“Azəriqaz” paytaxt əhalisini üsyana qaldırır

Qışın sərt üzü özünü göstərsə də paytaxtdakı yaşayış evlərinin isidilməsi ciddi problemə çevrilib. Buna səbəb “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin “Azəriqaz” Istehsalat Birliyinə 3 milyon manat borcu olmasındadır.
 
Noyabrın 15-dən verilməli olan istiliyin qarşısını alan səbəb budur. “Azəristiliktəchizat”ın Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev “Azəristiliktəchizat”ın “Azəriqaz”a borcu olduğunu təsdiqləyib: “Doğrudur, borcumuz var. Amma ”Azəriqaz”ın bilərək bu qədər gözləyib noyabrın 15-də bu borcu tələb etməsi, qazanxanalara verilən qazı kəsməsi doğru deyil. Bütün yayı harada yatmışdılar? Məhkəməyə verərdilər. Lap indi versinlər, problem də məhkəmə qaydasında həll olunsun. Hazırda qazı bağlayıblar, qazanxanalarımız işləmir. Ona görə də əhalinin çox hissəsinə istilik verə bilmirik”.
 
Əlbəttə, biz borcun ödənilməməsinin tərəfdarı deyilik. Amma hazırkı mövqe paytaxt sakinlərinin ciddi etirazına səbəb olub. Bu cür yanaşma nə dərəcədə düzgündür? Çünki istiliksiz qalan mənzillər ya elektrik enerjisi, ya da təbii qaz hesabına qızdırılır ki, bu da vətəndaşın daha çox xərcə düşməsi deməkdir.
 
Hüquqşünas Müzzəfər Baxışov bildirdi ki, bu çox ciddi məsələdir. Problemin “Azəristiliktəchizat”ın borcunu ödəməməsi üzündən yarandığını deyən M.Baxışov bildirdi ki, “Azəriqaz” inhisarçı şirkət olduğuna görə “Azəristiliktəchizat”a qaz verməkdən imtina edir: “Bu problemin yaranmasına daha bir səbəb ölkədə qanunların işləməməsidir. Istilik təchizatı Azərbaycanda yaşayan xaricilərin, vətəndaşların hüquqlarının təminatı məsələsidir. Bu proses mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Belə olan halda dövlət imkanlarından istifadə edərək ”Azəristiliktəchizat” birliyinə müəyyən vəsait ayırmalıdır ki, o, borclarını ödəsin. Bu iki dövlət şirkəti arasında müqavilənin şərtlərinin pozulması yalnız bu şirkətlərə aid deyil. Çünki bu məsələ paytaxt sakinlərinin də mənafeyinə toxunur. Hakimiyyət bu məsələyə müdaxilə etməli və “Azəristiliktəchizat”ın qazla təminatı üçün müəyyən tədbirlər görülməlidir”. azadliq /
 

Google+ WhatsApp ok.ru