Əlində pulu olanlara iqtisadçıdan - Məsləhət

Beynəlxalq təcrübə göstərir ki, belə həssas vaxtda investorlar real iqtisadiyyatdan çəkilərək daha çox müəyyən əmtəələrə yatırım edirlər.
 
Bu sözləri iqtisadçı ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, hazırkı dövrdə investorlar passiv mövqe sərgiləməklə mövcud situasiyanı daha zərərsiz idarə etməyə çalışırlar:
 
"Məsələn, qızıl alışı aktivləşir. Məhz bu səbəbdən həmin ərəfədə qızılın qiymətində artımlar baş verir. Lakin Azərbaycanda situasiya bir qədər fərqlidir. Qiymət dünya bazarında müəyyənləşdiyi üçün bu gün qızıla yatırımın uyğun olub-olmamasını söyləmək çətindir. Baxmayaraq ki, hazırda qızılın qiyməti daha aşağıdır.
 
İkincisi, Azərbaycanda qeyri-neft sahələrinin inkişafı üçün çox geniş imkanlar mövcuddur. Kiçik və orta sahibkarlığın inkişafına əngəl törədən problemlərin aradan qaldırılması isə bu prosesi daha da sürətləndirir. Hesab edirik ki, əllərində pulu olan vətəndaşları bu sahələrə diqqət ayırmalıdırlar.
 
Üçüncüsü, nəzərə alaq ki, bir müddət öncə lisenziyalarla bağlı yeni qaydalar təsdiq edildi. Müəyyən sahibkarlıq sferalarında, turizm, nəqliyyat daşımaları sahələrində, pərakəndə ticarət, idxal, ixraca aid olan bəzi məhsullar üzrə lisenziyaların aradan qaldırılması mühüm addımlardan biri kimi qiymətləndirilməlidir.
 
Əllərində vəsaiti olan vətəndaşların növbəti dövrdə bu sferalarda daha da aktivləşəcəyini və yatırımlarını da bu sahələrə yönəldəcəyini proqnozlaşdırırıq.
 
Dördüncüsü, hazırda daşınmaz əmlak bazarına yatırım etmək məsləhət deyil. Çünki yaranmış situasiyada mənzil təklif edənlər demək olar ki, qiymətləri indeksasiya edərək yeni məzənnə ilə müəyyənləşdiriblər. Bu isə manatla ifadədə çox ciddi şəkildə bahalaşma deməkdir. Bundan sonra daşınmaz əmlak bazarında tələbatın azalacağını nəzərə alsaq, bu, növbəti dövrlərdə bazarda manatla ifadədə qiymətlərin azalmasına gətirib çıxara bilər.
 
Düşünürəm ki, vəsaitləri aşağı faizlərlə passiv şəkildə banklarda yerləşdirməkdənsə, yuxarıda sadaladığımız istiqamət üzrə sərf olunması daha məqsədəuyğundur".(axar.az)

Google+ WhatsApp ok.ru