Ət alarkən diqqətli olun!

Son həftə ərzində bir neçə dəfə mənşəyi bəli olmayan, istifadəyə yararsız heyvan ətini alıcılara satmaq istəyən şəxslər aşkarlanıb və məhsullar məhv edilib. İstehlakçıları belə məhsullardan mühafizə etmək üçün baytar nəzarəti həyata keçirilir. Mütəxəssislər xüsusi laboratoriyalarda ətin keyfiyyətini yoxlayaraq onun istifadəyə yararlılığını təyin edir.
 
Ət və ət məmulatları insanın qida rasionunun əsasını təşkil edən məhsullardandır. Müxtəlif heyvanların əti amin turşuları və A, B, C, E kimi vitaminlərlə zəngindir. Lakin bunula yanaşı ət məmulatlarının ziyanları da az deyil. Xüsusilə mənşəyi bəlli olmayan, baytarlıq nəzarətindən keçməyən məhsullar. Təəssüflər olsun ki, son zamanlar bəzi işbazlar belə məhsulları bazarda satmağa cəhd göstərir. Belə halların qarşısını almaq məqsədi ilə xüsusi laboratoriyalar yaradılıb. Bu laboratoriyalarda ətin bütün keyfiyyət göstəricilərini yoxlamaq mümkündür.
 
Lakin, bu, problemi tam həll etmir. Məsələ burasındadır ki, keyfiyyətsiz məhsulu alıcılara vermək istəyən şəxslər başqa yollara əl ata bilər. Məsələn onu ucuz qiymətə restoranlara verməklə. Bu halda iş qalır restoran sahibinin vicdanına. Amma bəzi hallarda ucuz qiymətli ətə satış məntəqələrində də rast gəlinir.
 
Mütəxəssislər xəbərdarlıq edir ki, qida məhsulları, xüsusilə ət alarkən onun baytar yoxlamasında keçib-keçmədiyinə diqqət yetirmək lazımdır. Bunu məhsulun üzərinə vurulan xüsusi möhürdən bilmək olar. O ki, qaldı ətin hansı heyvana məxsus olduğuna, bunu da təyin etmək üçün qəssablara xüsusi sənəd verilir.
 
Başqa bir məsələ isə yol kənarında satılan ət məhsullarıdır. Çox hallarda burada heyvan alıcının gözü qarşısında kəsilir və alıcıda onun keyfiyyətinə şübhə olmur. Lakin hər bir halda satılan məhsul baytar nəzarətindən keçməlidir ki, bunu da məntəqədə olan baytar həkimləri həyata keçirir. Yaxın zamanlarda Xaçmaz rayonunda yaradılacaq kəsim məntəqəsi isə ətin keyfiyyətinə nəzarəti daha da asanlaşdıracaq.(Region tv)

Google+ WhatsApp ok.ru