“Hafka” Ziya Məmmədovu hədələyib

Hafiz Məmmədov həbs olunacağı halda nazir və oğlu haqda şok açıqlamalar verəcəyini bildirib

Həbs təhlükəsinə görə Azərbaycanı tərk edən “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun ölkəyə dönməsinin pərdəarxası məqamları barədə “Azadlıq”a ilginc məlumatlar daxil olub.
 
Məlumatları təqdim etməmişdən əvvəl yada salaq ki, Hafiz Məmmədov Beynəlxalq Banka külli miqdarda kredit borcuna görə həbs olunmaq təhlükəsilə üzləşmişdi. Hətta bəzi məlumatlara görə, Hafiz Məmmədov ölkəni tərk edəndən sonra barəsində həbs-qətimkan tədbiri də seçilib.
 
Bəs necə oldu ki, həbs təhlükəsilə üz-üzə olan Hafiz Məmmədov Azərbaycana döndü? Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, iş adamının heç nədən çəkinməyərək ölkəyə dönüşündə nəqliyyat naziri Ziya Məmmədovun böyük rolu olub. Bildirilir ki, Hafiz Məmmədov “Bank of Azerbaican” üçün götürdüyü kreditlərin məsuliyyətini nəqliyyat nazirinin üzərinə qoyub. Iş adamı sözügedən bankı Ziya Məmmədovun oğlu Anar Məmmədovun idarə etdiyini əsas gətirərək kreditlərə də məhz onun cavabdeh olduğunu nazirin diqqətinə çatdırıb. Hətta Hafiz Məmmədovun bu məsələyə görə nəqliyyat nazirini hədələdiyi də iddia olunur. Məlumatlara görə, Hafiz Məmmədov Ziya Məmmədova bildirib ki, əgər onunla bağlı problemi yoluna qoymasa birgə gördükləri bütün qara işləri, həmçinin Anar Məmmədovla bağlı bildiyi faktları açıqlayacaq. Hafiz Məmmədovun həbs olunacağı təqdirdə şok açıqlamalar verə biləcəyindən ehtiyatlanan Ziya Məmmədov kredit borcunu ödəməyi öz üzərinə götürüb. Iddia olunur ki, nəqliyyat naziri bu barədə “yuxarılar”ı da məlumatlandırıb və Hafiz Məmmədovun həbs olunmamasını xahiş edib. Məhz bundan sonra iş adamı Azərbaycana geri qayıdıb.
 
Azpolitika.info da bu məsələ ilə bağlı maraqlı məlumat yayıb. Sayt yazır ki, mayın 18-də Nəsimi Rayon Məhkəməsində Hafiz Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilib. Lakin bundan iki gün əvvəl xəbərdə iş adamı hakimiyyətdəki dostlarının köməyilə dərhal ölkəni tərk edib.
 
Məlumatda deyilir ki, Hafiz Məmmədova barəsindəki həbs-qətimkan tədbirini dəyişdirmək elə də asan başa gəlməyib. Bunun üçün o, Monako knyazı əlahəzrət II Alberti Ilham Əliyevə minnətçi salıb.
 
Məlumata görə, knyaz II Albertlə yaxın dostluq əlaqələri olan Hafiz Məmmədov həbs xəbərini aldıqdan sonra Londona deyil, Monakoya uçub. Müflisləşmiş iş adamının bu cırtdan ölkəylə bağlılığı isə təsadüfi sayılmır.
 
Bəzi məlumatlara görə, kazino, qumar oyunlarının mərkəzlərindən biri sayılan Monakonun Monte Karlo şəhərində Hafiz Məmmədovun iri mülkü də var.
 
Bəzi mənbələr isə Məmmədovun kazino oyunlarına meylli olmasını əsas gətirərək, onun sərvətinin böyük hissəsini qumarda itirdiyini iddia edir. Hətta onun “Lans” klubunun prezidenti Cerve Martellə ilk dəfə Kanndakı qumarxanaların birində tanış olduğu qeyd edilir. Bu barədə məlumatı bir neçə il əvvəl Fransanın “Le Point” qəzeti yayıb. Həmin məqalədə bildirilirdi ki, Hafiz Məmmədov “Lans” klubunu almaq barədə qərarını 2012-ci ilin yayında verib. 24 ilə yaxın “Lans” klubunun prezidenti olan və 2012-ci ildə klubun ciddi maliyyə böhranı ilə üzləşməsindən sonra istefa verən Cerve Martellə Hafiz Məmmədovu lüks yaxtaların kirayəsini təşkil edən biznesmen tanış edib. “Le Point” yazır ki, Hafiz Məmmədov həmin biznesmenin ən yaxşı müştərilərindən biridir. Biznesmenin sayəsində tanış olan Hafiz Məmmədovla Cerve Martel 2012-ci ilin yayında Fransanın Kann şəhərindəki kazinoda görüşüblər və sair.
 
Bu baxımdan Hafiz Məmmədovun Monako knyazı əlahəzrət II Albertlə tanışlığının və dostluğunun da öz başlanğıcını Monte Karlonun elit kazinolarından götürdüyü istisna deyil.
 
Məlumata görə, Monakonun cəmi 5 idmançı ilə qatıldığı I Avropa Oyunlarının Açılış Mərasimində iştirak etmək üçün Bakıya gələn knyaz II Albert Azərbaycan rəhbərliyindən Hafiz Məmmədovla bağlı həbs-qətimkan tədbirinin dəyişdirilməsini də xahiş edib.(Azadlıq)

Google+ WhatsApp ok.ru