“Azərbaycanda vəkillərin özləri də hüquqsuz durumdadırlar”

Aslan İsmayılov: “Əksər vəkillər hüquq-mühafizə orqanlarının sifarişi ilə işləməyə məcburdur” 

 

Azərbaycan Konstitusiyasının 61-ci maddəsi “Hüquqi yardım almaq hüququ”nu nəzərdə tutur. Bu maddəyə əsasən hər bir kəsə yüksək keyfiyyətli hüquqi yardım almaq haqqı tanınır. Bəs bu gün Azərbaycanda bunu həyata keçirmək üçün real şərait varmı?
 
Azərbaycanın tanınmış hüquqşünası Aslan İsmayılovla bu mövzuda söhbətləşdik. O, öncə vəkillik fəaliyyətinin vəziyyətindən danışdı:
 
- Bu gün vəkillik institutu haqda danışmaq yersizdir. Ona görə ki, belə bir institut Azərbaycanda yox edilib. Vəkillik institutunun adı qalıb, faktiki isə özü yoxdur. Hüquq-mühafizə orqanlarının sifarişini yerinə yetirən qurum var. 1-2 vəkil var ki, onlar qanunlar əsasında çalışmaq istəyirlər. Onlara da imkan vermirlər. Bir çox belə vəkilləri ən müxtəlif bəhanələrlə vəkillikdən xaric etdilər. Əhali arasında xoş olmayan əməlləri ilə tanınan vəkilləri yuxarı başa keçiriblər, şan-şöhrət sahibinə çeviriblər. Ona görə ki, belələrini idarə etmək çox asandır. 
 
- Belə bir vəziyyətdə Azərbaycan vətəndaşının hüquqi yardım almaq haqqının vəziyyətini necə qiymətləndirirsiniz?   
 
- Bu gün “Azərbaycan vətəndaşı müdafiəsizdir” deməyə hamının haqqı var. Əksər vəkillər hüquq-mühafizə orqanlarının sifarişi ilə işləməyə məcburdur. 
 
- Ölkədə polisin sayı nə qədərdir? 
 
- Azərbaycanda polisin sayı əhalinin sayına görə dünyada ilk sıralarda duran ölkələrlə eyni sırada dayanır. Hər 100 min nəfərə 456 polis düşür.
 
- Azərbaycanda prokuror nə qədərdir? 
 
- Əhalinin sayına görə ən rekord sayda prokurorluq işçisi var. 
 
- Bəs vəkilləri sayı nə qədərdir?   
 
- Əgər vəkillərin sayını əhalinin 100 min nəfərinə nisbətdə götürsək, vəziyyət dünyadakının tam tərsidir. Gürcüstanda, düşmən Ermənistanda vəkillərin sayı Azərbaycandakı vəkillərin sayından qat-qat artıqdır. Normal ölkələrdə isə hər 100 min nəfərə 300-400 nəfər vəkil düşür. Azərbaycanda isə 100 min nəfərə cəmi 10 vəkil düşür. Amma həmin vəkillərin özləri də hüquqsuz durumdadırlar. Vəkil müdafiə etdiyi şəxsin hüquqlarını müdafiə etməyə başladısa, özünün hüquqları pozulmağa başlayır. Basqılar artır.   
 
-  Bu situasiya niyə yaranıb? Vəkil olmaq istəyən azdır, yoxsa başqa səbəblər var?
 
- Vətəndaşı bilərəkdən müdafiəsiz hala salıblar. Bu situasiyanı hakimiyyət bilərəkdən yaradıb. Hazırkı durumda vətəndaşla istədikləri kimi rəftar edirlər. Bilirlər ki, vətəndaş üzləşdiyi qanunsuzluqdan çıxış yolunu vəkildə görəcək, vəkilə üz tutacaq. Vəkil isə sadəcə yoxdur. Adı qalıb, mahiyyəti isə itirilib, yox edilib. Bu gün Azərbaycan vətəndaşı hüquq-mühafizə orqanlarının əsirinə çevrilib. İstənilən vətəndaşı küçənin ortasında saxlayıb ona qarşı istənilən ittihamı verib və hüququ don geydirib həbsə yollaya bilərlər. Bu, acı Azərbaycan reallığıdır. Kimi istəyirlər, tutub cibinə nəşə atır, xuliqanlıqda ittiham edirlər. Həmin o adı vəkil olanların köməkliyi ilə vətəndaşı həbsə yollayırlar. 
 
- Situasiyanı dəyişmək üçün hansı addımlar atılmalıdır?
 
- Hakimiyyət gözükölgəliliklə, ayrı-ayrı fərdlərin hegemonluğu ilə idarə olunmamalıdır. Hakimiyyət qanunlar əsasında idarə olunmalıdır. Məmurlar qanuna hörmət etməlidirlər. Amma bunun əvəzində qanunu pozmaqla məşğuldurlar. Qanuna hörmət etmədikləri üçün vətəndaşı qanuna istinad edib müdafiə etməli olan vəkili də təqib edirlər.
 
- Vəkilliyə namizədlərin Vəkillər Kollegiyasına qəbulu da çox çətinliklə baş tutur. Namizəd test imtahanından keçir, amma müsahibədən kəsilirlər. Ümumiyyətlə, bu üsul doğrudurmu?
 
- Bu, təkcə vəkillik institutuna aid deyil. Dövlət qulluğuna qəbul da bu şəkildə aparılır. Əgər namizədin kifayət qədər biliyi varsa, o test imtahanını veribsə, onu Vəkillər Kollegiyasına üzv edə, bundan sonra 6 ay, 1 il təcrübə toplama müddəti verə bilərlər. Həmçinin dövlət qulluğu ilə bağlı da eyni praktikanı tətbiq etmək olar. Bunun əvəzində bürokratik əngəllər yaradırlar, qondarma müsahibə əlavə olunur. Kim bu hakimiyyətə tərif yağdırırsa, dünyagörüşü hakimiyyətin baxışı ilə ziddiyyət təşkil etmirsə, ən aşağı balla istədiyi vəzifəyə təyin olunur. Həm də namizədin digər vəzifəli şəxs tərəfindən tapşırılması, onun qarantiyası ilə işə qoyulması praktikasını yayırlar. Ona görə ki, belə halda namizədə onu tapşıran şəxs vasitəsilə təzyiq göstərmək üçün rıçaq əldə edirlər. Bu halda bilikli, hazırlıqlı namizədlər kənarda qalır. Azərbaycanın acınacaqlı hallarından biri də budur ki, dünyanın ən yaxşı universitetlərini bitirənlər belə həmin müsahibələrdən kəsilirlər. Bu gün saxta diplom satmaqda ad çıxaran yerli universitetlərin diplomları ilə hətta general vəzifəsində olanlar var. Belələrinin sayı onlarladır. 
 
- Alternativ vəkil qurumunun yaradılmasına qanun imkan verir. Amma biz belə bir qurumun yaranmasını görmürük. Belə bir qurumun yaradılmasına zəmin yoxdur? 
 
- İndiki situasiya elədir ki, alternativ vəkillik də heç bir nəticə verən deyil. Belə bir qurumun yaranmasına hakimiyyət imkan verməz. Hakimiyyət Vəkillər Kollegiyasının qanunlar əsasında fəaliyyət göstərməsinə imkan vermir. Qaldı ki, alternativ vəkillər institutunun yaranmasına, ona da imkan verməz. Hakimiyyət nəhayət, fərq etməlidir ki, hazırkı idarəetmə sistemi ilə ölkəni iflic duruma, vətəndaşı hüquqsuz vəziyyətə salıb. 
 
- Məmurlar var ki, hakimiyyətdə olduqları müddətdə tanınmış vəkillərin əleyhinə çıxışlar edir, addımlar atır, hər cür qanunsuzluqdan çəkinmirlər. Ayaqları büdrədikləri ilk dəqiqələrdəncə məhz həmin daş-qalaq etdikləri vəkillərə üz tuturlar. Praktikanızda belə halla rastlaşmısınız? 
 
- Əlbəttə ki, belələri çox müraciət edib və indinin özündə də edirlər. Adamlar hakimiyyətdə olanda hər kəsi asıb-kəsirlər. Özləri Azərbaycan hüquq-mühafizə orqanları ilə üz-üzə qalanda ilk üz tutduqları ünvan  həmin haqqı deyən vəkillərin qapısı olur. Hərçənd ki, belə ünvanları da hakimiyyət artıq yox etməyə müvəffəq olub. Ona görə də bu gün hakimiyyətdə olan hər bir məmurun özünə də məhz normal vəkillik institutunun varlığı lazımdır. 
 
- “MTN işi”, “Rabitəçilərin işi”, “Beynəlxalq Bank işi” üzrə də yəqin ki, sizin özünüzə də müraciət edənlər olur. Vəkillər Kollegiyasından uzaqlaşdırıldığınızı bildirəndə hansı reaksiya ilə üzləşirsiniz? 
 
- Bəli, tutulan vəzifəli şəxsin yaxınlarının ilk müraciət etdiyi ünvan da mənəm. Deyəndə ki, kollegiyadan uzaqlaşdırılmışam, çaşqın vəziyyətdə kimə müraciət etməyi məsləhət bildiyimi xəbər alırlar. Çox təəssüf olsun ki, məsləhət bildiyim ünvanlar da yoxdur. Olanların da işi o qədər çoxdur ki, sadəcə belə işləri götürüb keyfiyyətli müdafiə qura bilmirlər deyə, işlərdən imtina edirlər. 
 
- Deyirsiz ki, müraciət edənləri yönəltmək üçün vəkillər yoxdur. Niyə yoxdur? Vəkillərin savadı keyfiyyətli müdafiə qurmağa imkan vermir, yoxsa başqa səbəblər var? 
 
- Səbəblər başqadır. Vəkillikdə sözünü deyə biləcək, sırf qanuna qulluq edəcək, hakimin, polisin, prokurorun saxtakarlığını dilə gətirəcək vəkil 1-2 nəfərdir. Qalanları isə susmağa üstünlük verirlər. “Gözü çıxmış qardaşlarının aqibəti”ni yaşamaqdan qorxurlar. Məni də, digər sözünü deyən vəkilləri də hay-küylə, ədalətsizcəsinə vəkillikdən qovmaları da ona xidmət edirdi ki, bu, digərlərinə görk olsun. Yəni Aslan İsmayılovu vəkillikdən çıxarıblarsa, onları da çıxara bilərlər. Cavan vəkillərə irad bildirəndə ki, niyə gördüyünüz qanunsuzluqlarla bağlı susursunuz, cavab verirlər ki, siz danışdınız, kollegiyadan uzaqlaşdırdılar. Biz sizin aqibətinizi yaşamaq istəmirik. 
 
- Necə düşünürsünüz, Vəkillər Kollegiyasının hazırkı duruma düşməsi sədr Azər Tağıyevin öz təşəbbüsüdür?
 
- Vəkillər Kollegiyası bu duruma hakimiyyətin istəyi ilə salınıb. Normal seçki olsa, Azər Tağıyev heç vəkillərin 5 faizinin səsini ala bilməz. Bu gün kollegiyada olan hər kəs bilir ki, hakimiyyətdən sifariş gələn kimi Azər Tağıyev ona qarşı ən qanunsuz addımları atmağa hazırdır. Azər Tağıyev sırf indiki hakimiyyətdə kollegiya sədri ola bilər. Qanunlara hörmət bəsləyən hakimiyyətdə Azər Tağıyev sədr ola bilməz. musavat /
 

Google+ WhatsApp ok.ru