Əliyevin səfirləri geri çağırması nəylə bağlıdır?

Sülhəddin Əkbər: `Nazirliklərdə, dövlət strukturlarında baş verən bu hadisələr göstərir ki, dövlət idarəetməsində ciddi problemlər var`

Xəbər verdiyimiz kimi Ilham Əliyev bir sıra səfir və konsulların geri çağrılması ilə bağlı sərəncam imzalayıb. Həsən Zeynalov Türkiyənin Istanbul şəhərində Azərbaycanın baş konsulu və eyni zamanda Azərbaycanın Qara Dəniz Iqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. Geri çağrılan səfirlər arasında Tofiq Zülfüqarovun da adı var. T.Zülfüqarov ölkəmizin Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
 
Dövlət başçısının digər sərəncamları ilə Elxan Qəhrəmanov Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri postundan, Məmməd Əhmədzadə ölkəmizin Argentina və eyni zamanda Paraqvay, Boliviya, Çili, Uruqvay Şərq Respublikasında səfiri vəzifəsindən, Vəhdət Sultan-zadə ölkəmizin Türkmənistanda və eyni zamanda Əfqanıstandakı səfiri vəzifəsindən, Zakir Həşimov isə Azərbaycanın Qazaxıstandakı səfiri vəzifəsindən geri çağırılıb.
 
Bəs bu sərəncamlar nəyə xidmət edir? Sabiq səfir Arif Məmmədovdan sonra XIN-də təmizləmə əməliyyatının başlayacağı gözlənilən idi. Amma MTN olayı bu addımları bir qədər kölgədə qoydu. Digər tərəfdən XIN-dəki “təmizləməni” MTN hadisələri ilə əlaqələndirənlər də var.
 
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər "Azadlıq"a bildirib ki, nazirliklərdə, dövlət strukturlarında baş verən bu hadisələr göstərir ki, dövlət idarəetməsində, kadr siyasətində ciddi problemlər var: “Sonuncu sərəncam da bu problemlərin həlli istiqamətində atılan addımlardan, edilən cəhdlərdən biridir. Indi bu addım nə dərəcədə uğurlu olacağını zaman göstərəcək. Amma onu da bildirmək istəyirəm ki, hakimiyyətin apardığı kadr siyasəti yanlışdır və Azərbaycanın kadr potensialından səmərəli istifadə olunmur”.
 
S.Əkbərin fikrincə, kadrların seçilməsində vətənə bağlılıq, intelektual səviyyə və peşəkarlığa üstünlük verilməlidir. “Yoxsa bu kadr hansı tayfadandır, kimin qohumudur kimi kriteriyalar nəzərə alınmamalıdır. Əsas odur ki, millətə və dövlətə sədaqətli olsun. Bu olandan sonra həmin kadr hakimiyyətə də sədaqətli olacaq. Yox əgər kimsə şəxsi prinsiplə kadr seçirsə, bilməlidir ki, həmin kadr milli, dövləti maraqlarla deyil öz maraqları ilə hərəkət edəcək”, deyə S.Əkbər vurğuladı.

Google+ WhatsApp ok.ru