“İŞİD-ın yaradıcısı da, inkişaf etdirəni də, guya bu gün mübarizə aparanı da ABŞ-dır”

 “Fürsət düşmüşkən, bir çağırış olaraq demək istəyirəm - QMİ sədri ölkənin içərisində bir sülh missiyası yerinə yetirərək bu gün həbsdə olan inanclı insanların vəziyyəti ilə maraqlanıb, onların durumunun daha da kəskinləşdirilməsinin qarşısını alsın”

 

Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu “Yeni Müsavat” redaksiyasının qonağı olub. O, Azərbaycan və İslam dünyasında gedən proseslərlə bağlı bir sıra suallarımızı cavablandırıb.

- İlqar bəy, son yazılarınızı Azərbaycandakı siyasi dustaqlara həsr eləmisiniz. Adətən dini maarifləndirmə, ictimai-siyasi proseslər barədə yazırsınız; ancaq bu dəfə siyasi dustaqlar mövzunuz oldu. Səbəb nədir?
- Ürəyimizdən gəlməyən, lazım bilmədiyimiz mövzulardan yazmırıq. Belə yazılar adətən ictimai məsuliyyət dərk edərkən yazılır. Hesab elədim ki, bu gün ölkədə gedən ictimai-siyasi proseslərlə bağlı biz də ortaya mövqe qoymalıyıq...
- Bu qədərmi narahatsınız?
- Bəli. Bu ölkədə İntiqam Əliyev kimi bir insanın həbs edilməsi qırmızı xəttin keçilməsi deməkdir. Azərbaycanda faktik hüquqşünaslıq baxımından İntiqam Əliyevin etdikləri fövqəl dərəcədə çoxdur. O, ölkədə böyük bir məktəb yaradıb. Bu gün Azərbaycanın istər hakimiyyət düşərgəsində, istər müxalifət cəbhəsində, istərsə də müstəqil olan hüquqşünasların, hətta onların elitasının hocasıdır. Onun belə asanlıqla həbs edilməsi, “bədən”in immun reaksiyasının özünü göstərməməsi normal deyil.
- “Bədənin immun reaksiyası” dedikdə cəmiyyətin müqavimət gücünümü nəzərdə tutursunuz?
- Bəli, söhbət cəmiyyətdən gedir. Bu, son dərəcə narahatlıq yaradan bir durumdur. Ona görə də mən bu haqda yazmağı vacib bildim. İkinci yazı isə inanclı mühit haqqındadır. İnanclı mühit bir ailədir. Yanaşmalarımızdan, metodolojilərimizdən asılı olmayaraq inanclı mühitdə olan hər kəsi biz ailə üzvümüz sayırıq. Onların başına gələnlər bizim üçün çox önəmlidir. Bu gün bizim həbsxanada olan ailə üzvlərimizin heç bir əsas olmadan yerlərinin dəyişdirilməsi, “kars”a salınması, qapalı yerlərə köçürülmələri, vəziyyətlərinin daha da ağırlaşdırılması adekvat deyil. Biz bu məsələlərə səssiz qala bilməzdik. 
- Bu gün cəmiyyətin inanclı kəsiminin durumu ümumilikdə necədir?
- Çox narahat. Hacı Mövsüm Səmədovun, Hacı Abgül Süleymanovun, Hacı Tale Bağırzadənin, Hacı Seyid Fəraməzin və digər əzizlərimizin həyatı və vəziyyəti ilə bağlı ciddi narahatlıq keçririk.
- Demokratik müstəvidə, müxalifət düşərgəsində baş verənləri də yəqin izləyirsiz. Lakin Müsavat Partiyasının qurultayında iştirak etmədiz. Səbəb nə idi?
- Bu dəfə Müsavat Partiyası qurultaya qonaqlar dəvət etməmişdi. Bizim bu partiyanın rəhbərliyində yetərincə dostlarımız var. Bilirdik ki, bu rəsmi qərardır və həm yer problemi, həm də gündəlikdəki məsələlərin çoxluğu ilə bağlıdır. Hesab etdik ki, dostlarımıza qurultaylarını rahat keçirmək haqqını tanımaq gərəkdir. 
- Qurultaydan bu yana Müsavat Partiyasında baş verən proseslər daxili siyasətin əsas mövzularından biridir. Bu barədə də yazmaq istərdinizmi? Yaxud, burada deyəcəkləriniz varmı? 
- Ölkənin ictimai-siyasi həyatına, vətəndaş cəmiyyətinə aid olan bütün mövzular bizim üçün prioritetdir. Müsavat Partiyası son dərəcə ciddi mövzudur. Hər şeydən öncə İsa Qəmbər özü oyun qaydalarına sadiqliyini göstərdi. Bu, Azərbaycanın siyasi həyatı üçün son dərəcə önəmli nümunədir. Qurultay çox maraqlı keçdi. Müsavat Partiyasında yaşananlar təkcə partiyanın özü üçün deyil, ümumilikdə demokratik mühit üçün çox önəmli hadisələrdir. Əsas odur ki, Müsavat yaşayır, fəaliyyət göstərir. Partiya o zaman qələbə qazanır ki, onun daxilində ciddi, açıq siyasi proseslər gedir. Çox təəssüf, bu Azərbaycan üçün unudulmuş bir situasiya idi. Dostlardan biri deyirdi ki, bizdə hansı partiyanı qurursunuz, qurun, axırda “KPSS” alınır. Məncə, proseslər partiyaların “KPSS”-dən çıxmasına doğru hərəkət edir. Bütün bunlar müsbət tendensiyalardır.
- Gündəmdə olan maraqlı xəbərlərdən biri Hacı Allahşükür  Paşazadənin gələn il Nobel Sülh Mükafatı namizədliyinə təklif edilməsidir. Bu məsələyə baxışınız necədir? Azərbaycanda dini cameəni təmsil edən bir şəxsin Nobel mükafatı namizədləri arasında olması ölkədəki inanclılar üçün pozitiv olaydırmı?
- Nobel Sülh Mükafatı namizədliyi məsələsi siyasiləşmiş prosesdir. Bu məsələdə pərdəarxası siyasi proseslərin təsiri daha çox olur. Ancaq Azərbaycandan kimlərinsə Nobel mükafatına təqdim olunmasını müsbət qiymətləndirirəm. Bir müddət öncə yazıçılarımızın da adı Nobel ödülünə namizədlər arasında hallanırdı. Fürsət düşmüşkən, bir çağırış olaraq demək istəyirəm - QMİ sədri ölkənin içərisində bir sülh missiyası yerinə yetirərək bu gün həbsdə olan inanclı insanların vəziyyəti ilə maraqlanıb, onların durumunun daha da kəskinləşdirilməsinin qarşısını alsın.  Bu ölkə üçün ən faydalı işlərdən biri olar.
 
 
- Hacı, siz adətən ölkədə keçirilən mitinqlərdə müşahidəçi kimi, insan haqlarının müdafiəçisi kimi iştirak edirsiniz. Oktyabrın 12-də müxalifətin mitinqi olacaq. Hər hansı bir mandatla həmin mitinqə gedəcəksizmi?
-  Ölkədə sərbəst toplaşmaq azadlığının təmin edilməsi çox önəmli məsələdir. Siyasi partiyaların mitinqlər, piketlər keçirməsi ən təbii məsələlərdəndir. İştirakımıza gəlincə, biz adətən anons vermirik. Yəqin ki, 12 oktyabr mitinqinə gedib-getməyəcəyimizlə bağlı qərarımızı durumu dəyərləndirərək qısa zamanda verəcəyik. Söhbət şəxsən mənim iştirak edib-etməyəcəyimdən gedir. Ümumilikdə isə, bayaq dediyim kimi, siyasi partiyaların onları narahat edən məsələlərə etiraz bildirmək üçün kütləvi aksiyalardan yararlanması ən təbii prosesdir. İstənilən ölkədə siyasi proseslər demokratik məcrada yürüməyəndə ölkə düzgün olmayan, cəmiyyətə xeyir verməyən istiqamətdə inkişaf edir.
 
- Bir müddət öncə “İŞİD” abriviaturası ilə bağlı mediaya müraciət edərək terror qruplaşması haqqında danışarkən “İslam dövləti” ifadəsini işlətməməyə çağırmışdınız... Bunun nəticələrini sormayacağıq. Lakin bir məqama dair fikrinizi almaq istərdik: Dünya İŞİD-ə qarşı mübarizəsini mərkəzləşdirdikcə, sanki İŞİD daha da genişlənir. Türkiyə üzərindən də çox ciddi bir oyun oynanılır. Nələr baş verir?
- Bu gün şüurlu şəkildə, sistemli formada, islamafobiyanın tərkib hissəsi kimi Qərb mediası, xüsusən ABŞ mediası bu məsələni gündəmdə saxlayır. “İslam” sözünün bu terrorçu, təhrirçi, vəhabi qrupu ilə bir yerdə tələffüz olunmasında Qərbin qarşıdurma ideoloqları və texnoloqlarının xüsusi bir israrı var. Mən bunu təsadüfi saymıram. Hesab edirəm bu illərlə ictimai rəydə İslama qarşı olan savaşın bir başqa mərhələsidir. Qərbdə İslama böyük bir qərəz var. Qərb intellektualları çox ciddi şəkildə İslama gəlməkdədirlər. Qərb bu prosesi bir neçə onillər üçün yubatmaq yollarını axtarır. Ona görə də “İslam” sözü İslamın məntiqinə tam zidd olan məsələlərlə assosiasiya olunur. Azərbaycanın daxilində islami kimlikli, özünə müsəlman kimi sayğı duyan media qurumları bu durumun fərqindədir. “Yeni Müsavat” və bu prinsipə əməl edən digər media quruluşlarına təşəkkür edirik. Əslində bu hər bir müsəlman üçün önəmli bir mövzu olmalıdır. Türkiyəyə gəlincə, çox təəssüf, İslam ümmətinin müəyyən mənada flaqmanlığını etməyə layiq olan Türkiyə çox kiçilib və çox ciddi səhvlər buraxmaqdadır.
 
- Konkret hansı səhvləri nəzərdə tutursunuz?
- Ən böyük səhv bir-birini inkar edən, impulsiv hərəkətlər edilməsindədir. Bu gün Türkiyə hansı mövzu ilə bağlı addımlar atırsa, sabah  o mövzunu Türkiyənin özünə qaytaracaqlar. Bu proses aydın görünür. Bir az da açıq deyim. Bir zamanlar cənab Ərbakan Orta Doğudakı bütün müsəlman dövlətlərini zəiflətmək, sıradan çıxarmaq prosesinin getməsi haqqında xəbərdarlıqlar etmişdi. O proqnoz doğrulub. İndi Qərbin qarşıdurma ideoloqları və texnoloqları İslam dünyasında rahat ələ ala bilməyəcəyi sonuncu ölkələri də sıradan çıxarmaq üçün çalışırlar. İranla bağlı durum hər zamankı kimidir. Çalışırlar. Ancaq İraq, Suriya məsələlərinə görə İran nisbətən arxa plana keçib. Ərbakan onu da demişdi ki, Suriyadan sonra növbə Türkiyəyə çatacaq. Bu gün o Türkiyənin əli ilə onun qonşularına qarşı bir sıra hərəkətlər edilir. Türkiyənin əli ilə bu hərəkətlərə legitimlik qazandırılır. Sabah həmin “legitim” hərəkətləri Türkiyənin daxilində edəcəklər. İraqın daxilində İŞİD  xərçəngə çevrilib və yayılmaqdadır. Prosesi genişləndirərək onun uzun müddət çözülməməsi üçün hər vasitəyə əl atılır. Ortada qəribə bir mənzərə var. İŞİD-i Qərb yaradıb, o, ABŞ-ın projesidir və Buş dönəminin mirasıdır. Bir müddətdən sonra guya bu qurum nəzarətdən çıxıb. Ondan sonra onunla mübarizəyə başlamaq üçün guya bir koalisiya qurulub. Koalisiyanın “haranı vurması” məsələsi gündəmə gətiriləndə o “cocuğa” deyirlər, hərəkət elə, biz də ardınca gələk. Belə çıxır ki, bu proje sabah asanlıqla Türkiyənin içərisinə yeridiləcək və koalisiya ora da daxil olacaq. Şahmatda bir termin var – “vəhşi top”. Harada olmasından asılı olmayaraq o topu udmaq olmur. İndi İŞİD-dən də bir “vəhşi top” yaratmaq istəyirlər. Onu sabah haraya yönəldəcəklər, daha dəqiqi, haranı bombalayacaqlar, o, bəllidir. Onsuz da Türkiyənin daxilində çox ciddi bir problem var idi – PKK məsələsini nəzərdə tuturam. Bütün qonşularla “0 problem” deyən Türkiyə iqtidarı Suriya başda olmaqlar, bir neçə qonşu ilə problemləri maksimal həddə çatdırıb. Bu gün İraqda baş verən bir çox məsələləri sabah Türkiyənin daxilində qaynadacaqlar. Mən bu mənada çox narahatam. Hesab edirəm ki, Türkiyə toplumunun daxilində yaşananlarla bağlı ciddi narahatlıq var. Amma bu narahatçılığın siyasi proseslərə təsir etmək imkanı yoxdur. Ümumi olaraq deyə bilərik ki, bu gün Türkiyə iqtidarı ortaya çox pis performans qoymaqdadır. Bu səbəbdən AKP iqtidarı illər öncəki o rəğbətdən, böyük sayğıdan məhrum olub.
 
- Bəs, təklifiniz nədir?
- Türkiyə böyük dövlət olduğunu unutmamalıdır. Bu oyunlarda öz yerini xüsusi olaraq dərk eləməlidir, Suriyadan sonra sıranın ona gələcəyinin fərqində olmalıdır. İŞİD-lə bağlı Türkiyə iqtidarının mübarizə konsepsiyası olmalıdır. Çox təəssüf, bəzən bunun tam əksi müşahidə olunur, hətta az qala İŞİD-ə bəraət qazandırmaq cəhdləri olur. Türkiyə unutmamalıdır ki, bu təkfirçi vəhabi təfəkkürü ona, eyni zamanda əhli-beyt yolçularına qarşı yaradılıb. Bu düşmənçilik tarixdən bugünə davam edir. Türkiyə bu vəziyyətdə öz tarixi missiyasını yetərincə hiss etmir, o təkfirçiləri özünün strateji düşmənləri kimi görməyi unudub. Bəzən AKP-nin İŞİD-i müttəfiq kimi görmək işartıları da sezilir.
- Bu məsələdə İran-ABŞ anlaşmasının əldə edilməsi ehtimalları da var, sanki. İran mesaj verib ki, Qərb İŞİD-i vurarkən Əsəd rejimini dəyişməməlidir. Burada ABŞ-Türkiyə-İran üçgəninin ortaq hərəkət etməsi prosesi gözlənilirmi? Sizcə, bu, İŞİD problemini çözmək üçün effekt verə bilərmi? Ümumiyyətlə İŞİD-i hərbi əməliyyatlarla məhv etmək mümkündürmü? Yoxsa, bu bəzilərinin də iddia etdiyi kimi, terror yox, sünni hərəkatıdır?
- Dərhal deyim ki, İŞİD-in sünni cameəsinə aid edilməsini bizim əziz sünni qardaş və bacılarımız üçün təhqir hesab edirəm. Hər bir islami kimliyi olan şəxs bunun fərqindədir. Bu, İslama heç bir bağlılığı olmayan, insanlığa qarşı bir projedir. İŞİD-ə qarşı hər hansı koalisiya yaradıb mübarizə aparmaq cəhdlərinin özü şübhəlidir. Çünki onun yaradıcısı da, inkişaf etdirəni də, guya bu gün mübarizə aparanı da ABŞ-dır. Hədəfləri guya səhv seçib dinc əhalini, İraq ordusunu məhv edən də ABŞ-dır. Bu, artıq keçilmiş oyundur. Dünya bu oyunu İraqda, Əfqanıstanda keçib. Çox təəssüf, ABŞ-da dəyişiklik olmadı. Prezident Obama mahiyyətcə prezident Buşu daha qeyri-səmimi formada təkrar edir. Buş heç olmasa deyirdi ki, mənim müsəlmanlara qarşı missiyam var, mənə “ilham verilib”. Ona görə də düşünürəm ki, hər hansı müsəlman ölkəsi bu koalisiyada yer almamalıdır. Regiondakı müsəlman ölkələrinin bu məsələdə vahid stratejisi olmalıdır. Türkiyə, İran, Misir, digər ərəb ölkələri bu stratejinin hazırlanması üçün danışıqlara başlamalıdır. Bu məsələdə ümumi mövqe sərgilənməlidir. Bu gün ABŞ-ın oyun qaydalarını qəbul etməyənlərə dərs verilir. Son dərəcə təhlükəli proseslər gedir. Ancaq dünya dəyişib. Yeni situasiyada müsəlman ölkələri öz yerlərini, öz güclərini düzgün dəyərləndirməlidirlər, heç kimin oyununa getmədən, heç bir maraqlı tərəfin təşəbbüsünün iştirakçısı olmadan öz strategiya və taktikalarını qurmalıdırlar.
 

 

Google+ WhatsApp ok.ru