Əhalini soyuqdan donduran hökumət

Dövlət strukturları arasındakı borc davasının ziyanını əhali çəkir

Adətən, qış rejiminə keçidlə əlaqədar hər il noyabrın 15-dən  “Azəristiliktəchizat” paytaxt Bakıda və regionlarda evlərin, binaların, təhsil, səhiyyə müəssisələrinin, həmçinin digər sosial təyinatlı obyektlərin istilik təchizatıyla təminatını həyata keçirir. Lakin bu mövsüm hələ də bir çox yerlərdə istilik problemi həllini tapmayıb.
 
Dekabrın astanasında olsaq da, ölkə əhalisi soyuqla mücadilə etmək məcburiyyətində qalıb. Bunun səbəbi isə “Azəriqaz”la “Azəristiliktəchizat” ASC arasındakı çəkişmədir. Başqa sözlə, dövlətin iki strukturu arasındakı mübahisənin ziyanını əhali çəkir.
 
“Azəriqaz” iddia edir ki, “Azəristiliktəchizat”ın çox böyük məbləğdə borcu yaranıb. O borc ödənilməyincə, istilik verilməyəcək. “Azəristiliktəchizat” isə hazırda bu borcu ödəmək iqtidarında deyil.
 
Yaranmış vəziyyətdə əhali hansı addımı atmalıdır? Vətəndaşlar məsələ ilə əlaqədar müvafiq dövlət orqanlarını məhkəməyə verə bilərmi?
 
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Azadlıq"a  deyib ki, istehlakçılarla xidmət göstərən qurumlar arasında 90 faiz hallarda heç bir müqavilənin olmadığı ortaya çıxır. Belə olan halda isə, əhali həmin qurumlara qarşı heç bir iddia qaldıra bilmir. Təşkilat rəhbərinin sözlərinə görə, belə vəziyyətə düşməmək üçün istehlakçılar ilk növbədə sözügedən qurumlarla müqavilə tərtib etməlidir: “Müqavilənin şərtlərinə uyğun olaraq, həmin qurumlara qarşı iddia qaldıra, təzminat istəyə, digər hüquqlarını da tələb edə bilərlər. Əlbəttə ki, söhbət effektli məhkəmə sisteminin mövcud olduğu şəraitdən gedir”.

Google+ WhatsApp ok.ru