“Belə şərtlərlə Azərbaycanda gələcəyim ola bilməz”

“Xorvatiya millisini təbrik edirəm. Hesab oyuna görə oldu. Bir komanda sona qədər mübarizə aparır, digəri isə buna fiziki baxımdan hazır deyildi”. 

 

Maide.az "apasport"a istinadən bildirir ki, bu sözlər Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsa məxsusdur. Yığmamız az öncə 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsində Xorvatiya ilə qarşılaşdı. Osiyek şəhərində baş tutan görüşdə qapısından 6 cavabsız top buraxan komandamızın almaniyalı çalışdırıcısı oyundan sonra təşkil olunan mətbuat konfransında biabırçı məğlubiyyətin səbəblərini açıqlayıb.

“Komandam 3 gündən bir oynaya bilmir. Klublar Avroliqada oynadıqdan sonra fasilə edirlər. Bu da yığma üzvlərinə təsir göstərir. Menecerim AFFA ilə əlaqə saxlayacaq. Belə şərtlərlə mənim Azərbaycan yığmasında gələcəyim ola bilməz”, - deyə Foqts bildirib.

- Xorvatiyalı jurnalistlər 5 müdafiəçi ilə oynadığımıza görə bizə gülürdülər. Bu qədər ultramüdafiə nəyə lazım idi?

- Yəqin ki, xorvatiyalı jurnalistlər dünya çempionatına baxmayıblar.

- Cinahlarda Xorvatiya yığması çox güclü idi. Siz isə onlara qarşı oynaya bilmədiniz...

- Futbolçulara cinahlarda rəqibə qarşı yaxın oynamağı tapşırmışdım. Təəssüf ki, biz passiv müdafiə olunduq. Bizdə rəqibə yaxın oynamağa son dəqiqələrə kimi güc qalmır. Ona görə də bu alınmır.

- Siz özünüzdə günah görmürsünüzmü?

- Artıq 20-ci dəqiqədən sonra bizdə güc qalmamışdı. Biz azərbaycanlı futbolçuların yaxşı oynadığını görmüşük. Amma bu gün alınmadı. Mən bu gün futbolçulardan az səhv etmişəm.

- Sonuncu mətbuat konfransında demişdiniz ki, 6-7 il əvvəl İtaliyaya 0:6 hesabı ilə yenilərdik. Bu məntiqlə Xorvatiyaya 6-7 il əvvəl 10:0 hesabı ilə uduzardıq.

- Əgər 6 il əvvəl 2 oyun arasında 3 gün fərq olsaydı, yəqin ki belə olacaqdı.

- Mahir Şükürovla Vaqif Cavadov bu oyunda kimdən əskik idi?

- Bu suala cavab vermək istəmirəm. Onlar İtaliyaya qarşı bəlkə oynayardılar, amma bu matçda yox.

Google+ WhatsApp ok.ru