“İmam Hüseyn (ə) məktəbinin dini-fəlsəfi dəyəri” mövzusunda elmi-praktik konfrans keçirilib

BMM də AİP Qadınlar Şurasının təşəbbüsü ilə “İmam Hüseyn (ə) məktəbinin dini-fəlsəfi dəyəri” mövzusunda elmi-praktik konfrans keçirilib.
 
 AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova toplantını Bəqərə surəsinin 177-ci ayəsinin tilavəti ilə açaraq Məhərrəm günləri ilə əlaqədar konfrans iştirakçılarına başsağlığı verdi. Natiq şəhidlər ağası  İmam Hüseyndən (ə) misal gətirərək  zəmanənin Hüseynləri olan İslam məhbuslarını dəstəkləməyi, onların azadlığı uğrunda yorulmadan mübarizə aparmağı bütün dindarlara tövsiyə etdi.
 
AİP lideri Mövsüm Səmədovun xanımı Mehparə Səmədova konfransnümayəndələrini  salamlayaraq " Hicaba qarşı təzyiqlər "mövzusunda hazırlanmış klipi iştirakçılara təqdim etdi.
 
Mehparə xanım ölkəmizin 20 faiz ərazisinin işğal altında olmasını, Qarabağın erməni tapdağı altında əzilməsini xatırladaraq, bunun səbəbini xalqın bir yumruq kimi, eyni əqidə ilə İslamın bayrağı altında birləşə bilməməsi ilə əlaqələndirdi.
 
O, dindarların öz yaşam və davranışları ilə dünya həyatını əsas tutan insanlardan fərqlənməsinin vacibliyini vurguladı, özünü Əhli-Beyt məktəbinin davamçıları hesab edənlərin təzyiqlər qarşısında susmasının yolverilməz olduğunu diqqətə çatdırdı:
 
“Biz vicdanımızın səsinə qulaq asaraq cəmiyyətin mənəvi sağlamlığını, insanların rifahını düşündükləri üçün azadlıqlarını itirmiş vicdan məhbuslarına dəstək olmalıyıq.”
 
Leyla Bağırova İmam Hüseyn(ə)qiyamında xanim Zeynəbin(s) misilsiz  rolunu xatırladaraq, absurd ittihamlarla həbs olunan günahsız məhbuslara qarşı təzyiqlərin səngimədiyini dilə gətirdi, onların ailələrinin bu Xanımdan örnək götürdüklərini, haqq yolunda sınaqlara məruz qalan həyat yoldaşlarına dəstək olduqlarını və onlarla birgə mübarizə apardıqlarını qeyd etdi. Leyla Bağırova hacı Abgül Süleymanovun xanımının konfras iştirakçılarına salamlarını çatdıraraq çıxışını onun sözləri ilə yekunlaşdırdı:
 
” Zalımlar bizim göz yaşlarımıza şahid olmayacaqlar. Onlar bizim susmağımızı görməyəcəklər.”
 
Tamara Axundzadə gunahsız həbs olunan dindarların cəmiyyətə nümunə olan mübarizliyindən danışdı. Hazırda həbsdə olan həyat yoldaşı Ruhullanın  cəmiyyətdəki haqsızlıqları dilə gətirdiyinə görə, silah saxlamaq kimi saxta ittihamlarla həbs olunduğunu, məhkəmə zallarında hakimlərin sifarişli hökmlər çıxararaq zalımların xidmətində dayandığını qeyd etdi.
 
Gəncə ziyalı qadınlar təşkilatının sədri Ayna xanım müstəqilliyin 22-ci ilində, tolerantlıq mühitindən ağızdolusu danışıldığı indiki vaxtda İmam Hüseyn (ə) əzadarlarına qarşı təzyiqlərin  hələ də davam etməsini qanunsuzluğun zirvə nöqtəsi kimi dəyərləndirdi:
 
” Dindarlara hər cür təzyiqlər, basqılar var. Məscidin qarşısında mərsiyə oxumağa belə icazə verilmir.  Dindarlar polis dəyənəklərinin altına salınır. Qadın və uşaqlara belə fərq qoyulmadan şiddət tətbiq edilir.  Lakin bütün bunlar bizim dindarları,  gənclərimizi mübarizədən çəkindirmir.”
 
Nərgiz Qadınlar cəmiyyətinin sədri Səidə Səmədova İmam Hüseyn məktəbinin elmi -fəlsəfi əhəmiyyətini açıqlayaraq Məhərrəmlik həqiqətlərinin əzadarlıq məclislərindən kənara çıxmasını, bu barədə maarifçilik işlərinin gücləndirilməsinin vacibliyini qeyd etdi.
 
Konfransın sonunda bəyanat qəbul edildi.
 
Bəyanatda deyilir:  "Artıq bir neçə gündür ki, qondarma ittihamlarla şərlənərək azadlıqdan məhrum edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müxtəlif Cəzaçəkmə Müəssisələrində saxlanılan və hal-hazırda məhbus həyatı yaşayan Hacı Mövsüm Səmədova,  Hacı Abgül Süleymanova və Hacı Taleh Bağırova qarşı zorakılıq və əsassız bəhanələrlə karsa salınma və müxtəlif növ təzyiqlərlə cəzalandırma halları geniş vüsət alaraq, onların sağlamlığına və həyatına təhlükə yaradacaq son həddə çatmışdır. 
Bildiyiniz kimi  bu üç dəyərli ilahiyyatçı alimimiz: Hacı Mövsüm Səmədov, 2011-ci ilin yanvar ayının 7-də həbs olunaraq 12 il müddətinə, Hacı Abgül Süleymanov 2011-ci ilin avqust ayının 11-də həbs olunmaqla 11 il müddətinə, Hacı Taleh Bağırov 2013-cü ilin mart ayının 31-də həbs olunaraq 2 il müddətinə azadlıdan məhrum etmə cəzasına məhkum edilmişlər. Çox təəssüf hissi ilə qeyd edirik ki, Azərbaycan xalqının və müsəlman dünyasının bu inanclı və dəyərli oğulları öz əqidələrinə və cəmiyyətdə olan haqsızlıqlara öz etiraz səslərini ucaltdıqlarına görə şərlənərək həbs olunublar və bu artıq heç kəsə sirr deyildir. Belə ki, özlərini müsəlman sayan və bir tərəfdən müsəlmanların müqəddəs günlərini qeyd edib xalqına səbr diləyən bir sıra hakimiyyət nümayəndələri, digər tərəfdən müqəddəs Məhərrəm ayında müsəlmanların içində sayılıb-seçilən islami dəyərləri, elmi, əxlaqı və ədəbi ilə tanınan, öz xalqının azadlığı uğrunda öz azadlığından keçən bu şəxslərə qarşı qərəzli rəftar etməklə yanaşı, xalqın gözündə özlərini müsəlman və ədalətli bir şəxslər kimi görsənməyə çalışırlar. Amma, tarix bunu da xatırladır ki, məzlumiyyətdə, zindanda, sürgündə olmalarına baxmayaraq haqq əhli həmişə qalib və izzətlidir. Aşura məktəbi bunu vurğulayan ən müqəddəs məktəbdir. Bəli, hər gün Aşura və hər yer Kərbəladır.
Necə ki, Qurani Kərim buyurur: «Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qayıdacaqlar» (Şüəra surəsi 227).
Biz, bu inanc sahiblərinin ailələri və onlarla həmrəy olan dindarlar, habelə AİP qadınlar şurası, «Əsgər analarına dəstək» İB-yi, «Fatimə» qadın heyəti, «Nərgiz» qadınlar cəmiyyəti, AİP gənclər təşkilatı, «Ruqəyyə» qadın icması, «Zeynəbiyyun» qadınlar cəmiyyəti, «İffət» qadınlar cəmiyyəti və digər təşkilatlar tərəfindən keçirilən bu konfransın nəticəsinə əsasən, son zamanlar günahsız yerə həbsdə olan hicab məhbuslarına qarşı baş qaldıran təzyiqlərə kəskin etirazımızı, həmçinin əgər onlara qarşı qərəzli surətdə yeridilən təzyiq və repressiyalara son qoyulmayacağı və tezliklə azadlıqları təmin olunmayacağı təqdirdə onlara dəstək və tərəfdar olmağımızla bağlı müxtəlif növlü etirazlarımızı davam etdirəcəyimizi bildirməklə, aşağıdakı tələblərlə bəyanat veririk:
1. Hacı Mövsüm Səmədova, Hacı Abgül Süleymanova və Hacı Taleh Bağırova, habelə burada adları çəkilməyən başqa günahsız dindarlara qarşı edilən zorakılıqlara və repressiyalara son qoyulsun.
2. Onlar günahsız olduqları üçün azad olunsunlar, müvafiq dövlət orqanları bunun icrasını təmin etsinlər.
3. Bəyanatın surəti Azərbaycan Respublikasının Prezidentinə, “Yunesko” və “Isesko”nun xoşməramlı səfiri, “H.Əliyev” fondunun prezidenti M.Əliyevaya, Azərbaycan Respublikası Milli Məclisinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, İslam Konfransı Təşkilatına, Beynalxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətinə, Avropa Şurasına, Avropa İnsan Hüquqları Məhkəməsinə, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün ölkələrin səfirliklərinə göndərilsin."

Google+ WhatsApp ok.ru