“Diplomatik qiyam” Məmmədyarovun karyerasını bitirir

XİN yeni diplomatik qalmaqalların ola biləcəyini anons etdi; Xarici siyasət sahəsində baş verənlərə rəğmən nazir hər hansı araşdırma aparmaq əvəzinə, narazıları işdən qovmaqla kifayətlənir; bu “siyasət” Azərbaycanın xaricdəki nüfuzuna ciddi zərbə vurur; E.Məmmədyarovun istefaya göndərilməsini ləngidən səbəb var... 

 

Son aylar Azərbaycan Xarici İşlər Nazirliyində baş verənlər dərin narahatlıq doğurur. XİN-də sanki “diplomatik qiyam” əhval-ruhiyyəsi hökm sürür. I Avropa Oyunlarının açılışı ərəfəsi İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında artıq sabiq hesab edilən daimi nümayəndəsi Arif Məmmədovun Bakıda yanan bina ilə bağlı facebook statusundan sonra başlamış qalmaqala daha biri əlavə olunub. 
 
Bu dəfə   Avstraliyadakı səfirliyimizin əməkdaşı Anar Həsənov XİN sistemindəki qanunsuzluqlar və korrupsiya faktları barədə açıqlama yayıb. XİN hadisəyə münasibət bildirib və şikayət edən şəxsin fəaliyyət müddətində xidmətdə yol verdiyi qüsurlara görə işdən qovulduğunu açıqlayıb: “Elmar Məmmədyarov öz xidməti vəzifəsinin tələblərini pozaraq təqdim etdiyim korrupsiya faktları ilə bağlı araşdırma aparılması ilə bağlı heç bir addım atmayaraq əvəzində mənim özümü hədəf seçib. O, rəhbərlik etdiyi quruma hesabat verən səfirlikdə baş verən korrupsiya əməllərinə məhəl qoymayaraq Rövşən Cəmşidovun (Avstraliyadakı səfir-red.) geri çağırılması əvəzinə həmin addımı mənə qarşı atmışdır”, -  deyə, ölkə rəhbərliyinə, müraciət edən diplomat ölkəyə qayıtmayacağına işarə edib. 
 
 
XİN  mətbuat xidmətinin sentyabrın 8-də yaydığı bəyanat da diqqətçəkəndir. Məlumatda deyilir ki, son aylar ərzində bir sıra bu kimi şəxslərin diplomatik xidmətdə fəaliyyətinə xitam verilib: “Avstraliyadakı səfirliyin keçmiş əməkdaşı Anar Həsənov da bu sıradandır. Bu kimi bəzi başqa əməkdaşlar da var ki, araşdırmalara əsasən onların da barəsində müvafiq intizam tədbirləri görüləcək. Maliyyə Nazirliyi və Hesablama Palatasının xətti ilə xaricdəki diplomatik nümayəndəliklərdə maliyyə təftişi və yoxlaması mütəmadi əsasda növbə ilə aparılır və bundan sonra da aparılacaq. Təəssüflər olsun ki, diplomatik xidmətə yararlı olmadığı təsbit edilən və xidməti qüsurlara yol vermiş şəxslər işdən azad olunduqdan sonra müəyyən məqsədlər güdərək yalan və böhtan xarakterli məlumatlar yayırlar”.
 
 
Məlumatda A.Həsənovun ölkəyə qayıtmaq istəməməsi haqda isə belə deyilir: “Diplomatik xidmətdə fəaliyyətinə xitam verilmiş şəxs harada yaşaması barəsində qərar qəbul etməkdə azaddır”.
 
Bu həm də o anlama gəlir ki, hələ XİN strukturunda bu cür skandallar davam edə bilər...
XİN-də kadr seçiminin bərbad durumda olması haqda əvvəllər də məlumatlar səslənirdi, amma son iki qalmaqal Elmar Məmmədyarovun rəhbərlik etdiyi xarici siyasət idarəsi kimi vacib bir strukturda “qiyam” kimi dəyərləndirilə bilər. Qeyd edək ki, A.Məmmədov qalmaqalından sonra mətbuatda hətta XİN daxilində hakimiyyətə qarşı “güclü müxalifətin” yaranması haqda da iddialar dərc olunub və E.Məmmədyarov ötən müddətdə bu xəbərlərə münasibət bildirməyib.
 
 
 Baş verənlərə rəğmən xarici işlər naziri hər hansı araşdırma aparmaq əvəzinə, xaricdəki diplomatları işdən qovmaqla kifayətlənir. Onun bu “siyasəti” isə Azərbaycanın xaricdə nüfuzuna ciddi zərbə vurur, diplomatlar hər hansı bir səbəblə ölkəyə qayıtmaq belə istəmirlər. Müstəqillikdən üzü bəri Azərbaycan diplomatiyasında bunca biabırçılıq görünməyib...  
 
E.Məmmədyarovun yerində olmaması barədə rəylər yeni deyil. Bu barədə rəyi xüsusən hakimiyyətdaxili prosesləri dərindən bilən deputat Qüdrət Həsənquliyev tez-tez gündəmə gətirir. Arif Məmmədovla bağlı qalmaqaldan sonra  Q.Həsənquliyev “Elmar Məmmədyarov yerində olmayan adamdır və nazirliyin işini qura, əməkdaşlarına nəzarət edə bilmir” deyə, münasibət bildirmişdi. A.Məmmədovla bağlı qalmaqal onun özünə qarşı yönəldi və o, səfirliyə ayrılan vəsaiti mənimsəməkdə ittiham edilir. 
 
 
Amma bu, E.Məmmədyarovu heç də məsuliyyətdən azad etmir, əksinə, səfirliklərin işinə nəzarət etmədiyi barədə rəyləri möhkəmləndirir. Avstraliyadakı səfirliklə bağlı korrupsiya faktlarına tələsik reaksiya, diplomatın işdən çıxarılması nazirin idarəetməsi haqda sualları daha da artırıb. Burdan belə nəticə çıxır ki, E.Məmmədyarov ya ümumiyyətlə,  səfirliklərə nəzarəti əldən verib, ya da onun özü də bu korrupsiya faktlarından xəbərdardır. Yeri gəlmişkən, artıq mediada xarici işlər nazirinin  şəxsi biznesi haqda iddialar artıb. Bildirilir ki, E. Məmmədyarovun paytaxt Bakıda, daha dəqiqi rəhbərlik etdiyi XİN-in inzibati binasının arxasında “Şirvanşahlar” adlı restoranı fəaliyyət göstərir. “Buranın başlıca müştəriləri isə dövlət məmurları, iri sahibkarlar və xarici qonaqlardır. Xarici İşlər Nazirliyinin xətti ilə ölkəmizdə səfərdə olan əcnəbilərin əksəriyyəti məhz bu restoranda dincəlir” deyə, “unikal” saytının xəbərində deyilir...
 
Biznes iddialarının nə qədər gerçək olduğunu deyə bilmərik, amma o faktdır  səfirliklərlə bağlı yaranmış vəziyyət  nazir üçün heç də yaxşı gələcək vəd etmir. 
 
Hakimiyyətdə, xüsusilə Prezident Administrasiyasında E. Məmmədyarovdan narazılıq böyüməkdədir. Ölkə prezidenti İlham Əliyevin yüksək etimadı sayəsində 2004-cü ilin aprelindən nazir olan E. Məmmədyarov şübhəsiz ki, indi diplomat karyerasının ən ağır günlərini yaşayır. Peşəkar diplomat diplomlu nazir son iki olayla rəhbərlik etdiyi XİN-ə  faktiki nəzarəti itirmiş təəssüratı yaradır. 
 
"Yeni Müsavat"ın məlumatına görə, dövlət büdcəsindən XİN-ə  ayrılan pulların ödənilməsində də gecikmələr yaranıb. Hətta bu səbəbdən XİN-ə bağlı bir sıra qurumların internet səhifələrinin də maliyyələşdirilməsi müşkülə çevrilib. Nəticədə ötən həftəsonu Azərbaycanın xaricdəki bir çox səfirliklərinin internet səhifələri fəaliyyətini dayandırıb. 
 
Xatırladaq ki, İ.Əliyev 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirədə çox sərt danışıb, XİN-in fəaliyyətini tənqid edib. Prezident bildirib ki,  Azərbaycanın xarici siyasəti ölkələrin bizə qarşı münasibətinə adekvat deyil. 
 
Gələn xəbərlərə görə, E.Məmmədyarovun istefaya göndərilməsi məsələsi çox ciddidir və artıq onu əvəzləyəcək əsas namizəd üzərində də müzakirələr gedir. Sadəcə, onun istefaya göndərilməsini ləngidən səbəb Qarabağla bağlı danışıqlardır. Çünki 12 ildir ki, E.Məmmədyarov bu danışıqlarda iştirak edir və müzakirə edilən ən xırda detalları belə bilir. Hazırda Qarabağ cəbhəsində vəziyyət gərgindir və bu gərginliyin Azərbaycandakı noyabr seçkilərinə doğru daha da artacağı gözlənilir. Üstəlik, vəziyyət o yerə gəlib ki, müharibə ehtimalı artıb. Bu səbəbdən də E.Məmmədyarovun mümkün istefası noyabr seçkilərindən sonraya proqnozlaşdırılır. 

Google+ WhatsApp ok.ru