Şəhid Vaqif Abdullayevin anım tədbiri keçirildi

İslaminsesi.az-ın verdiyi xəbərə görə, Əhli-beyt(ə) şəhadət məktəbinin layiqli davamçısı, hicab məhbusu, zindanda faciəli şəkildə dünyasını dəyişənAzərbaycanİslamPartiyasınınsabiqsədrmüavini  Hacı Vaqif Abdullayevin ölümündən iki il ötür. Bu münasibətlə Azərbaycan İslam Partiyası BMM-də anım mərasimi təşkil etdi. Toplantıda ruhani alimlər, ictimai-siyasi xadilmlər, Hacı Vaqifin əqidə dostları, inanclı insanlar, yaxınları,  KİV nümayəndələri iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan siyasi məsələlər üzrə AİP-in sədr müavini Hacı Akif Heydərzadə anım mərasiminə gələn bütün iştirakçıları salamladı və belə bir mühüm tədbirə qatıldıqları üçün hamıya təşəkkürünü bildirdi. Hacı Akif siyasi məhbus, hicab və İslam şəhidi Hacı Vaqif Abdullayevin ölümünün ildönümü münasibətilə təşkil olunmuş anım mərasimində ilk sözü Kərbəlayi Qədirin ifasında Qurani-Kərimin tilavətinə verdi. Tədbirin aparıcısı hacı Akif Vaqif Abdullayevin həyat yolundan, onun İslamin təşəkkülü,yayılması istiqamətində gördüyü böyük işlərdən danışdı, onun möhkəm və sarsılmaz əqidəyə malik olduğunu qeyd edərək, İslam məhbusu və şəhidi olaraq ölümü ilə qazandığı yüksək məqamı dilə gətirdi:

“Hacı Vaqif günahsız olaraq səbəbsiz yerə həbs olunmuşdu. Onun məhkəməsində ATƏT üzvü əvvəldən axıradak iştirak edərək Vaqifin qurama ittihamlar əsasında həbs olunduğunu gördü, saxta şahidlərin məhkəmə prosesində ifşa edildiyinin şahidi oldu. Hacı Vaqif Abdullayev partiyanın formalaşmasıda əvəzsiz xidmətlərlər göstərib, bölgələrdə təşkilatın dayaq nöqtələrinin yaradılmasında çox böyük əməyi , əziyyətləri  olub."   

 AİP-in sədr əvəzi Hacı Elçin Manafov da çıxışında Vaqif Abdullayevin təkcə partiya şəhidi olmadığını, onun bütün xalqımızın qəbində özünə yer tutduğunu, onu tanıyanların yaddaşında mübariz, mərd və imanlı insan kimi həkk olunduğunu xüsusi vurğulamaqla, mübarizliyin ən ali zirvəsi olan şəhadət məktəbinə yetişməsini yüksək məqam kimi dəyərləndirdi:

”Hacı Vaqif Abdullayev azadlıqda olduğu kimi, məhbəs həyatında da əyilməz iradəsi ilə istibdadı yendi. O, işgəncələr, zülmlər qarşısında sınmadı, əqidəsindən dönmədi və öz şəhadəti ilə zülmə qalib gəldi.

AiP-in sabiq sədri Hacıağa Nuri partiyanın ən çətin zamanlarında, AİP rəhbərlərinin həbsdə olan vaxtlarda Hacı Vaqifin cətin bir vəzifəni öz üzərinə götürərək, partiyanı qoruyub saxladığını, sıralarını genişləndirdiyini qeyd etdi:

”Mən onu gözəl ziyalı, fədakar insan, imanlı dindar kimi tanımışam. O, Rusiyada müəllim işləyirdi, Azərbaycana qayıdandan sonra, bütün varlığı ilə İslamın geniş yayılması, dinin təşəkkül tapması üçün çalışdı. Allah ona rəhmət etsin, ruhu şad olsun. Azərbaycan xalqına onun şəhadətinin ildönümü münasibətilə başsaglığı verdi. 

ADP sədri Sərdar Cəlaloğlu şəhadət məktəbinin fəlsəfəsini açaraq, həbsxana həyatının möminlər üçün əslində bir xilas yolu olduğunu bildirdi:

”Əzablar Allaha inamı artırır, mömin üçün dəyərlər ölçüsünü  dəyişdirir. Haçı Vaqif, günahsız yerə məhbəsdə yatan digər qardaşlarımız üçün çəkdikləri bu əzablar əslində Allaha yaxınlaşmaq üçün bir vasitədir. Cəzanı günahkarlar, canilər çəkər. Günahsız insan isə əzablarının mükafatını alacaq. Elə bir mömin olmayıb ki, həbsə düşəndən sonra dinindən uzaqlaşsın, amma minlərlə ateist, dinsiz məhbus olub ki, İslamı qəbul edib. Müqəddəs Ramazan ayında cəmi şəhidlərtimizə, o cümlədən, İslam şəhidi Hacı Vaqifə də Allahdan rəhmət diləyir, ailəsinə, əqidə dostlarına və xalqımıza başsağlığı verirəm. “

Hacı İlqar İbrahimov azan qadağası, məscidlərin sökülməsi və bunların son pik nöqtəsi kimi hicaba olan təzyiqlərdən söz açdı və yüzlərlə insanın bu repressiyalara etiraz etdiyinə görə həbs ounduğunu qeyd edərək Azərbaycanda dini etiqad məsələsinə tolerant münasibətin yalnız 2 halda mümkün ola biləcəyini vurğuladı:

“Hicab qadağalarının tam aradan götürüldüyü və hicab məhbuslarının hamısının həbsdən azad edildiyi şəraitdə mümkün ola bilər.”

QAT sədri Akif Nağı Hacı Vaqifi fadakar insan adlandırdı və torpaqların işğaldan azad olunması üçün  bu gün cəmiyyətin məhz onun kimi fədakar insanlara ehtiyacı olduğunu qeyd etdi:

“Qarabağın azad olunması imandan keçir. Qəlbində Allah sevgisi olmayan, şəhadət məktəbinin ali məqamından xəbərsiz gənclər torpaqları necə xilas edə bilər. Vaqif Abdullayev İslam və Qarabağ şəhidi idi. Bu mövzuda fikirləri, döyüşmək və şəhid olmaq yanğısı onu sonda şəhadətə çatdırdı. Allah bütün şəhidlərimizə rəhmət etsin. “

Hacı Zülfüqar Mikayılzadə zülmə qarşı mübarizənin bu gün də davam etdiyini bildirdi. Quran hafizi zülm qabağında əyilməməyin təməlində mərdlik durduğunu və Hacı Vaqifi bu mərdliyin nümunəsi kimi tanıdığını qeyd etdi.

Sonra çıxış üçün söz AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimovaya veridi. Növrəstə xanım  ilk olaraq, Ramazan ayında oruc tutan bütün möminlərin mənəvi təkamülə yetişmələrini arzuladı. O, şəhidlərin daim diri olduğunu və Allahın ruzilərindən bəhrələndiyini xatırlatdı. Bu anım günlərinin qeyd olunmasının təkcə təsəlli üçün deyil, İslamı yaşatmaq uğrunda böyük önəm daşıdığını dedi. Sözünün davamında AİP-in digər şəhidi olan Hacı Kəbləğanın da mübariz bir insan olduğunu xatırladan Növrəstə xanım şəhidlərin qarşısında baş əydiyini bildirdi.

 “Vətən” blokunun icrası katibi Mayis Güləliyev ilk öncə şəhid Hacı Vaqif Abdullayevin ailəsinə baş sağlığı verərək, onu haqq yolunda mübariz bir insan və mənəviyyat yolunda canından keçən vətənpərvər adlandırdı. 

 Tədbiri yekunlaşdıran Hacı Elçin Manafov şəhadət məktəbinin layiqli üzvlərindən olan Vaqif Abdullayev  haqqında səsləndirilən xatirə və xoş sözlərə, İslami dəyərlərin qorunması ilə bağlı dəyərli fikirlərə görə bütün iştirakçılara təşəkkürünü bildirdi, müxtəlif səbəblərə görə burda istirak edə bilməyən insanlara, Hacı Vaqifin ailəsinə, onun əqidə dostlarına və bütün Azərbaycan xalqına İslam Partiyası adından başsaqlığı verdi. “Allah bütün şəhidlərimizə rəhmət etsin” deyə anım məclisinin sona çatdığını dedi. 

Google+ WhatsApp ok.ru