“Sovetski”də 1093 yaşayış və qeyri-yaşayış obyektinin sahibinə bildiriş göndərilib

Nazirlər Kabinetinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” qərarı ilə əlaqədar Bakının “Sovetski” məhəlləsinin sakinlərinə bildirişlərin göndərilməsi prosesi başa çatır.

Bildirişlər Bakı şəhərinin Yasamal rayonu ərazisində Nəriman Nərimanov prospekti ilə Abdulla Şaiq, Lev Tolstoy, Əlibəy Hüseynzadə küçələri və Azərbaycan prospekti ilə Abdulla Şaiq, Çingiz Mustafayev və Süleyman Rəhimov küçələri arasındakı ərazidə 730, Nabat Aşurbəyova, Mirzə Fətəli Axundov, Çingiz Mustafayev və Bəşir Səfəroğlu küçələri arasındakı ərazidə 175, Cəfər Cabbarlı küçəsi ilə Balababa Məcidov küçəsinin kəsişməsindən Nəriman Nərimanov prospektinə qədər olan ərazidə 70 və Balababa Məcidov küçəsi ilə Nabat Aşurbəyova küçəsinin kəsişməsindən Süleyman Rəhimov küçəsinə qədər olan ərazidə 118 -  ümumilikdə 1093 yaşayış və qeyri-yaşayış obyekti ilə əlaqədar göndərilib.
 
Bildirişdə qeyd edilir ki, Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar dövlət əhəmiyyətli yolların və kommunikasiya xətlərinin çəkilməsi məqsədilə vətəndaşa məxsus olan daşınmaz əmlakın Nazirlər Kabinetinin 11 noyabr 2015-ci il tarixli 358 nömrəli qərarına uyğun olaraq dövlət ehtiyacı üçün alınması Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək. Bununla əlaqədar sakindən müvafiq sənədləri daşınmaz əmlakın dövlət ehtiyacı üçün alınması məqsədi ilə təşkil edilmiş İşçi Qrupuna qısa müddətdə təqdim etmək xahiş olunur.
 
İşçi Qrupu adından göndərilən bildirişdə xəbərdarlıq edilir ki, torpağın dövlət ehtiyacı üçün alınması haqqında qanunun 4-cü bəndinin birinci maddəsinə əsasən, sakinlərə məxsus daşınmaz əmlak razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə məhkəmə qərarı ilə məcburi qaydada kompensasiya ödənilməklə dövlət tərəfindən alınacaq.  
 
Qeyd edək ki, layihəyə əsasən Azərbaycan Milli Dram Teatrından Nəriman Nərmanov prospektinədək, “Nizami” metrostansiyasının yaxınlığındakı A. Məcidov küçəsi boyunca Nəriman Nərimanov prospektinədək, həmçinin Nabat Aşurbəyova, keçmiş Mustafa Sübhi küçəsi boyunca Təzəpir məscidinə qədər geniş yol qovşaqlarının və kommunikasiya xətlərinin tikintisi nəzərdə tutulub.(apa)

Google+ WhatsApp ok.ru