“Hakimiyyət belə cinayətkarcasına məsuliyyətsizliyə son qoymalıdır”

Milli Şura «Günəşli» faciəsində onlarla insanın ölümünə görə məsuliyyət daşıyanların cəzalandırılmasını tələb edir
 
Demokratik Qüvvələrin Milli Şurası “Günəşli” yatağında baş vermiş faciə ilə əlaqədar bəyanat yayıb. Bəyanatda deyilir ki, dekabrın 5-də Xəzər dənizindəki “Günəşli” yatağının 10-cu platformasında baş vermiş dəhşətli faciə bütün xalqımızı sarsıdıb. Qazsızma nəticəsində baş verən yanğında 32 nəfər neftçi həyatını itirib, 32 nəfər isə ağır və orta dərəcəli xəsarətlər alıb.
 
 
Korrupsiya və cinayətkarcasına səhlənkarlığın nəticəsi
 
“Böyük təəssüf və haqlı hiddət doğuran başlıca amil bu dəhşətli faciənin təbiət hadisəsindən daha çox məmur özbaşınalığı, korrupsiya, əlaqədar orqanların və şəxslərin cinayətkarcasına səhlənkarlığı, səriştəsizliyi və məsuliyyətsizliyinin ağır fəsadı olmasıdır. Faciə baş verəndən sonra məlum oldu ki, Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən idarə olunan dərin özüllərdə iş şəraiti xarici şirkətlər tərədindən çalışdırılan platformalarla müqayisəedilməz dərəcədə ağır və təhlükəlidir. ARDNŞ-in tabeliyində olan platformalarda elementar yanğın təhlükəsizliyi tələblərinə riayət olunmur, qazsızma hadisəsinin fəsadlarını aradan qaldırmaq üçün bütün dünyada neft və qazçıxarma sənayesində tətbiq edilən dərhal bloklanma sistemi mövcud deyil, neftçilər lazımi keyfiyyətədə və miqdarda hidravlik kostyumlar və xilasedici jiletlərlə təmin edilməyib, xilasetmə qayıqları (şlupkalar) müasir tələblərdən və təhlükəsizlik standartlarından çox geri qalır, platformalar yenədə təhlükəsizlik tələblərinə zidd olaraq onilliklər boyu təmir edilməyib və istismara yaralı vəziyyətdə deyil”, – deyə bəyanatda qeyd olunur.
 
O cür havada xarici şirkətlər işçilərini dənizə buraxmayıb
 
Bəyanat müəllifləri yada salır ki, hələ Günəşli yanğınından bir neçə gün əvvəldən metereoloji xidmət həmin günlər hava şəraitinin çox ağır və əlverişsiz olacağı barədə məlumatları Xəzərdə çalışan bütün neft şirkətləri rəhbərliyinə təqdim etmişdi. Məhz bu məlumatın nəticəsində xarici şirkətlər, hətta təhlükəsizlik şərtləri müasir standartlara uyğun olmasına baxmayaraq, idarə etdikləri platformalarda çalışan neftçiləri bir gün öncədən əvəzi ödənilməklə evə buraxıblar. ARDNŞ-in rəhbərliyi isə istismara yararsız və təhlükəsizlik tələblərinə uyğun gəlməyən 10-cu dərin özüldə çalışan işçilərini nəinki ağır hava şəraitində işdən azad etməyib, hətta bu, ağla və sağlam məntiqə sığmasa belə, həmin gün 10-cu platformaya 20 nəfərdən ibarət təmir briqadası da göndərib.
 
Neftçiləri FHN-in yox, BP-nin gəmisi xilas edib
 
Bəyanatda baş vermiş faciənin miqyasına görə Fövqəladə Hallar Nazirliyinin də məsuliyyət daşıdığı vurğulanır: “Günəşli” faciəsində çoxsaylı insan tələfatına görə ARDNŞ ilə bərabər, bu tələfatın qarşısını almaqda tamamilə aciz qalmış Fövqəladə Hallar Nazirliyi də hüquqi, maddi və mənəvi məsuliyyət daşıyır: “Fövqəladə Hallar Nazirliyi 11 xilasetmə gəmisi, bir neçə helikopteri ilə xilasetmə əməliyyatı həyata keçirdiyinin görüntüsünü yaratmağa çalışsa da, bu struktur bugünədək heç onlarla neftçinin cəsədinin dənizdən çıxarılmasına nail ola bilməyib. Dəhşətli faciədən yalnız möcüzə – ikinci xilasetmə qayığının platformanın dirəkləri arasında sıxılıb qalması nəticəsində qurtulmuş neftçilərimizi isəsonradan, Fövqəladə Hallar Nazirliyinin dövlət büdcəsinə onmilyonlarla vəsait hesabına başa gəlsə də, faktiki olaraq xilasetməyə yararsız olan gəmiləri və helikopterləri deyil, BP şirkətinə məxsus və bütün Azərbaycanda yeganə xüsusi texnologiya ilə təchiz olunmuş Müslüm Maqomayev nəqliyyat gəmisi xilas edib. Təyinatı üzrə səmərəli fəaliyyət göstərə bilməyən bu nazirlik, əslində, uzun illərdir Azərbaycan xalqının vəsaitlərini lazımsız və faydasız saytlara və qəzetlərəsərf etmək, orada Fövqəladə Hallar Nazirliyi və rəhbərliyinin təbliğatını aparmaqla faktiki olaraq, Mətbuat və Informasiya Nazirliyinə çevrilib”.
 
Hakimiyyət cavab verməlidir!
 
Milli Şura hesab edir ki, hökumət Azərbaycan xalqı qarşısında baş vermiş faciəyə görə hesabat verməli, ən mənfəətli sahə olmasına baxmayaraq, milyardlarla borcu olan ARDNŞ-nin bu qədər fantastik məsrəflər qarşılığında öz işçiləri üçün elementar təhlükəsizlik şəraiti yaratmamasına, istismara yararsız platformaların vaxtında təmir edilməməsinə, hava şəraiti imkan vermədiyi halda, neftçilərin fəlakətlə üz-üzə buraxılmasına, eləcə də böyük büdcə vəsaitlərinin ayrılmasına baxmayaraq, FHN-nin yarıtmaz fəaliyyətinə görə siyasi məsuliyyət daşımalıdır: “Milli Şura olaraq Azərbaycan siyasi hakimiyyətindən 32 vətəndaşımızın ölümünə, 32 nəfərin yaralanmasına səbəb olmuş bu böyük faciənin baş verməsinə yol açan korrupsiya faktlarına, səhlənkarlığa və səriştəsizliyə yol vermiş, neft və qaz hasilatında təhlükəsizlik qaydalarını pozmuş, xilasetmə işini vaxtında və keyfiyyətlə yerinə yetirməmiş ARDNŞ və FHN-in məsul şəxslərinin cinayət məsuliyyətinə cəlb edilməsini, hər iki strukturda mövcud vəziyyətin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilməsini tələb edirik. Hakimiyyət Azərbaycan vətəndaşlarının həyatı və təhlükəsizliyinə qarşı beləcinayətkarcasına məsuliyyətsizliyə son qoymalıdır”.azadliq.info /

Google+ WhatsApp ok.ru