“Bakıelektrikşəbəkə” köçkünlərə “müharibə” elan edib

Xətai rayonu Qədir Məmmədov küçəsindəki yataqxanada məskunlaşan köçkünlər baş nazir Artur Rasizadəyə şikayət ediblər. Ərizədə bildiriblər ki, erməni işğalında olan 7 rayondan 81 məcburi köçkün ailəsinin 300-dən artıq üzvü 1992-ci ildən sözügedən ünvanda məskunlaşıb. Prezidentin fərmanı ilə hökumət köçkünlərə adambaşına 150 kvt/saat elektrik enerjisi limiti ayırıb. 22 ildir Maliyyə Nazirliyi köçkünlərin kommunal xərclərini Qaçqınkom vasitəsilə müxtəlif təşkilatlara ödəyirdi. Qaz istisna olmaqla, onların kommunal ödənişlərlə bağlı problemləri olmayıb. Məskunlaşdıqları binada məişət qazı yoxdur. Bütün ehtiyacları yayda-qışda elektrik enerjisi hesabına ödənsə də, bunu problemə çevirməyiblər. 
 
Köçkünlər "Bizim Yol"a yazırlar: "Bildiyimizə görə, köçkünlər üçün dövlət qaz limiti də ayırıb. Rayonlarda isə əlavə olaraq onlara neft verilir. Amma biz bunların heç birindən yararlanmırıq. Bu ildən "Bakıelektrikşəbəkə" köçkünlərlə sərt davranmağa başlayıb. Bizə yüksək məbləğdə elektrik enerjisi borcları gəlir. Zorla işığını kəsərək camaatı məcbur edirlər ki, limitdən artıq sərf etdikləri enerji borclarını aybaay ödəsinlər. Sakinlər ödəniş qabiliyyətli deyil. Əks halda dövlət bizə "çörəkpulu" verməz".
 
Köçkünlər üçün taleyüklü qərarları Prezident verir, təşkilatlar yox
 
Şikayətçilər daha sonra qeyd ediblər ki, hər dəfə şəbəkənin 10-dan artıq əməkdaşı binaya hücum çəkir, sakinlərlə münaqişə yaradırlar: "Dəfələrlə yaşlılarımız, xəstələrimiz təzyiq və təhqirə məruz qalıb. Elektrikin kəsilməsi səbəbindən körpələrimizin qışda ac-susuz, istiliksiz qaldığı vaxtlar olub. Məktəb yaşlı uşaqlarımız əziyyət çəkir. Biz müharibəni yaşayan insanlarıq. Burada bizə öz həmvətənlərimizin hücum etməsi çox ağırdır. Yemək, çay, təmizlik, evin qızdırılması ancaq enerji hesabınadır və bütün bunları 150 kvt/saatla ödəmək mümkün deyil. Lakin bu illər ərzində hökumət problemi bizə hiss etdirməmişdi. Hər il enerji sərfiyyatı ilin sonunda hesablanır və qalan borc silinirdi. 2014-cü ildən başlayaraq borcları aybaay hesablayır, işıqları kəsməklə adamları ödənişə məcbur edirlər. Çox əziyyət çəkirik. Köçkünlər haqqında taleyüklü qərarları adətən Prezidentimiz imzalayır, təşkilatlar yox. Bizə hər hansı bir fərman və ya sərəncam da göstərmirlər ki, nə əsasla birdən-birə belə addım atırlar. Dövlət başçısını bu barədə məlumatlandırmırlar. Əminik ki, Prezident bilsə, məsələyə müdaxilə edər. Bir də ki, "Bakıelektrikşəbəkə" səhmləri 100 faiz dövlətə aid müəssisədir. Vaxtilə elektrik enerjisinin idarəetməsi özəl şirkətlərdə olanda belə, heç camaatla bu cür amansız rəftar etmirdilər. Sizdən xahiş edirik, üzləşdiyimiz bu problemin köçkünlərin vəziyyəti nəzərə alınaraq həllinə kömək edəsiniz".
 
NK-dan məktub Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə göndərilib. Komitə də məktubun araşdırılması üçün onu "Bakıelektrikşəbəkə"yə ünvanlayıb. Ötür-ötürün nəticəsində köçkünlərin xeyrinə heç bir qərar qəbul edilməyib. Əksinə, ASC-dən verilən cavaba görə bu məsələyə baxılması imkanları xaricindədir. Yazışmaların təhlili onu göstərir ki, köçkünlərin mayın 15-də NK-ya göndərdikləri məktuba Qaçqınkomdan may ayının 29-da cavab daxil olub. "Bakıelektrikşəbəkə" ASC-nin cavabı isə bundan 10 gün əvvəl köçkünlərə çatıb. Bu, onların şirkətə əvvəlki şikayətlərinin cavabı idi. Hələlik ASC-dən Komitəyə cavab bildirilməyib.  
 
Kim kimi talayır? 
 
"Bizim Yol" əməkdaşı problemi "Bakıelektrikşəbəkə" ASC-nin idarə heyətinin sədri Baba Rzayevə bildirmişdi. Cənab Rzayev XETSİ-nin rəisinə 1992-ci ildən sonra didərgin düşənlərin işığını kəsməməyi tapşırmışdı. Bundan sonra köçkünlərə qarşı təzyiqlər bir müddət dayandırıldı. Son 3 ayda onların elektrik enerjisi borcuna rəğmən xətləri kəsilmirdi. Lakin bu yaxınlarda yüksək məbləğdə borcu olan 10-dan artıq köçkün ailəsinə Xətai rayon Enerji Təchizatı və Satışı İdarəsindən (XETSİ) bildiriş gəlib. Bildirişdə məcburi köçkünlər xəbərdar edilib ki, üç gün ərzində elektrik enerjisi borclarını ödəməsələr, NK-nın 6 yanvar 2010-cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmiş "Elektrik Enerjisindən İstifadə Qaydaları"nın 9.13.2 bəndinə əsasən verilən elektrik enerjisi dayandırılacaq (daha dəqiqi xətlər amansızca doğranacaq-H.H.) və elektrik qidalanma xətləri möhürlənəcək (?). 
 
XETSİ özbaşına şəbəkəyə qoşulduqları halda köçkünləri Cinayət Məcəlləsinin (CM) 189-1.1 maddəsinə görə məsuliyyət daşıyacaqları ilə hədələyib: "Nəzərinizə çatdırırıq ki, elektrik enerjisinin talanması və ya onlardan məişətdə istifadə qaydalarının pozulmasına qarşı mübarizə məqsədilə Milli Məclisin 19 dekabr 2006-cı il tarixdə qəbul etdiyi "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında" Qanuna əsasən CM-yə "Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması" adlı yeni 189-1 maddəsi əlavə edilib, İnzibati Xətalar Məcəlləsinin elektrik enerjisinin talanması və ya ondan məişətdə istifadə qaydalarının pozulmasına görə məsuliyyət nəzərdə tutulan 118-ci maddəsində dəyişiklik edilib". 
 
Yeri gəlmişkən Azərbaycanda 1 kvt/saat enerjinin maya dəyəri 3-4 qəpik arasındadır, əhaliyə isə 6 qəpikdən satılır. İtaliya kimi bahalı ölkədə bu rəqəm 3 sent, Ukraynada 3 sent, Belorusda 5 sent və sairdir.
  
Yoxsullar üçün yeni "İntizam Xətalar Məcəlləsi" 
 
118-ci maddəyə dəyişikliyin edildiyi xatırladılsa da, həmin yeniliyin nədən ibarət olduğunu yazmaq deyəsən yaddan çıxıb. Yeri gəlmişkən, bildirişdə İnzibati Xətalar Məcəlləsi "İntizam Xətalar Məcəlləsi" kimi yazılıb. Bir anlıq özümün ölkənin qanunvericilik aktları barədə məlumatsız olduğumu düşündüm. Dedim, bəlkə yeni məcəllə qəbul olunub, mənim xəbərim yox. İnternetdə axtarış verdim, XETSİ-nin barəsində söhbət açdığı "İntizam Xətalar Məcəlləsi"nə təəssüf ki, rast gəlmədim. İnzibati sözü ilə intizam sözləri arasında fərq o qədər böyükdür ki, hətta yazılışları belə xeyli fərqlidir. Bu sözü yazanı və onu imzalayan rəis cənab S.Hüseynovu çox maraq edirəm. Eyni məzmunda 10-a yaxın istehlakçıya göndərilən bildiriş məktubunda xeyli səhv var və adətən təkrarlanır.
 
Nə isə, bildiriş müəllifi "İntizam Xətalar Məcəlləsi"ndəki bəndi izah etmədən yenidən Cinayət Məcəlləsinə keçib: "Elektrik enerjisinin talanması və ya onlardan məişətdə istifadə qaydalarının pozulmasına görə məsuliyyəti müəyyən edən Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə görə elektrik şəbəkələrinə qanunsuz qoşulmaqla elektrik enerjisinin talanması, əgər bu əməllər xeyli ziyan vurmaqla törədilərsə, cinayət məsuliyyətinə səbəb olur". 
 
Bildirişdə sözügedən maddədə qeyd olunan əməllərin törədilməsinə görə nəzərdə tutulan cəzalar da sadalanır. Məlum olur ki, sözə baxmayan köçkünləri 1100 manatdan 3300 manata qədər cərimə və ya 2 ilədək müddətə islah işləri, ya da 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Borc ödənilmədiyi halda onun məcburi alınması üçün aidiyyatı məhkəmədə iddia qaldırılacaq və borc məbləğinin ödənişi ilə yanaşı dövlət rüsumu və hüquqi xidmətlərlə bağlı çəkiləcək xərclər də köçkünün tərəfindən ödəniləcəyi barədə xəbərdar edilir. Köçkünlər isə zarafatla tələb olunan məbləği kredit kartlarından, ya da bank hesablarından ödəyəcəklərini deyirlər. 
 
1 aylıq körpə qaranlıqda qaldı
 
Dünən sözügedən ünvanda XETSİ-nin 6-7 əməkdaşı gəlib qadınların, uşaqların gözünün yaşına baxmadan köçkünlərin işığını kəsdilər. Yeganə Feyzullayevanın borcu 737 manatdır. Deyir, onun istifadə etdiyi həcmdə limit aybaay silinmədiyinə görə borc üst-üstə yığılıb. Köçkünlərin borc siyahısını əldə etdim. Çox maraqlı rəqəmlərlə rastlaşdım. 
1000 manat elektrik enerjisi borcu olan İlkanənin ailəsində sadəcə həyat yoldaşı və özüdür. Gənc qadın uzun müalicələrdən sonra 9 ay hamiləliyini xəstəxanada keçirib. Qonşuları da təsdiqləyir ki, bu müddət ərzində onu evində görən olmayıb. Əri isə işlədiyi üçün evə gecələr yatmağa gəlir. Hər kəs onların bu qədər elektrik enerjisi "sərf etdiyinə" təəccüblənir. Təzəcə ana olan İlkanənin də körpəsi nəzərə alınmadan enerji verilişi dayandırılıb. Tərslikdən anasının vəziyyəti də İlkanəninkindən yaxşı deyil, onun da işığı kəsilib. 4 həftəlik körpə ilə indi kimin qapısına gedəcəyini bilmir. 
Bundan başqa Hikmət Quliyevin də ailəsində yeni uşaq dünyaya gəlib, bu körpə də işıqsız qalıb. Vəli Hüseynov deyir ki, onun boynuna 900 manatlıq borc yığanda ailəsi heç yanında yaşamırdı, 3 nəfərə görə enerjipulu isə ASC-nin hesabına aybaay Qaçqınkom tərəfindən ödənib. Bu borcun haradan yarandığı onun üçün müəmmalıdır. 
Ən çox borc Qurban Əliyevindir - 1400 manat. Siyahıda Məhərrəm Mirzəyevin 800 manat, Nailə Zeynalovanın 657 manat, Ziba Rəfiyevanın 492 manat, Vaqif Quliyevin 448 manat və s. borcları var. 37 ailə şəbəkəyə üst-üstə 13 min manat borcludur. Köçkünlər bu müddət ərzində sivil yollarla məktublaşmanı dayandırmaq fikrindədirlər. Deyirlər, yazışmaların bir nəticəsi yoxdur, hər kəs məsuliyyəti başqalarının üzərinə atır. 
 
"Bizə ayrılan qazın pulu  kimin cibinə gedir?"
 
Y.Feyzullayeva deyir: "Biz heç ayrılan limitin silindiyindən də əmin deyilik. Çünki onlar istədikləri kimi sistemə girir, istədikləri rəqəmləri silib-yazırlar. Mən tək oğlumla qalıram. 700 manatlıq enerjini haradan bizim boynumuza yükləyiblər? Enerji sərf edirik, amma bizə təqdim olunan çeklərdəki qədər yox. Şirkət rəsmən bizi talayır. Bu məsələdə Dövlət Qaçqınkomun da mövqeyi aydın deyil. Onlar problemi üzərlərindən atırlar. Bizə ayrılan qaz limitinin pulu kimin cibinə gedir, bilmirik. Hər halda biz onu istifadə etmirik. Ona görə də zəhmət çəkib qaz sərfiyyatı üçün ayrılan vəsaiti nağd şəkildə versinlər, ya da birbaşa şəbəkənin hesabına köçürsünlər ki, onlar da bizdən əl çəksinlər. Biz saatlarla yeməyi elektrik sobalarında bişiririk. Əlbəttə sərfiyyat olacaq, limiti də aşacaq. Artıq bu təzyiqlərdən bezmişik. Mən işləmirəm, heç bir yerdən gəlirim də yoxdur, onlar gözləməsinlər ki, mən 700 manatı ödəyəcəm". Köçkünlər artıq çıxış yolunu etiraz aksiyasında görürlər. 
 
Qeyd edim ki, köçkünlərin bu problemini NK-nın qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbə müdiri Qurban Sadıxova şəxsən demişəm. Cənab Sadıxov köçkünlərin baş nazirə yazılı ərizə ilə müraciət etməyini tövsiyə etmiş, bu məsələnin diqqətdə saxlanması üçün özünün də əlindən gələni əsirgəməyəcəyini bildirmişdi. Lakin cənab Sadıxov göründüyü kimi problemə yardımçı olmayıb. Əks halda bu gün problem həll edilmiş olar, camaat işıqsız qalmazdı. Hazırda Qurban müəllim məzuniyyətdə olduğu üçün telefonlarını da söndürüb. Şöbənin əməkdaşı Cəlil Hacıyev eyni məzmunda NK-ya məktub göndərməyi, ya da Komitə sədrinin qəbuluna düşməyi köçkünlərə tövsiyə etdi. Bildirdi ki, onların deyildiyi qədər enerji sərf etməsi inandırıcı görünmür: "Qaçqınkomun müvafiq şöbəsində bu barədə məlumat verərlər ki, hansı köçkün hansı təşkilatlara enerji verir. Odur ki, onlar problemlərini araşdırmaqda özləri maraqlı olmalıdırlar".    

Google+ WhatsApp ok.ru