Şəmkirdə 4 həftədir cümə namazına qadağa qoyulub - Video

Şəmkir sakinlərindən "Azadxeber"ə verilən məlumata əsasən, artıq 4 həftədir ki, rayonun məscidində cümə namazına qadağa qoyulub.
 
Həzrət Əli (ə) adına mərkəzi məsciddə qadağanın dəqiq səbəbləri məlum olmasa da, zahirdə buna səbəb olaraq seçkilər göstərilir. Şəmkirlilər bunun bəhanədən başqa bir şey olmadığını deyirlər. Sakinlər bildirir ki, əgər bu seçkiyə görədirsə, niyə hədəf məhz həmin məscid seçilib? Camaat bunun bəhanə olması və məsələnin arxasında başqa işlərin dayandığını iddia edirlər.
 
Digər bir iddia icma sədri Natiq Şıxəliyev ilə əlaqədardır. Belə ki, bu məsələlərdə günahkar onu bilirlər. Məlumata görə, kimsə durub etiraz etmək istədikdə, onu hədə-qorxu ilə susdururlar ki, "səni "yuxarı" şikayət edərik". 
 
Şəmkir inanclıları bildirir ki, artıq gündəlik namazlara gələnlərin də sayı getdikcə azalır: "Elə onların da istəyi budur. Biz daha bunların əlindən cana yığılmışıq, gör neçənci dəfədir ki, məscidə ibadətə gedirik, amma qıla bilmirik. Bu nə zülmdür?! Bizə kömək edən olmayacaq?! 
 
Digər bir Şəmkir inanclısı isə yazır: “Biz əziz ruhanilərimizə səsləndik. Onların bir neçəsi bizim səsimizə səs verdilər. Amma xahiş edirik onlara çatdırın ki, burda heç nə düzəlməyib, getdikcə vəziyyətimiz pisləşir. Belə getsə, məscidimiz boş qalacaq." 
 
Məsələ ilə bağlı Qafqaz Müsəlmanla İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovayla əlaqa saxlamağa çalışdıq. Lakin Rəhimə xanım çoxsaylı zənglərimizə cavab vermədi. Məlumat üçün bildirək ki, daim suallarımıza cavab verən R.Dadaşova son zamanlar bizim telefon çağırışlarımızı açmır. Səbəb isə məlum deyil.
 
Həmin məsciddən göndərilən video görüntüləri təqdim edirik.

Google+ WhatsApp ok.ru