“Quş qripi” ilə bağlı növbəti monitorinq keçirilir

“Quş qripi”nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir. Köçəri quşların payız miqrasiyası nəzərə alınaraq, noyabrın 2-dən növbəti monitorinq başlayıb. Monitorinq DBNX-nin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır.
 
DBNX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Həsənov bildirib ki, nəzarət tədbirinin köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi planlaşdırılır.
 
Ölkə ərazisində köçəri və ev quşlarına görə aparılacaq monitorinq zamanı götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq. Nəticələr isə noyabrın 13-də ictimaiyyətə açıqlanacaq.
 
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitə keçirilməli, heyvanlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, eləcə də heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır.
 
Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, hazırda “quş qripi” xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyin qoruyub saxlamaq üçün Dövlət Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirləri davam etdirir. azertac/

Google+ WhatsApp ok.ru