“Siyasi Məhbuslarsız Azərbaycan” məhkəmə özbaşınalıqlarını pisləyir

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı ictimai- siyasi fəallara və onların ailə üzvlərinə qarşı həyata keçirilən son repressiyaları və məhkəmə hökmlərini pisləyən etiraz bəyanatı ilə çıxış edib. Bəyanatda deyilir; “Bir il öncə, 2014- cü ilin iyul- avqust aylarında hakimiyyətin vətəndaş cəmiyyəti fəallarına qarşı apardığı repressiya siyasəti açıq müstəviyə keçdi. Məhz həmin vaxt qondarma və külünc ittihamlarla tanınmış ictimai xadimlər- Leyla və Arif Yunuslar, İntiqam Əliyev, Rəsul Cəfərov və az sonra araşdırmaçı- jurnalist Xədicə İsmayıl həbs olundu. Onlarla QHT- nin əmlakına və bank hesabına həbs qoyuldu, rəhbərlərinə cinayət işi açıldı. Yay aylarında mövsümü qayğıların artdığı, siyasi fəallığın azaldığı dönəmdə hakimiyyətin ictimai- siyasi fəallara qarşı repressiya siyasətinin gücləndirməsi son illər ənənə halını almaqdadır. Hazırda da biz bu tendensiyanın şahidiyik. 22 iyul Milli Mətbuat günü ərəfəsində çox az saylı azad media orqanlarından biri olan, “Azərbaycan saatı” proqramının baş redaktoru Qənimət Zahidin qohumlarının şərlənərək həbs olunması ilə başlayan “yeni media repressiyası” dalğası “Meydan TV”- nin təsisçisi Emin Millinin timsalında davam etdi. Bundan öncə isə Azadlıq radiosunun əməkdaşı Yafəz Əkrəmoğlu və onun ailə üzvləri təzyiqlərə məruz qalmışdı. Oxşar ssenari başqa bir ictimai fəal, ölkədən didərgin salınmış keçmiş siyasi məhbus Rəsul Mürsəlovun ailə üzvlərinə qarşı da həyata keçirilib. Əslində 1937- ci il repressiyalarından irəli gedən bu tendensiya hakimiyyətin azad mediyaya, fərqli fikirə münasibətini ortaya qoymaqla həm də milli mənəvi dəyərlərə etinasızlığını nümayiş etdirirdi. Çünki hələ Sovet dövründə bolşeviklər ataya görə övladın, qohuma görə digər qohumun məsuliyyət daşımadığını bəyan etməklə bu köhnə, feodal düşüncə tərzindən imtina etmişdilər.
 
Hazırda siyasi passivliyin hökm sürdüyü yay aylarında məhkəmə önünə çıxarılan tanınmış hüquq müdafiəçisi Leyla Yunusun və onun həyat yoldaşı Arif Yunusun sağlıq durumunda olan, narahatlıq
 
doğuran ciddi məqamların mövcudluğu onların vəziyyətinin ağır olduğunu göstərir. Yunuslar ailəsinin məhkəməsinin qapalı keçirilməsi, ictimai siyasi fəalların, media orqanlarının məhkəməyə buraxılmaması onlara qarşı irəli sürülən ittihamların sübuta yetirilməsinin mümkünsüzlüyünü, saxtakarlığını, eyni zamanda Azərbaycanda totalitar idarəetmənin və düşüncənin hökm sürdüyünü göstərir.
 
Bu ilin fevral ayının 24- də Göyçayda həbs olunan, Cinayət Məcəlləsinin 221. 2- ci maddəsi ilə ittiham olunan hüquq müdafiçisi Taleh Xasməmmədov Göyçay rayon məhkəməsinin 22 iyul 2015- ci il tarixli hökmü ilə 3 il müddətinə cəzasını ciddi rejimli CÇM- də çəkmək şərti ilə azadlıqdan mərhum edilib. Məhkəmə zalında polis əməkdaşları hüquq müdafiəçisinin anası Gülbuta Xasməmmədovaya qarşı fiziki zorakalıq edib onu təhiq ediblər. Bununla da kifayətlənməyən Göyçay rayon polis əməkdaşları qabaqlayıcı tədbir görərək onlardan şikayət etmiş G. Xasməmmədovanı polisə müqavimətdə ittiham edərək onun haqqında cinayət işi qaldırmağa səy göstərirlər. Yerli ictimai fəallar və bir sıra hüquq müdafiə təşkilatları Taleh Xasməmmədovun həbsini Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin sifarişi ilə həyat keçirildiyini bildirirlər. Hüquq müdafiəçisinin son məhkəməsində rayon polis şöbəsinin rəis müavini Faiq İlyasovun rəhərliyi ilə polis əməkdaşlarının fəallıq etməsi, Taleh Xasməmmədovun üzünə durub ondan şikayətçi olmaları və sonda məhbusun ailə üzvlərinə qarşı fiziki zorakalıq edib onları hədələməsi bu sifarişin əsaslı olmasına dair ehtimalı artırır.
 
Qanunsuz həbs həyatı yaşayan REAL Hərəkatının sədri İlqar Məmmədovun azadlığa buraxılmasına dair Avropa Məhkəməsinin məlum qərarını və Avropa Şurası Nazirlər Komitəsinin çoxsaylı çağırışlarını yerinə yetirmək əvəzinə Azərbaycan hakimiyyəti onu həbsdə saxlamaqda israr nümayiş etdirir. Bütün bunlar az imiş kimi son zamanlar İlqar Məmmədova qarşı həbsxanada təzyiqlər göstərilir, hüquqları tapdanır. O, “cərimə otağı”-na salınır, öyrədilmiş dustaqların fiziki zorakalığına məruz qalır, yaxınları ilə telefon əlaqəsi saxlamaqdan mərhum edilir.
 
AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi Asif Yusiflinin ədalətsiz məhkəmə hökmü ilə bu yaxınlarda 7 il yarım azadlıqdan məhrum edilməsi hakimiyyətin qanunlara, Qarabağa və Qarabağ qazisilərinə olan sayqısız münasibətini bir daha ortaya qoydu.
 
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı hakimiyyətdən vətəndaş cəmiyyəti fəallarına və onların qohumlarına qarşı apardığı represiyaları dayandırmağı, həbsdə olan bütün siyasi məhbusları qeyd- şərtsiz azadlığa buraxmağı tələb edir”. /

Google+ WhatsApp ok.ru