Əfvlə bağlı inamımız çoxdan getdi, amma ümidlərimiz qalır

“Qurtuluş günü”ndə əfv olacağı ilə bağlı günlər öncədən gəzən söz-söhbətlər özünü doğrultmadı. Göründüyü kimi, may və iyun aylarında əfv sərəncamı verilmədi. Çoxları hesab edirdi ki, Avropa Oyunlarının keçiriləcəyi müddətdə və iyunun 22-də AŞPA-nın yay sessiyasında Azərbaycanla bağlı olacaq dinləmələrə görə “Qurtuluş günü”ndə əfv olacaq. Amma bu, baş verdi.
 
Hüquq müdafiəçilərinin əfvlə bağlı ümidləri isə bitmir. Onlar hesab edirlər ki, yay fəslində mütləq əfv olacaq. İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu vaxtını bilməsələr də, mütləq əfv olacağını dedi: “Əvvəldən demişdim ki, əfv olacaq. Yenə fikrimin üzərində qalıram. Amma vaxtı bizə də məlum deyil. Siyahılarımızı vermişik, nəticələri gözləyirik. Günü ilə bağlı heç nə deyə bilmərəm. Ümid edirik ki, yaxınlarda olacaq. Siyasi məhbusların hamısını buraxacaqlar. Sadəcə, bir az səbir etmək lazımdır. İndiyə qədər əlimizdən gələni etmişik, yenə də edəcəyik. Əfvlə bağlı inamımız çoxdan getdi, amma ümidlərimiz qalır”.
 
İşçi Qrupunun üzvü təzyiqlərlə hakimiyyət qarşısında nəticə qazanmağın mümkünsüz olduğunu söylədi: “Təzyiqlə heç nə olmur. Biz, artıq bu qənaətə çoxdan gəlmişik. Bu cür təzyiqlər həbsdə olan məhbusların vəziyyətini daha da ağırlaşdırır. Bunu əminliklə deyirəm. Buna görə çalışırıq ki, danışıqlarla nəticələr qazanaq. Beynəlxalq təşkilatlara sözsüz ki, təşəkkür etmək lazımdır. Çünki siyasi məhbus məsələsini daim gündəmdə saxlayırlar. Amma Azərbaycana təzyiq etməsinlər. Hakimiyyətə qarşı təzyiq ediləndə, həbsdəkilərin vəziyyəti daha da ağırlaşır. İsveçrə səfirliyi danışıqlarla Emin məsələsini həll etdi. 6-7 ay idi ki, səfirlik danışıqlar aparırdı. Hakimiyyətlə danışdıqlarını bilirik. Çünki biz də prosesin içərisində idik”. 
 
Hüquq müdafiəçisi RATİ rəhbəri Emin Hüseynovun ölkədən çıxarılmasında rollarının olduğunu da qeyd etdi: “Emin bəylə bağlı çoxlu danışıqlar oldu. Əsasən, biz aparırdıq. Nəticəsi də göz qabağındadır. Artıq o, ölkədən çıxarılıb. Biz çox çalışdıq. İşçi Qrupunun bu məsələdə xidmətləri çoxdur. İsveçrə səfirliyinin də əməyi çox oldu. Bu məsələdə səfirliklə mütəmadi əlaqələrimiz oldu. Danışıqlarımız hər an davam edirdi...”musavat/

Google+ WhatsApp ok.ru