“London” taksiləri kütləvi şəkildə cərimələnir- VİDEO

Şirkət 500-dən çox “badımcan” maşını gömrük qeydiyyatından keçirmədiyi üçün Dövlət Gömrük Komitəsinin meydançasında saxlanır; sürücülər “qan ağlayır”
 
Bakıda “London” taksiləri cərimə meydançasına aparılırlar. Bu maşınlar gömrükdə avtomobil qeydiyyatından keçmədiyinə görə onları cərimələyirlər. Hələ bir müddət əvvəl başlanan bu proses indi də davam edir. Əslində “London” taksi xidməti fəaliyyətə başladığı gündən başı üzərində “qara buludlar” dolaşır.
 
İndiyə qədər sürücülərin problemləri birmənalı şəkildə həllini tapmır. Bir yandan gündəlik planın ağırlığı, o bir yandan əmək haqlarının azlığı, digər tərəfdən isə taksilərin gömrük qeydiyyatına alınmadığı üzə çıxması sürücüləri çətin vəziyyətə salıb. 
 
Belə məlum olur ki, nəqliyyat naziri Ziya Məmmədov ölkə ərazisinə gətirdiyi “London” taksiləri dağlıq-qayalıq yollarla gətirilib. Əgər bu avtomobillər gömrük qeydiyyatından keçməyibsə, 2012-ci ildən bəri ölkə ərazisində necə hərəkət edib? 
 
Sürücülərin sözlərinə görə, onlar “Bakı Taxi” MMC ilə müqavilə bağlayıb, xidmət göstəriblər. Lakin bu taksilərin gömrükdə qeydiyyatdan keçmədiyindən xəbərsiz olublar. Odur ki, taksilər qəflətən saxlanılır, cərimə meydançasına aparılır, qeydiyyatdan keçirilirlər. 
 
Bakıda son vaxtlar “badımcan” taksilərinin seyrək görünməsi, sayının azalması da məhz sadalanan hallarla bağlıdır. Üstəlik, şirkət bu günə qədər marşrut avtobuslarında sürücü axtarışı elanlarını davam etdirir. Bu da öz növbəsində sürücülərin tələb edilən şərtlər altında işləyə bilməyib, taksilərdən imtinasının nümunəsidir. “Bakı Taxi” MMC də sürücü axtarmaqdadır. 
 
“Biz hotellərə gələn xarici qonaqların hesabına işləyirik. Onlar olmasa, gündəlik planı çıxarmaq da olmaz. Hər gün bir şey kəşf eləyirlər. Day bilmirlər ki, necə bizi incitsinlər. İndi də sayca 500 maşını bir-bir cərimələyirlər. Deyirlər ki, bu maşınlar qeydiyyatdan keçməyib. Bu necə işdir başım çıxmır. Bəs, indi bunların yadına düşüb?  Taksi şirkəti də özlərinin, cərimələyən də özləri,” - deyə “London” taksi sürücüsü Fətulla belə deyir. 
 
Onun sözlərinə görə, bu taksilərin cərimələnməsi yuxarı səviyyədə iki məmur arasındakı “toqquşma”nın nəticəsidir: “Hamı bilir ki, gömrük və nəqliyyat sahələri necə işləyir, nəzarət kimdədir. Bir-biri ilə yola getmirlər, çanaq başımıza sınır. Birincisi qanunsuzluq ediblər ki, taksilər ”rastamojka" olunmayıb.  İkincisi də, indi qanunla işləmək yadına düşüb". 
Sürücülərin dediyinə görə, hazırda 500-dən çox taksi gömrük işçiləri tərəfindən yığılıb və Dövlət Gömrük Komitəsinin cərimə meydançasında saxlanılır. Dövlət qeydiyyat nişanı 500-dək olan taksilərin gömrük qeydiyyat rüsumu ödənilib, ondan yuxarı isə “rastamojka”dan keçməyib:
 
“Gömrük rüsumu üçün ”Bakı Taxi" MMC 6 milyon manatdan çox pul ödəməli idi. Məsələ ondadır ki, taksilərə gömrük rüsumu ödənilmədən dövlət qeydiyyat nişanı verilmişdi. Guya ki, şirkət maşını olduğundan güzəşt edilib. Anaq sonradan rüsum ödənilmədiyi üçün belə bir vəziyyət yaranıb".
 
Qeyd edək ki, bir müddət əvvəl bu məlumat yayılanda şirkət təkzib etmişdi. Reallıq isə göstərir ki, taksilərin cərimə meydançasına aparılması halları davam etməkdədir. musavat.com /

Google+ WhatsApp ok.ru