“Azərbaycan Memarlar Assosasiyası”nın prezidenti: `Şürüşmə zonalarında hündür mərtəbəli binalar tikilir`

Azərbaycan paytaxtı son 5 ildə bahalı və mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə baxmayaraq həyat səviyyəsinə görə, geridə qalan şəhərlərdən biri sayılır. Nüfuzlu Mercer konsaltinq şirkətinin 2016-cı il üçün ənənəvi “şəhərlər və keyfiyyətli həyat” reytinqində Bakı 230 şəhər arasında yalnız 197-ci yeri tuta bilib. Bakı bu göstəricilərə görə, Tbilisidən (188) və Yerevandan (182) geri qalır.
 
“Azərbaycan Memarlar Assosasiyası”nın prezidenti, memar Zemfira Budaqova Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, Bakı şəhərinin memarlıq qaydalarına riayət edilməyərək tikilməsi, paytaxtı çox mәnfi yerlərdə qərarlaşıdra bilər: “Bu reytinq cədvəlində hansı göstəricilərin əsas olaraq götürülməsini deyə bilmərəm. Amma Bakı şəhərinin memarlıq qaydalarına riayət edilməyərək tikilməsi paytaxtı çox neqativ yerlərdə qərarlaşıdıra bilər. Şəhərsalmanın özünün tikilmə qanuna var. Bütün dünya hәmin qanuna riayət edir, amma Azərbaycan istina təşkil edir. Bakıya dənizdən baxdıqda amfiteatr şəklində olduğu görünür. Bu baxımdan ötən əsrdə şəhər salınan zaman dəniz sahilindən başlayaraq nisbətən daha alçaq mərtəbəli binalar başlayırdı.
Daha sonra isə relyefdən asılı olaraq hәmin binalar bir-iki mərtəbə səviyyəsində hündürləşdirilirdi. Bu cür tikinti getsəydi insana daha yaxşı təsir bağışlayardı. Amma müşahidə etdiyimiz kimi, lap hündür binaları dənizin lap kənarında tikiblər, geridə isə daha aşağı mərtəbəli binalar tikilir. Dəniz kənarında müəyyən memarlıq abidələri olsa da hәmin hündür mərtəbəli binalar bütünlüklə tarixi tikililəri gizlәdir. Digər tərəfdən də ən arxitekturalı tikililəri söküb yerində guya müasir binalar tikiblər.
Məsələn “İnturist”in yerində çox eybəcər bir bina tikiblər. Digər tərəfdən də sökülən köhnə binaların yerində hər məmur öz maraqlarının təmini üçün istədiyi binanı tikib. Burada da heç bir plan, nizam, intizam gözə dəymir. Şəhərin mərkəzində tikilən təhsil müəssisələrinin heç birini normal həyəti yoxdur. Şürüşmə zonalarında hündür mərtəbəli binalar tikilir. Ölkədə bir çox sahələrə məsul olan məmurlar çox savadsızdırlar və bunlar da nəticələridir”. /
 

Google+ WhatsApp ok.ru