“Bu günə kimi deyilən söhbətlərin üstündən qanla xətt çəkdik”

Qarabağ hər bir azərbaycanlı iman insanı üçün həyat məsələsidir və `Qarabağ - bizim canımızdır

Səngərdə gərgin döyüşlərin getdi bir vaxtda həm xalqımızın, həm də səngərdə torpaqlarımızı öz qanları bahasına qoruyan Vətən övladlarının dəstəyə, ruh yüksəkliyinə ehtiyacı var. Azərbaycan İslam Partiyasının sədr əvəzi İlham Əliyev əsgərlərimizə ruh yüksəkliyi verəcək fikirlər səsləndirib.
 
AİP-in sədr vəzi İlham Əliyev FaktXəbər-ə əsgərlərimizdə yüksək ruh üstünlüyü olduğunu bildirdi: «Onlar torpaqlarımızı qanı bahasına azad eləmək əzmindədirlər. Artıq bunu təkcə deməklə, danışmaqla deyil, əməldə göz qabağında sərgilədilər, bu günə kimi deyilən söhbətlərin üstündən qanları ilə xəttə çəkdilər. Əməldə göstərdilər ki, işğal olunmuş torpaqları biz geri qaytarmalıyıq və buna da qadirik. Bu 2-3 gündə baş verən proseslər, canlarından keçən şəhidlərimiz sübut etdi ki, nəinki bu yol getməliyik, bəlkə də bu yolla qanlarından keçməklə torpaqlarımız azad olar. Bir neçə kəndin azad olunması açıq aydın buna sübutdur».
 
AİP-in sədr əvəzi Azərbaycan xalqına, şəhidlərin ailələrinə başsağlığı verərək sözlərinə belə davam etdi: «Şükürlər olsun ki, xalqımız bu meydana başucalığı ilə qədəm qoydu. Fəxr edirik ki, bizim Azərbaycanda bu cür mərd, igid övladlarımız var və lazım gələn məqamda öz qanlarından, canlarından Vətən uğrunda keçməyə hazırdırlar».
 
İçərişəhər “Cümə” məscidinin imam-camaatı, DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu İslaminsesi.az-a açıqlaması zamanı bildirdi ki, Qarabağ hər bir azərbaycanlı iman insanı üçün həyat məsələsidir və "Qarabağ - bizim canımızdır".
 
İbrahimoğlu bildirdi ki, əslində dünya çapında Fələstin və Qüds dünya müsəlmanları üçün nədirsə, Azərbaycan müsəlmanı olaraq Qarabağ bizim üçün odur. Qarabağ Allahın bizə verdiyi əmanətdir və Darul-Islam torpağı olaraq, işğal altındadır.
 
İşğal altındakı torpaqlarımızın bizim neçənci yox, bir nömrəli məsələmiz oduğunu söyləyən DEVAMM sədri, “Qarabağ gündəlik ibadətlərimizdə və həyatımızda ən önəmli yer tutan mövzudur və daima bizim üçün önəmli olub. Dəyərli müctəhidlərimiz Qarabağla bağlı fətvaları və orada dünyasını dəyişən əsgərlərimizin şəhid hesab edilmələri mütləq formada xatırlanmalıdır” – deyə bildirdi.
 
İmam-camaat bunları da vurğuladı: “Biz əminik ki, Qarabağ mütləq azad ediləcək. Allahdan istəyimiz budur ki, bunun baş verməsi daha da tez olsun. Lakin bunun üçün ilk öncə xalqımız bəsirətli, ayıq və tədbirli olmalıdır. Müharibə də, bütün məsuliyyətli işlər kimi, xüsusi bir idarəetmə və ölçmə-biçmə istəyir. Sözsüz ki, dünya güclərinin burada öz maraqları var. Aydındır ki, bu məsələdə Rusiyanın yeri özünəməxsus olub və təsirini göstərib. Yəni müharibədə biz təkcə Ermənistanla üz-üzə olmamışıq. Günümüzdə həmişəki kimi, ABŞ-ın da regionda maraqları da mövcuddur. Lakin bizim üçün bu mövzuda iki qardaş ölkənin təsiri və fikirləri çox önəmlidir. Bu ölkələr – İran və Türkiyədir. Onlardan gözləntimiz çoxdur. Qarabağ məsələsində Türkiyə və İranın həm yanaşması, həm də aktiv dəstəyi indikindən qat-qat çox olmalıdır”.
 
İlqar İbrahimoğlunun sözlərinə görə, baş verənlərə bəsirətli və agah münasibət mütləq sərgilənməlidir: “Yalnız emosiyalarla və pafoslarla deyil, mütləq tədbirli yanaşma ilə məsələlərə yanaşsaq, mütləq nəticə əldə edəcəyik. Ədalətli sülh və müzakirələr – çox önəmlidir. Lakin böyük alimlərimizin də hər zaman buyurduqları kimi, ədalətli sülh və müzakirələrin ən keyfiyyətli halda baş tutması üçün biz mütləq müharibəyə hazır olmalıyıq. Müharibəyə hazır olmasaq, güclü olmasaq müzakirələrin effektivliyi olmaz. Eyni zamanda, ədalətli sülhün nail olunmasına imkanlarımız çox az olar”.

 

Google+ WhatsApp ok.ru