“Geomaqnit qasırğası proqnozu özünü növbəti dəfə doğrultdu”

Geomaqnit həyəcanının artacağı və müəyyən səviyyədə  geomaqnit qasırğasının yaranacağı ilə bağlı bir neçə gün öncə verilən proqnoz özünü doğruldub. Bu açıqlamanı AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev verib. 
 
Açıqlamada deyilir ki, noyabrın 2-də başlayan geomaqnit həyəcanı ayın 3-də qasırğaya dönüb. Noyabrın 4-də də davam edən orta səviyyəli G-1 sinifli (maksimum G5 olur) qasırğa noyabrın 5-dən səngiməyə başlayıb. Əsas geomaqnit indekslərindən olan Kp indeksi bu günlərdə  5-ə çatıb (maksimum 9 olur və adətən nadir hallarda baş verir) və yuxarı en dairələrində qütb parıltısı-avrora borealis müşahidə edilib.
 
Geomaqnit həyəcənı və qasırğaya səbəb açıq maqnit qüvvə xətlərinə malik Günəşdəki növbəti tac dəliyindən (coronal hole) başlanğıcını götürən yüklü zərrəciklərdən ibarət plazma küləyidir. Yer kürəsi tədricən Günəşdən “əsən” yüksək sürətli plazma küləyinin “ağuşu”ndan çıxdıqca geomaqnit həyəcənı da getdikcə zəifləyir.
 
Noyabrın 4-də Günəşdəki 2445 saylı aktiv regionda (AR) baş verən M-sinifli Günəş alışmasından sonra tac plazma kütləsi atılıb və zəif R1 sinifli radio sönməsi (radio blackout) müşahidə olunub.
 
Hazırda Günəş səthində 4 böyük aktiv region və 93 Günəş ləkəsi müşahidə edilir. 2443 saylı aktiv region çox böyük və geo-effektiv mövqeyə malik olduğu üçün (Günəşin görünən diskinin mərkəzində yerləşdiyindən), baş vermə ehtimalı 60% olan M-sinifli alışmalar törəndikdə Yerə təsiri daha çox olacaq.
 
Digər tərəfdən, planetlərarası maqnit sahəsi müvəqqəti olaraq cənub istiqamətini göstərir, Günəş küləyinin sürəti normadan bir az yüksəkdir (520 km/san). Bunların hər ikisi əlverişsiz faktlardır, zəif geomaqnit həyəcanının bu gün də davam edəcəyini göstərir. Hazırda Kp-nin qiyməti 2-yə bərabərdir (zəif həyəcan).(Turan)

Google+ WhatsApp ok.ru