Şüşə sədd aradan qalxmayıb. Ali Məhkəmə şikayətə baxacaq

Məhbus jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin işi üzrə Ali Məhkəməyə verilmiş şikayətə noyabrın 12-də baxılacaq.
 
Pərviz Həşimlini ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi tutub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satmada və qaçaqmalçılıqda təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin bu qərarından apellyasiya şikayəti verilib.
 
İyulun 7-də Bakı Apellyasiya Məhkəməsində şikayət üzrə ilkin iclas keçirilib. Pərviz Həşimlinin müdafiəçiləri işə məhkəmə istintaqı qaydasında baxılmasını istəyiblər, amma bu istək təmin edilməyib, işə məhkəmə istintaqı aparılmadan baxılması qərara alınıb. Nəticədə jurnalistin müdafiəçiləri Ali Məhkəməyə şikayət ediblər. Şikayətdə onlar Ali Məhkəmənin Bakı Apellyasiya Məhkəməsində Pərviz Həşimlinin işinə məhkəmə istintaqı aparılması yolu ilə baxılmasına qərar verilməsini xahiş ediblər.
 
Oktyabrın 31-də Pərviz Həşimlinin vəkili Fariz Namazov “Media forum” saytına deyib ki, Ali Məhkəmə şikayətə noyabrın 12-də baxacaq və Bakı Apellyasiya Məhkəməsində proses də yalnız Ali Məhkəmənin qərarından sonra bərpa olunacaq. 
 
Fariz Namazov Pərviz Həşimlinin ailəsi ilə görüşündə şüşə sədd probleminin də indiyədək həllini tapmadığını söyləyib. Bakı İstintaq Təcridxanasında saxlanan və ailə üzvləri ilə yalnız şüşə arxasından görüşə bilən jurnalist ona ailəsi ilə açıq görüş verilməsi üçün bir neçə dəfə müxtəlif instansiyalara müraciət edib. Sentyabrın əvvəllərində o, məsələ ilə bağlı ədliyyə naziri Fikrət Məmmədova da müraciət etmişdi. Vəkil Fariz Namazov “Media forum”a bildirib ki, bu müraciətlər nəticə verməyib, Pərviz Həşimli ailəsi ilə hələ də şüşə sədd arxasından görüşə bilir. 
 
Vəkil məhbus jurnalistin səhhətindən şikayəti olmadığını söyləyib, qeyd edib ki, Pərviz Həşimlinin hazırda əsas istəyi onun məhkəmə şikayətlərinə obyektiv baxılması, eyni zamanda şüşə sədd probleminin aradan qaldırılmasıdır.

Google+ WhatsApp ok.ru