''Əhali arasında depressiya halları artır''

Dünya Psixatriya Assosasiyası XXI-ci əsri “depressiya və intihar” əsri adlandırırb.
 
2014-ci ilin statistikasına görə,  hər il dünyada 900 minə yaxın insan həyatına qəsd edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, hər 40 saniyədə bir nəfər özünü öldürür.  Bu isə o deməkdir ki, hər 100 min nəfərdən 11,4 nəfəri intihar edir.
 
Turan IA Azərbaycanın bu statistikada yeri və çəkisi haqqında Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru,  Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, tibb elmləri doktoru Fuad İsmayılovla söhbət edib. 
 
Onun sözlərinə görə, “bütövlükdə intiharlar maddi və sosial durumla bağlı olmasa da son bir ayın statistikasına nəzər salanda özünəqəsd edənlərin əsasən maddi çətinliklər və borcla bağlı bu yolu seçdiyi məlum olur. Bu insanların hər hansı psixoloji problemlə bağlı müalicə alması və ya qeydiyyatda olması faktları yoxdur. Sadəcə üzləşdiklər maddi problemlər və vəziyyətin çıxılmaz görünməsi  onları bu addıma sövq edir”. Mütəxəssisin fikrincə, burda bank əməkdaşlarının da müəyyən rolu var. “Onlar bank kreditlərin qaytarmaq üçün borclu insanlara saysız-hesabsız zəng edir,  psixoloji təzyiq göstərirlər”.
 
Azərbaycanda ötən ilin intihar statistikası hələ hazır deyil.  2014-cü ildə isə 515 nəfər, o cümlədən 19 yeniyetmə intihar edib. Ölkədə hər yüz min nəfərdən 10-u intihara əl atır. Rusiyada bu rəqəm hər yüz min nəfərə 27, Litvada 33-35 nəfər təşkil edir.
 
Mütəxəssisin dediyinə görə, “statistika intihar edənlərin 80 faizini bu niyyətini kiməsə açıqladığını göstərir. Onlar ya sosial şəbəkələrdə həyatdan bezdiklərini, onlar üçün hər şeyin maraqsız olduğunu yazırlar, ya da bu barədə kiməsə deyirlər. Ancaq çox adam bunu ciddi qəbul etmir. Ailə üzvlərinin normal bilikləri olsa, onlar uşaqlarının hansısa psixoloji problemləri olduğunu anlayar, problemləri ilə maraqlanar”.
 
F.İsmayılov deyib ki, Azərbaycan cəmiyyətində psixi pozuntularla bağlı güclü stiqma olduğundan insanlar psixiatr və psixoloqlara da vaxtında müraciət etmirlər.Onun qənaətinə görə, intiharla mübarizə aparmaq üşün ilk növbədə depressiyanın qarşısı alınmalıdır. Çünki depressiyaya düşən xəstələrin 20 faizində intihara meyllilik var.
 
Azərbaycanda əhali arasında depressiya halları da artır, gəncləşir. Bu prosesin bütün dünyada müşahidə olunduğunu deyən F.İsmayılov əlavə edib ki, əvvəllər depressiya yaşı 30-dan çox olan insanlar arasında yaranırdı. Ölkədə hər il əhalinin 10-15 fazi depressiyadan əziyyət çəkir: "Yeniyetməlik dövrünə qədər olan uşaqlar arasında depressiya göstəricisi 2-4, yeniyetməlik dövründən 18 yaşadək olan uşaqlar arasında isə 8 faizdir. Yəni hər 100 yeniyetmədən 8-i depresiyadan əziyyət çəkir".
Mərkəz direktoru bildirib ki, insanda depressiyanın olduğunu  təsdiqləmək üçün 3 əsas əlamət ən azı 2 həftə ərzində müşahidə edilməlidir: "Əhvalın aşağı olması,  hər şeyə marağın itməsi və enerjinin tükənməsi ciddi siqnallardır. Bundan başqa, həmin şəxsdə yuxusuzluq, iştahasızlıq, özünə qarşı qiymətləndirmənin  aşağı olması, ümidsizlik, köməksizlik hissi olur. Bu vəziyyətdə insanlar intihar haqqında fikirləşə bilərlər".
 
Ölkədə intihar cəhdinin qarşısının əvvəlcədən müəyyənləşdirilməsi və qarşısısnın alınması üçün görülən işlərdən danışanda F.İsmayılov dedi ki,  ötən il bu məqəsdlə UST-yə müraciət olunub.  “Biz uğurlu bir model götürüb onun əsasında işləmək istəyirik. Bizə İsveçin Karolinski İnstitutu  örnək göstərilib. İndi onların təcrübəsi öyrənilir. Eyni zamanda suisidlərin müəyyənləşdirilməsi üçün yerlərdəki həkimlərə xüsusi treninqlər keçirilib.  Ayrıca psixiatr və psixoloqlar üçün də treninqlər keçirilir”. Mütəxəssisin fikrincə, KİV və içtimai təşkilatlar da onlara yardım etmək üçün xüsusi layihələrlə cəmiyyəti maarifləndirməlidir. meydantv /
 

Google+ WhatsApp ok.ru