Ələt-Astara magistralında iki yük maşını toqquşub, ölən və xəsarət alan var

Lənkəranda ağır yol-nəqliyyat qəzası baş verib. Hadisə iyulun 15-də saat 14.30 radələrində Ələt-Astara magistralının 182-ci kilometrliyində - rayonun Qumbaşı kəndindən keçən hissəsində qeydə alınıb. İki ağır tonnajlı yük maşınının toqquşması nəticəsində sürücülərdən biri ölüb, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Qəzadan sonra magistral yol iki saatadək bağlı olub. Hadisə yerinə cəlb olunan yol polisinin əməkdaşlarının səyləri nəticəsində yolda nəqliyyatın hərəkəti bərpa olunub.
 
Ölən sürücünün meyiti isə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri tərəfindən deformasiyaya uğramış maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırmalara başlanıb.

Google+ WhatsApp ok.ru