“Səidin dəstəsi” işi üzrə prezidentə müraciət edildi: “Eldar Mahmudovun vaxtında...”

Həbsdə olan Səid Dadaşbəylinin və onunla birlikdə həbs olunanların – Emil Mehbalıyev, Fərid Ağayev, Mikayıl İdrisov, Cahangir Kərimov, Samir Qocayev, Rəşad Əliyev, Ceyhun Əliyev, Bəybala Quliyev və Rasim Kərimovun hüquqlarını müdafiə komitəsi, məhbus anaları dövlət başçısı İlham Əliyevə və milli təhlükəsizlik nazirinin I müavini, nazirin səlahiyyətlərini icra edən Mədət Quliyevə və baş prokurora müraciət ediblər.
 
Müraciətdə deyilir ki, “Səid Dadaşbəylinin qrupunun işi” adlanan bu iş MTN-in əvvəlki rəhbərliyi tərəfindən saxtalaşdırılıb və həmin şəxslər qurama ittihamlarla həbs olunub.
 
Eldar Mahmudovun və digərlərinin işdən azad olunmasının və bəzilərinin həbsinin onlarda bu işə ədalətlə baxılacağına ümid yaratdığını deyən əsgər anaları bildirir ki, onlar övladlarının nəhayət azadlığa buraxılmasını gözləyirlər.
 
Müraciətdə bildirilir ki, həbs olunan şəxslər 2007-ci il, yanvarın 13-də MTN-in Antiterror Mərkəzi tərəfindən restoranda, əyləncə mərkəzində, çayxanada, bəziləri də öz evlərində həbs olunaraq MTN-in təcridxanasına aparılıb: “Onların bəziləri bir-birini tanıyıb, bəziləri isə heç tanımayıblar. Bu cür süni şəkildə bir yerə yığılmış günahsız adamlara cinayət işi açaraq onları absurd ittihamlarla – Cinayət Məcəlləsinin 278-ci və digər maddələri ilə ittiham etdilər. Gənclərə qarşı dövlətə xəyanət, hakimiyyəti zorakı yolla ələ keçirmə, qanunsuz silah-sursat və narkotik maddə saxlama ilə bağlı (şahidsiz, sübutsuz, əsassız olaraq işgəncə verdilər, hətta toyuna bir ay qalan Emin Məmmədov işgəncə nəticəsində öldü) ittihamlar irəli sürüldü. Nəticədə onlar 12-14 il müddətinə azadlıqdan məhrum olundular.
 
Hər kəs dövlət çevrilişi olmadığını bildiyi halda ordusu, milyonları olmayan sıravi vətəndaşlar məhz bu ağır maddə ilə ittiham olunub. Bu cinayət işi sifarişli xarakter daşıyır. MTN-in Antiterror Mərkəzinin keçmiş rəhbərliyi isə bu sifarişi belə kobud, qeyri-professional icra edib.
 
Övladlarımızı “Hizbullah”, “Fəth”, “Həmas”, “Hizbi-Təhrir” dini təşkilatları ilə əlaqədə, hətta masonluqda ittiham etdilər. Guya oğullarımız da içində olmaqla 10 nəfər bir-birinə zidd olan dinlərə, təriqətlərə və təşkilatlara mənsub olublar.
 
Bir daha demək istəyirik ki, bizim balalarımız Bakının beynəlmiləl tolerant mühitində böyüyüb. Onlar dini-ekstremist ideyalardan tamamilə uzaq ola-ola sifarişli bir işin qurbanları olublar”.
 
Valideynlər övladlarının işi aparan hakim Ənvər Seyidov tərəfindən sabiq nazir Eldar Mahmudovun adına yazılmış məktubu da müraciətə əlavə edib: “Hakim heç bir araşdırma aparmadan ittihamı təsdiq etdi. Hətta axırda Eldar Mahmudovun  adına təbrik məktubu da göndərib xahiş etdi ki, Antiterror Mərkəzinin bu işin qurulmasında iştirak edən işçiləri mükafatlandırılsın. Fikrimizcə, iş materiallarında olan məktub həmin işin sifarişli və saxta olmasının açıq sübutudur”

Google+ WhatsApp ok.ru