“Dar əl-Bir”dən saxlanma xəbərinə reaksiya gəldi

 
Mətbuatda Bakıda fəaliyyət göstərən “Dar əl-Bir” Xeyriyyə Cəmiyyətində yoxlamalar aparılması və təşkilatın bir neçə əməkdaşının həbs olunması ilə bağlı xəbər yayılıb. 
 
Xəbərdə qeyd olunur ki, 1994-cü ildən Bakıda fəaliyyət göstərən cəmiyyət əsasən yardım qurumu kimi fəaliyyət göstərib. Bir neçə gün əvvəl isə təşkilatın ofisinə gələn mülki geyimlilər bir sıra sənədləri və qurumun əməkdaşlarını həbs edərək aparıb. 
 
Ötən gün aznews.az saytına açıqlama verən təşkilatın Bakı ofisinin rəhbəri Rəşad Axundov saxlanıldıqlarını, ancaq bir qədər sonra sərbəst buraxıldıqlarını bildirib. Sitat: “Amma onlar xüsusi xidmət orqanlarının, MTN-nin əməkdaşları deyil, Vergilər Nazirliyinin Vergi Cinayəti İdarəsinin işçiləri idi”. 
 
Nümayəndəlik rəhbəri bildirib ki, həmin şəxslər ofisə gələrək, bir sıra sənədləri idarəyə aparıblar: “Biz də onlarla gedib, sənədləri təhvil verib, izahat yazmışıq. Əslində bizim vergi ilə heç bir problemimiz olmamalıydı. Çünki biz humanitar təşkilatıq. Yetim uşaqlara, fiziki qüsurlu adamlara yardım edirik. Bizim vergidən azad olunmağımız Azərbaycanın qanunvericiliyi ilə tənzimlənir. Bizim heç bir qanun pozuntumuz yoxdur. Lakin nədənsə Azərbaycan nümayəndəliyinin fəaliyyəti hazırda Vergilər Nazirliyi tərəfindən yoxlanılmaqdadır. Hər hansı bir üzvümüzün həbs olunması və ya saxlanılması xəbəri doğru deyil. Biz Azərbaycanın bütün dövlət qurumları kimi vergi orqanları ilə də əməkdaşlıq edir və fəaliyyətimizi Azərbaycan qanunvericiliyinə uyğun aparırıq”.
 
Rəşad Axundov vergi əməkdaşlarının ofisə silahla gəlməsinin səbəbini izah etməyib: “Mən bu barədə heç nə deyə bilmərəm. Gələnlərdən biri Vergilər Nazirliyinin rəsmi formasında, qalanlar isə mülki geyimdə idi. Onların silahlı olması hadisə şahidlərini xoflandırıb və elə biliblər ki, ofisə gələnlər MTN əməkdaşlarıdır”. O, təşkilatın hansısa dini cərəyanla əlaqəsinin olmadığını, yalnız xeyriyyə fəaliyyəti ilə məşğul olduqlarını deyib: “Biz xeyriyyəçiliklə və qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstəririk. Azərbaycanımızın ən ağır günlərində – 1994-cü ildə dövlət qeydiyyatına alınan təşkilatımız, erməni təcavüzü nəticəsində ölkəmizdə olan bir milyondan çox qaçqın və məcburi köçkünlərlə bağlı fəaliyyətlərdə aktiv iştirak edən təşkilatımız bu vaxta qədər heç bir dini-milli-siyasi fəaliyyətlə məşğul olmayıb”.
 
Qeyd edək ki, Vergilər Nazirliyi “Dar əl-Bir” adlı təşkilatda yoxlamaların aparılması xəbərini təsdiq etməyiblər. Yeri gəlmişkən, bu təşkilatın adı həm də “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanov və ona yaxın adam hesab olunan Yaşar Qurbanovla hallanır. 
 
“Yeni Müsavat”a açıqlama verən Qamət Süleymanov “Dar əl-Bir” Cəmiyyəti ilə tanışlığını olduğunu, ancaq bu qurumun xeyriyyə təşkilatı kimi fəaliyyət göstərdiyini bildirdi: “Bu Cəmiyyətlə heç bir yaxınlığım yoxdur, sadəcə olaraq orda işləyən qardaşı tanıyıram, vəssalam. Mənim bildiyim budur ki, bu təşkilat ancaq yetimlərə, ehtiyaclılara yardım edir. Onlar ölkədə heç nəyə qarışmırlar. Sadəcə eşitdim ki, Vergilər Nazirliyinin əməkdaşları onlardan vergi tələb edir. Ancaq onu da eşitmişəm ki, bu cür qurumlar vergidən azaddırlar. Buna görə də anlaşılmaz durum yaranıb və yəqin ki, onlar da hüquqlarını qorumaq üçün vəkil tutacaqlar”. musavat/

Google+ WhatsApp ok.ru