Quliyev: “Müstəqillik dövründə ilk dəfə olaraq Azərbaycanın qarşısında sərt formada seçim problemi durub”

Geostrateji baxımdan mürəkkəb və maraqların toqquşduğu bölgədə yerləşən Azərbaycan supergüclərin diqqət mərkəzindədir. Rusiyanın Avrasiya İttifaqı layihəsini Azərbaycanın da hesabına böyütmək, Qərbin isə regionda möhkəmlənmək, bölgə dövlətlərini Avropa Birliyinə yaxınlaşdırmaq istəyi toqquşur. Bu toqquşmada arada qalan isə Azərbaycan da daxil olmaqla keçmiş SSRİ respublikalarıdır. Azərbaycan hakimiyyəti artıq xeyli vaxtdır Rusiya ilə Qərb arasında manevrlər etməklə prosesi ciddi itkilərsiz aparmaqdadır. Rəsmi Bakı mümkün olan bütün manevr imkanlarını işə salaraq, hələ ki, duruş gətirir. 
 
Tərəflər arasında manevr etmək və hər iki tərəflə bərabər məsafə saxlamaqla, potensial təhlükələri önləməklə xətti nə vaxta qədər davam edə bilər? Azərbaycanın bu manevrləri sonadək həyata keçirə biləcəkmi, yoxsa bir qırılma nöqtəsi olacaq? 
 
Bu suallarla müraciət etdiyimiz politoloq Zəfər Quliyev bildirdi ki, Azərbaycan ciddi bir seçim qarşısındadır. Müstəqillik dövründə ilk dəfə olaraq Azərbaycanın qarşısında sərt formada seçim problemi durub: “Ona görə ki, əvvəlki illərdə Azərbaycan daimi manevrlər etsə də ümumi geosiyasi strateji xətt şübhə altına alınmırdı. Azərbaycan Avropaya doğru inteqrasiya kursunu davam edirdi və müasir dünyanın bir hissəsini olmağa çalışırdı. İndiki mərhələdə ki, Qərblə Rusiya arasında sərt formada konfrantasiya yaranıb bu, istər-istəməz bütün postsovet ölkələrini, o cümlədən Azərbaycanı seçim qarşısında qoyur. Bu situasiyanın nə qədər davam etməsi tək Azərbaycandan asılı deyil. Ona görə də istər-istəməz bu ilk növbədə Rusiya-Qərb münasibətlərinin inkişafından asılı olacaq. Moskva doğrudan da neoimperiya siyasətini davam edəcəksə, postsovet ölkələrini nəyin bahasına olur-olsun Avrasiya İttifaqına daxil etmək xəttini sərt formada davam etdirəcəksə, istər-istər Qərblə münasibətlərdə gərginlik dərinləşəcək. Belə bir vəziyyətdə Azərbaycan Rusiya və Qərbin təzyiqləri arasında qalmaqda davam edəcək. Azərbaycan isə bu iki güc arasında manevr etməkdədir. Təzyiqlər artdıqca manevr etmək də çətinləşəcək”. 
 
Politoloq hesab edir ki, indiki vəziyyətdə rəsmi Bakı hələlik uğurlu manevrlər edir, nə Rusiyaya, nə də Qərbə cavabını birmənalı ortaya qoymur, vaxt udur: “Azərbaycana Rusiya və Qərb təzyiqlə yanaşı, təkliflər də edir. İndiki mərhələ üçün doğrudur ki, bütün təklifləri dinləmək lazımdır. Lakin sözsüz ki, bir seçim anı olacaq, indiki vəziyyət daimi davam edə bilməz, manevr etməyin də limiti var və bu limit bir mərhələdə bitəcək. Seçim anı gələndə mən hesab edirəm ki, bizim ölkə rəhbərliyi Konstitusiyanı, Azərbaycanın milli, dövlət maraqlarını unutmamalıdır. Nə qədər cəlbedici təkliflər olsa belə, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü güzəşt predmeti ola bilməz. Qarabağla bağlı Rusiyadan nə qədər cəlbedici təkliflər olsa belə, burada qırmızı xətlər olmalıdır. Qırmızı xətt ilk növbədə Azərbaycanın müstəqilliyidir, ərazi bütövlüyüdür. İstərdim inanım ki, Azərbaycan sonadək bu qırmızı xətləri keçməyəcək, uğurlu bir seçim edəcək. Mən hesab edirəm ki, uzun illərdir yürütdüyü strateji xətdən geri çəkilməməlidir, müasir dünyaya inteqrasiyanı davam etdirməlidir”./Yeni Müsavat

Google+ WhatsApp ok.ru