“İnsanların haqqını öz azadlıqları bahasına qoruyan oğullarını müdafiə etməyən bir xalqın azad gələcəyi ola bilməz”

Son vaxtlar AİP-in həbsdə olan lideri Mövsüm Səmədova və bütövlükdə islamçılara qarşı təzyiqlər getdikcə güclənməkdədir.
 
Qeyd edək ki, Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, saxta ittihamlarla - hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub. 2014-cü il sentyabrın 18-də Mövsüm Səmədov 11 saylı Cəzaçəkmə Müəssisəsindən 12 saylı müəssisəyə köçürülüb. Həmin gün ona 5, daha sonra 7 sutkalıq “karser” cəzası verilib. Oktyabrın 9-da isə Qaradağ Rayon Məhkəməsi Mövsüm Səmədovun 2 il müddətinə qapalı cəzaçəkmə mərkəzinə keçirilməsi, yəni 12 saylı müəssisədən Qobustan həbsxanasına köçürülməsi haqda qərar çıxarıb. Bu qərar ölkə dindarlarının, ziyalıların böyük narahatlığına və narazılığına səbəb olub.
 
Maide.az-ın məlumatına görə, AİP-in qadınlar şurasının sədri Növrəstə İbrahimova bu məsələ ilə əlaqədar İslamınsesi.org-a müsahibə verib.
 
-Növrəstə xanım, hacı Mövsümə qarşı təzyiqlərin güclənməsini hansı amillərlə əlaqələndirirsiniz?
 
-Hacı Mövsüm hansı niyyətlə həbsxanaya salınıbsa, bu gunki təzyiqlər də  həmin niyyətdən irəli gəlir. Amma son zamanlar təkcə Azərbaycanda yox, demək olar ki, dünyanın hər yerində müsəlmanlara təzyiqlər güclənib. Bu baxımdan böyük təəssüf hissi ilə deməliyəm ki, islamafobiya təkcə Qərb ölkələrində deyil, Azərbaycanda da zaman-zaman özünü sərt şəkildə biruzə verir.
 
Unutmaq lazım deyil ki, dünyada baş verən hadisələr, qalmaqallar, müsəlman dünyasında dayanmadan axıdılan qanlar eyni bir mərkəzdən idarə olunur və bu hadisələri, onları törədən səbəbləri AİP sədri qabaqcadan görürdü. Lakin bir çoxları kimi sakit dayanıb hadisələri kənardan seyr etmirdi. Gələcək təhlükələr barədə xalqı xəbərdar edir, hamını qara qüvvələrə qarşı mübarizəyə səsləyirdi.  Onun tutulmasında bu amillər böyük rol oynadı. Bu məsələ böyük siyasətin kiçik bir halqası idi. Hacının bu qüvvələr üçün “gəzən və danışan təhlükə“ olduğunu yaxşı dərk edənlər hakimiyyətə təzyiqlər göstərərək onun həbs olunmasına nail oldular. Onlar Hacıya göz açmağa imkan vermədilər. Çünki Hacının işlətdiyi ifadə, tutduğu yol, amal, məqsəd bunlara artıq bəlli idi.
 
Hacının niyyəti isə pak niyyətdir. Xalqını firavan yaşayan və haqqın yanında görmək istəyir.  Hacı Mövsüm deyirdi ki, bizim müharibəmiz erməni, yəhudi ilə  deyil, Allahın düşmənləriylədir. Nahaq yerə təcavüz edənlər, zülmə yol verənlərlədir. Lakin onun həbs olunmasına fətva verənlər sonradan gördülər ki, azadlıqdan məhrum etməklə bu “təhlükəni zərərsizləşdirə” bilməyiblər.
 
Hacının cəza çəkdiyi yeri dəyişdirdilər. Mərkəzdən uzağa göndərdilər. “Karserə” saldılar, Qobustan kimi ən ağır şəraitli yerə göndərməyə qərar verdilər.  Onlar bu yolla, təzyiq göstərməklə onu həm mənəvi, həm də cismani baxımdan susdurmağa çalışırlar.  Bəlkə Hacı bu təzyiqlərin qarşısında geri çəkilsin, daha danışmasın, dinməsin. Amma hamı bilir ki, o bu yoldan dönməyəcək. Hacı da bu psixoloji narahatlıqlara görə, haqqın qabağında susmasın deyə aclıq elan edir, dərmanlarını qəbul etmir, oz sağlamlığı bahasına etiraza davam edir.
 
Mən məhkəmə zamanı sözümü sədrimizə çatdıraraq yalvarmaq istəyəcəkdim. Ona demək istəyirdim ki, Hacı, özünü məhv etməyə çalışma, bu təzyiqlər səni susdurmaq üçündür. Çalış ki, bunlar səni susdurmasınlar. Hacının cəza yerinin dəyişdirilməsində digər amillər də çox ola bilər. Amma düşünürəm ki, Hacını bu təzyiqlərlə birdəfəlik susdurmaq istəyirlər. Amma onlar bilməlidir ki, hacı  Mövsüm öz məqsədinə doğru addımını atanda,  Allahın qabağında niyyət edib ki, mən haqq yolunda hayqıracam, həmişə sözümü deyəcəyəm.  Onu susdurmaq da yalnız bizi yaradan Allaha məxsus olacaq. Böyük Yaradan o günü bizə göstərməsin. Amma Hacını başqa yolla susdurmağa nail olsalar  bilsinlər ki, onun yolunu davam edənlər var.
 
Mən onlara çatdırmaq istəyirəm ki, Allaha bir can borcumuz var. Ya Allahın düşməninin əlində öldük, şəhid olduq, və ya öz əcəlimizlə dünyamızı dəyişdik, bizim üçün fərq etməz.  Amma biz şəhidliyi şərəfli yol olaraq dərk ediriksə, belə ölüm bizə baş ucalığıdır. 
 
Yazıqlar olsun o kəslərə  ki, insanların aclıq, səfalət içində olmasına biganə yanaşır, öz haqlarını tələb etmək üçün ayağa qalxmırlar. Bu gün Azərbaycanın heç bir mənəvi dəyərinə, milli kökünə yaraşmayan pozğunluq baş alıb gedir. Bu, dinə qarşı ardıcıl hücumların məntiqi nəticəsidir. İnsan haqlarını öz həyatları, azadlıqları bahasına qoruyanları müdafiə etməyən bir xalqın heç vaxt azad gələcəyi ola bilməz.
 
-Hacı Mövsüm Səmədova və digər islamçı məhbuslara qarşı yol verilən haqsızlıqlara etiraz etmək üçün islamçılar mitinq keçirmək qərarına gəliblər. Bu məsələyə münasibətiniz.
 
-Bu qərarı düzgün hesab edir və dəstəkləyirəm. Mən böyük məmnuniyyətlə bu aksiyada iştirak edəcəm. Mən baş verənlərə görə öz vicdanım qarşısında narahatam və o aksiyada da iştirak etmək niyyətindəyəm. Bütün müsəlman xanımları, Azərbaycanda yaşayan hicablı, hicabsız, fərq etməz, hamını bu mitinqlərə dəvət edirəm. Bütün vicdanlı insanlar bu aksiyalara qatılmalıdır.

Google+ WhatsApp ok.ru