“Azərbaycan Dəmir Yolları” və İsveçrə şirkəti arasında 5 ədəd ikimərtəbəli qatarın alınması üzrə saziş imzalanıb

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında KİSS markalı 5 ikimərtəbəli qatarın alınması üzrə saziş imzalanıb.
 
İlk 2 qatar iyun ayında Azərbaycana gətiriləcək. Digər üç qatarın isə 2016-cı ilin yanvarınadək ölkəyə gətirilməsi nəzərdə tutulub.
 
 “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, yeni qatarlardan bütün vətəndaşlar istifadə edə biləcək.
 
C.Qurbanovun sözlərinə görə, ilk olaraq qatarlar “Koroğlu” metrosu ilə Bakı sərnişin vağzalı (28 May metrostansiyası) arasında işləyəcək.
 
“Oyunların bir çox hissəsi ora yaxın olduğundan bu qərara gəldik. Amma sonradan bu qatarlar Sumqayıt yolunda da istifadə olunacaq. Biz sürəti artırandan sonra gələcəkdə biz rayonlarda da istifadəsini nəzərdə tutmuşuq. Bu Gəncə, Xaçmaz ola bilər”- deyə qurum sədri bildirib.
 
C.Qurbanov əlavə edib ki, müqavilənin ümumi dəyəri 60-70 mln. avro civarındadır. Müqavilənin şərtlərinə görə, qatarların dəyəri 20 illik kreditlə ödəniləcək. 
 
Qeyd edək ki, qatarların hər biri 4 vaqondan ibarətdir. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes sinfinə aiddir. 

Google+ WhatsApp ok.ru