“Kredit qalmaqalı” ilə bağlı yeni həbs dalğası başlayır

Bu dəfə Beynəlxalq Bankdan kredit götürən sahibkarları himayə edən məmurlar hədəfə gələcək

Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”na görə həbslərin yeni dalğası başlaya bilər. “Azadlıq”a daxil olan məlumata görə, krediti ödəmək şərtilə sərbəst buraxılmış sahibkarlar ödəniş edə bilmirlər. Problemli kreditlərlə bağlı rəsmi açıqlamalar da göstərir ki, həbslərin heç bir nəticəsi olmayıb.
 
Rəsmi açıqlamalarda iddia olunur ki, problemli kreditlərdə 43 milyon azalma var. Lakin təkcə Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”nda 6 milyard manat vəsaitdən söhbət gedirdi. Mümkündür ki, rəsmi açıqlamalarda bu məsələnin üzərinədən keçilir. O zaman bu sadəcə maliyyə böhranının fəsadlarını ört-basdır etməkdən başqa bir şey deyil.
 
Məlumat üçün deyək ki, təkcə iş adamı Hacı Ibrahim Nehrəmlinin Beynəlxalq Bankdan 850 milyon manat kredit götürdüyü iddia edilir. Iş adamı Nizami Piriyevin isə götürdüyü kreditin 1 milyard olduğu bildirilir. “Kredit qalmaqalı”na görə həbs edilən digər sahibkarların götürdüyü kreditlər də 100 milyon manatlarla ölçülür.
 
Məlumatlarda bildirilir ki, kreditlərin qaytarılmaması “yuxarılar”ın yeni həbs dalğasına start verilməsi barədə qərar qəbul etməsinə səbəb olub. Lakin növbəti dalğanın parlament seçkilərindən sonra həyata keçiriləcəyi bildirilir. Iddia olunur ki, bu dəfəki həbs dalğası Beynəlxalq Bankdan kredit götürən iş adamlarını himayə edən məmurları əhatə edəcək. Qeyd edilir ki, artıq onlarla bağlı siyahı hazırdır.
 
Yeri gəlmişkən, “Azadlıq” hələ ötən saylarında məlumat vermişdi ki, xüsusilə 7 məmur iri məbləğli kreditlərə zamin durub. Ölkə başçısı onlardan həmin kreditlərin qısa müddətdə qaytarılmasını tələb edib. Lakin hələ ki, kreditlər qaytarılmayıb. Bildirilir ki, kreditlərin qaytarılmaması sahibkarların həmin pulları biznesə yatırmaları ilə bağlıdır. Onlar bu pulların əvəzində bizneslərindən imtina etmək istəsələr də, “yuxarılar” bununla razılaşmayıb. Onlara bildirib ki, götürülən pulların əvəzində heç nə qəbul edilmir. Beləliklə, sahibkarlar və onların himayədarları yalnız pulları qaytaracaqları halda həbsdən qurtula bilərlər.

Google+ WhatsApp ok.ru