Ərdoğan Bakıya səfəri zamanı “camaat” məsələsini qaldıra bilər

Qabil Hüseynli: “Ərdoğan o şəxslərdəndir ki, həmişə mövcud problemlərə qarşı sona qədər mübarizə aparır”

Türkiyədə ötən il dekabrlın 17-dən başlayan “camaat”-AKP davası davam edir. İlk vaxtlarda ardıcıl aparılan korrupsiya həbsləri ilə ağır zərbələr alan AKP hökuməti sonradan özünə gələrək hüquq-mühafizə orqanlarında, məhkəmə və prokurorluq sistemində “camaat”a mənsub kadrları təmizləməyə başladı. Bu proses ötən 8 ay müddətində davamlı olaraq aparılıb. Hazırda Türkiyədə onlarla polis işdən çıxarılıb, həbs olunub və ya yerləri dəyişdirilib. 
 
Ancaq bu günə qədər AKP hökumətinin “camaat”a qarşı mübarizəsi davam edir. Hətta prezident seçkilərindən qalibiyyətlə ayrılan baş nazir Ərdoğan bütün siyasi, etnik qruplara qucaq açsa da, “camaat”ı ayırdı və F.Gülən camaatına qarşı mübarizəni davam etdirəcəyini bəyan etdi. Yeri gəlmişkən, Ərdoğanın “camaat”la savaşının bir hissəsi də Azərbaycanda aparılıb. Türkiyə baş naziri “camaat”ın Azərbaycandakı dayaqlarını məhv etmək üçün bir sıra addımlar atıb. Aprelin əvvəllərində Bakıya səfər edən Türkiyə baş nazirinin özü ilə konkret siyahı gətirdiyi və bu siyahıda Azərbaycan hökumətində təmsil olunan camaata bağlı şəxslərin adlarının olduğu bildirilirdi. Yeri gəlmişkən, məhz Ərdoğanın Bakı səfərindən sonra Azərbaycanda “camaat”a məxsus liseylər bağlandı. Eyni zamanda bir neçə məmur işdən azad edildi. 
 
Qeyd etdiyimiz kimi, hazırda Türkiyədə “camaat”a qarşı əməliyyat davam edir. Ərdoğan isə prezident kimi ilk səfərini Azərbaycana edəcəyini bəyan edib. Bu həm də ona işarədir ki, Azərbaycanda “camaat”a qarşı əməliyyatlar davam edəcək? Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən politoloq Qabil Hüseynli Ərdoğanın Bakı səfəri zamanı “camaat” mövzusunun da müzakirə olunacağını bildirdi. Ekspertin fikrincə, Türkiyədə kampaniya davam etdiyi üçün Ərdoğanın “camaat”ın Bakıdakı dayaqlarını zəiflətməsini istəməsi anlaşılandır: “Ərdoğan çox kinli adamdır. Prezident seçkilərindən sonra da Türkiyədə “dinləmə” adı altında polislər həbs olunur. Seçkidə bəyan etdi ki, Pensilvaniyalı adamla sona qədər mübarizə aparacağam. Bu isə Türkiyədə 10-12 faizlik elektorat ilə mübarizə aparmaq deməkdir. Yəni prezident seçkilərindən sonra da mübarizə davam edəcək. Söylədiklərinin də təsdiqini görürük. Məsələn, son günlərdə 50-dək polis həbs edilib. Guya bu polislər baş naziri dinləyirmişlər. Qəzetlərdə belə bir məlumat da keçdi ki, Gülən camaatına məxsus sonuncu ev də bağlandı. Bu səbəbdən də düşünürəm ki, bu insan o qədər kinlidir ki, Azərbaycandan camaatla bağlı yeni xahişlərdə bulunacaq”.
 
Ancaq Q.Hüseynlinin fikrincə, rəsmi Bakı ölkədəki “camaat” mərkəzlərini tamamilə sıradan çıxarıb və hazırda konkret olaraq narahatlığa səbəb olacaq məqam yoxdur. Bu baxımdan ekspert Ərdoğanın növbəti səfərindən sonra Azərbaycanda hansısa məmurun işdən azad edilməsi və ya mərkəzin bağlanacağını güman etmir: “Düşünürəm ki, Azərbaycanda “nurçuların” əsas fiqurları sıradan çıxarılıb. “Nurçu” dərsanələri adı altında fəaliyyət göstərən bütün hazırlıq kurları ya bağlanıb, ya da başqa tabeçiliyə verilib. Fikrimcə, Azərbaycan üçün “nurçu” təhlükəsinin mövcudluğu aradan qaldırılıb. Ərdoğan o şəxslərdəndir ki, həmişə mövcud problemlərə qarşı sona qədər mübarizə aparır. 
 
Zənnimcə lazımı səviyyədə təmizləmə əməliyyatı aparılıb və Azərbaycan hökuməti “nurçu” təhlükəsini aradan qaldırıb. Yeni bir kampaniya aparmağa ehtiyac qalmayıb. Ola bilsin ki, Ərdoğan yeni məlumatlar versin, yeni adlar təqdim eləsin, hökumət də öz araşdırmaları nəticəsində yeni faktlar ortaya çıxarsın. Ancaq bu miqyaslı bir kampaniya olmayacaq”. 

Google+ WhatsApp ok.ru