“Dəmir yolu kənarındakı 883 ev təcili sökülməlidir” - “Azərbaycan Dəmir Yolları”ndan AÇIQLAMA

“Artıq neçə ildir qanunsuz tikilən evlərin siyahısı Nəqliyyat Nazirliyinə təqdim olunub. Hökumət nə vaxt qərar versə, o vaxt köçürülmə və söküntü işlərinə başlanılacaq. Söhbət dəmir yolunun xüsusi mühafizə zonasında və təhkim zolağında, həmçinin dəmir yollarının sanitariya-mühafizə ərazisində yerləşən qanunsuz tikililərdən gedir”.

Bunu Modern.az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

O qeyd edib ki, söküntü işlərinin başlanmasına “Azərbaycan Dəmir Yolları” QSC  qərar vermədiyindən gözləmə mövqeyindədirlər:

“Siyahıda 2840 obyektdir, bunun da 883-ü təxirə salınmadan sökülməlidir. Yerdə qalanlar hissə-hissə söküləcək. Amma bununla bağlı Nazirlər Kabineti nə qərar versə, onu icra edəcəyik, biz icraçıyıq”.

Nadir Əzməmmədov deyib ki, söküləcək yerlərin siyahısında Keşlə qəsəbəsinin “Şanxay” deyilən ərazisi, Biləcəri və bəzi stansiyaların kənarları, Ağstafanın bəzi kəndlərinin adı da var: “Öncə müəyyən olunacaq ki, dəmiryolu xətti harada, neçə metr aralı olmalıdır. Tam dəqiqləşdikdən və qərar verildikdən sonra yaxın olanlardan başlamaqla söküntü işlərinə start veriləcək”. /

 

Google+ WhatsApp ok.ru