“Azadlıq” radiosunun rəhbərliyi Azərbaycanda jurnalistlərin təqib olunmasını pisləyir

Sentyabrın 29-da “Azadlıq” radiosunun rəhbərliyi radio ilə əməkdaşlıq  edən  jurnalistlərin mənzillərində qanunsuz axtarışın aparılması ilə bağlı bəyanat yayıb.
 
Sənəddə xatırladılır ki, sentyabrın 26-da radionun Azərbaycan redaksiyasının əməkdaşı İslam Şıxəliyevin kirayə qaldığı mənzildə  axtarış aparılıb, onun kompüteri, videokamerası, mikrofonu, mobil telefonu, pasport  və digər sənədləri müsadirə edilib.
 
“Avadanlığı götürüldüyündən belə təəssürat yaranır ki, İ.Şıxəliyev jurnalist fəaliyyətinə görə təqib edilir”, - radionun baş redaktoru Nenad Pejiç bildirib.
 
“Polisin avadanlığı müsadirə etmək hüququ yoxdur, onlar dərhal avadanlığı geri qaytarmalıdırlar və İslama qarşı təqiblərə  son qoyaraq ona işləmək üçün imkan yaratmalıdırlar”, - Peyiç vurğulayıb.
 
Sentyabrın 28-də İ.Şıxəliyev prokurorluqda dindirilib. Ondan “Azadlıq” radiosunun fəaliyyəti, həmkarları və Facebook-dakı dostları haqda məlumat tələb ediblər.
 
Onun mənzilində axtarış zamanı İ.Şıxəliyevin dostuna məhkəmənin qərarı göstərilib. Qərara görə, axtarış vergidən yayınma ittihamının əsasında aparılıb.
 
Bundan öncə analoji ittihamlar “Azadlıq” radiosunun həbsdə olan əməkdaşı Xədicə İsmayılovaya,  bir sıra jurnalist və hüquq müdafiəçisinə qarşı irəli sürülmüşdü. Bu şəxslər Amerika qanunvericiləri, Avropa rəsmi şəxsləri, beynəlxalq hüquq-müdafiə qrupları tərəfindən siyasi məhbuslar kimi tanınıblar.
 
Həmçinin bəyanatda deyilir ki, ötən il dekabrın 26-da “Azadlıq” radiosunun Bakı ofisində axtarış aparılıb, avadanlıqlar müsadirə edilib, 20-dən çox işçi dindirilib, bank hesabları dondurulub.   Bir neçə jurnalist ölkəni tərk edib, qalanları qorxu içində yaşayır.
 
Azərbaycanın prokurorluq orqanları jurnalistlərin mənzillərində axtarışın aparılması, onların dindirilməsi və avadanlıqlarının müsadirəsinin səbəblərini şərh etmirlər.

Google+ WhatsApp ok.ru