ƏHLİ-BEYTİN (Ə) FƏZİLƏTLƏRİ – “SALAVAT” AYƏSİ (26)

Qurani-Kərimdə Əhli-beyt imamlarının (ə) üstünlüyünə işarə edən, onları İslam ümmətinin ən fəzilətlisi və İslam Peyğəmbərindən (s) sonra ən üstün şəxsiyyət göstərən, eləcə də, onların vilayət və imamətini dolayısı ilə sübuta yetirən ayələrdən biri “Salavat” adını daşıyan “Əhzab” surəsinin 56-cı ayəsidir. Bu ayədə belə buyurulur:

إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا

“Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey möminlər! (Siz də) ona salavat və salam göndərin, onun əmrinə təslim olun!”

Bu ayədə İslam Peyğəmbərinin (s) məqamı çox yüksək bəyan olunmuşdur. Çünki həm Allah, həm Onun bütün mələkləri Peyğəmbərə (s) salam və salavat göndərir. Həm də göstəriş verilir ki, bütün möminlər o həzrətə salam, salavat və rəhmət göndərsinlər. Bundan böyük məqam varmı?!

Düzdür, bu ayədə Peyğəmbərin (s) övladlarından söz açılmamışdır. Lakin bir çox rəvayətlərə görə, səhabələr Peyğəmbərdən (s) “Sənə necə salam və salavat göndərək?” – deyə soruşduqda, o həzrət ali” (övladlar) sözünü də öz adının kənarında qeyd etmişdir. Demək, Allahdan o həzrət üçün salam və salavat istənildikdə, bu o həzrətin övladlarına da aid olur. Burada Allah və mələklərinin həm Peyğəmbər (s), həm də onun övladlarına salavat göndərməsi sadə məsələ deyil. Bu tapşırıq onların Peyğəmbərdən (s) sonra ağır məsuliyyət daşıdığını göstərir. Halbuki belə böyük məqama Peyğəmbərlə (s) sadəcə qohumluq vasitəsilə çatmaq qeyri-mümkündür.

İndi isə əhli-sünnənin məşhur mənbələrində nəql olunan bir sıra rəvayətləri qeyd edirik:

1) Buxarinin “Səhih” kitabında Əbu Səid Xudrinin belə dediyi nəql olunur: “Biz Peyğəmbərdən (s) soruşduq: “Ya Rəsuləllah! Sənə salam verməyin qaydası aydındır. Necə salavat göndərməyi isə bilmirik?” Peyğəmbər (ə) buyurdu: “Belə deyin: “Əllahummə səlli əla Muhəmmədin əbdikə və rəsulik, kəma səlləytə əla İbrahimə və ali-İbrahim və barik əla Muhəmmədin və əla ali-Muhəmməd, kəma barəktə əla İbrahim!” (İlahi! Bəndən rəsulun Mühəmmədə salavat göndər, necə ki, İbrahim onun övladlarına salavat göndərdin. Mühəmməd onun övladlarına bərəkət yetir, necə ki İbrahimə bərəkət verdin!)

Yenə həmin kitabda məşhur səhabə Kəb ibn Ücrədən nəql olunur ki, müsəlmanlar Peyğəmbərdən (s), ona necə salavat göndərmək barədə soruşduqda, onlara bu qaydada salavat göndərməyi öyrətdi: “Əllahummə səlli əla Muhəmməd və ali-Muhəmməd, kəma səlləytə əla ali-İbrahim, innəkə həmidun məcid! Əllahummə, barik əla Muhəmməd və əla ali-Muhəmməd, kəma barəktə əla ali-İbrahim, innəkə həmidun məcid!” (İlahi! Mühəmməd onun övladlarına salavat göndər, necə ki, İbrahim övladlarına salavat göndərdin. Həqiqətən, Sən uca tərifə layiqsən. İlahi! Mühəmməd onun övladlarına bərəkət yetir, necə ki, İbrahim övladlarına bərəkət verdin. Həqiqətən, Sən uca tərifə layiqsən!) (“Səhihi-Buxari”, c.6, səh.151.)

Buxari bu hədisləri “Salavat” ayəsinin təfsirində qeyd etmişdir.

2) Əhli-sünnənin ikinci məşhur mənbəsi sayılan “Səhihi-Müslim” kitabında Əbu Məsud Ənsaridən belə nəql olunur: “Bir gün Peyğəmbər (s) bizim yanımıza gəlmişdi. Biz Səd ibn Ubadənin məclisində idik. Sədin oğlu Bəşir dedi: “Ya Peyğəmbər! Allah-Taala bizə sənə salavat göndərməyi göstəriş vermişdir. Sənə necə salavat göndərək?” Peyğəmbər (s) bir az sükut etdikdən sonra buyurdu: “Deyin: Əllahummə səlli əla Muhəmməd və əla ali-Muhəmməd, kəma səlləytə əla ali-İbrahim və barik əla Muhəmməd və əla ali-Muhəmməd, kəma barəktə əla ali-İbrahim fil-aləmin, innəkə həmidun məcid!” (İlahi! Mühəmməd onun övladlarına salavat göndər, necə ki, İbrahim övladlarına salavat göndərdin. Mühəmməd onun övladlarına bərəkət yetir, necə ki, o zaman İbrahim övladlarına bərəkət verdin. Həqiqətən, Sən uca tərifə layiqsən!) (“Səhihi-Müslim”, c.1, səh.305, hədis 65.)

3) Məşhur əhli-sünnə alimi Süyuti “Əd-durrul-mənsur” təfsirində Əbu Səid Xudrinin rəvayətini Buxari, Nisai, İbn Macə və İbn Mərdəveyhdən, Əbu Səid Ənsarinin rəvayətini isə Termizi, Nisai və İbn Mərdəveyhdən, azacıq fərqlə Malik, Əhməd, Buxari, Müslim, Əbu Davuddan (onlar da Əbu Əhməd Saididən nəql etmişdir. (“Əd-durrul-mənsur”, c.5, səh.217.)

Hakim Nişapuri “Əl-müstədrəkü ələs-səhiheyn” kitabında İbn Əbu Leylidən belə nəql edir ki, Kəb ibn Ücrə mənim yanıma gəlib dedi: “Peyğəmbərdən (s) eşitdiyim müjdəni sənə deyimmi?” Dedim: “Bəli!” Dedi: “Peyğəmbərdən (s) soruşdum ki, sənin Əhli-beytinə necə salavat göndərək?” Peyğəmbər (s) buyurdu: “Deyin: Əllahummə səlli əla Muhəmməd və ali-Muhəmməd, kəma səlləytə əla İbrahim və əla ali-İbrahim, innəkə həmidun məcid! Əllahummə, barik əla Muhəmməd və əla ali-Muhəmməd, kəma barəktə əla İbrahim və əla ali-İbrahim, innəkə həmidun məcid!” (İlahi! Mühəmməd onun övladlarına salavat göndər, necə ki, İbrahimə onun övladlarına salavat göndərdin. Həqiqətən, Sən uca tərifə layiqsən. İlahi! Mühəmməd onun övladlarına bərəkət yetir, necə ki, İbrahimə onun övladlarına bərəkət verdin. Həqiqətən, Sən uca tərifə layiqsən!”

“Səhihi-Müslim” və Səhihi-Buxari”də mövcud olmayan hədisləri nəql edən Hakim Nişapuri yazır: “Bu hədisi eyni sənəd və mətnlə Buxari “Səhih” kitabında Musa ibn İsmayıldan nəql etmişdir. Mənim burada onu təkrar etməyimin səbəbi “Əhli-beyt” və “ali” sözlərinin eyni olduğunu göstərməkdir. (“Əl-müstədrəkü ələs-səhiheyn”, c.3, səh.147.)

Diqqət yetirmək lazımdır ki, Hakim Nişapuri bu hədisi Əhli-beytin imam Əli (ə), xanım Fatimeyi-Zəhra (ə.s), imam Həsən (ə) və imam Hüseyn (ə) olduğunu açıq-aydın göstərən “Kisa” hədisindən sonra nəql etmişdir. Bu da öz növbəsində dərin məna kəsb edir. Bundan sonra Hakim Nişapuri “Səqəleyn” hədisini, onun ardınca Əbu Hüreyrənin hədisini nəql edir. Orada deyilir: “Peyğəmbər (s) Əli, Həsən və Hüseynə (ə) baxıb buyurdu: Mən sizinlə müharibəyə qalxan hər kəslə müharibə, sizinlə sülh edən hər kəslə sülh edirəm.” (“Əl-müstədrəkü ələs-səhiheyn”, c.3, səh.147.)

Məhəmməd ibn Cərir Təbəri də “Təfsir” kitabında “salavat” ayəsinin təfsirində yuxarıdakı rəvayəti azacıq fərqlə Musa ibn Təlhədən və onun atasından, başqa bir rəvayəti İbn Abbasdan, üçüncü bir rəvayəti Ziyad və İbrahimdən, dördüncü rəvayəti isə Əbdürrəhman ibn Bəşir ibn Məsud Ənsaridən nəql etmişdir. (“Camiul-bəyan”, Təbəri, c.22, səh.32.)

Beyhəqi də “Sünən” adlı məşhur kitabında bu haqda çoxlu rəvayət nəql etmişdir. Onların bəzisi namazda təşəhhüd vaxtı müsəlmanların vəzifəsini aydınlaşdırır. Məsələn, Əbu Məsud və Əqəbət ibn Əmrin hədisində belə deyilir: “Bir kişi gəlib Peyğəmbərin (s) yanında əyləşdi. Biz də orada idik. O dedi: “Ya Rəsuləllah! Sənə salam verməyi bilirik. Lakin namaz qılanda sənə salavat göndərməyin qaydasını bilmirik. Sənə necə salavat göndərək?” Peyğəmbər (s) buyurdu: “Mənə salavat göndərmək istəsəniz, belə deyin: Əllahummə səlli əla Muhəmmədin-nəbiyyil-ummiyy və əla ali-Muhəmməd, kəma səlləytə əla İbrahim və əla ali-İbrahim və barik əla Muhəmmədin-nəbiyyil-ummiyy və əla ali-Muhəmməd, kəma barəktə əla İbrahim və əla ali-İbrahim, innəkə həmidun məcid!” (İlahi! Ümmi peyğəmbərin Mühəmməd onun övladlarına salavat göndər, necə ki, İbrahim onun övladlarına salavat göndərdin. Ümmi peyğəmbərin Mühəmməd onun övladlarına bərəkət yetir, necə ki, İbrahim onun övladlarına bərəkət verdin. Həqiqətən, Sən uca tərifə layiqsən!)

Sonra o, Əbu Abdullah Şafeidən belə nəql edir: “Namazda Peyğəmbərə (s) salavat barədə söz açan bu hədis səhih və doğrudur.” (“Sünəni-Beyhəqi”, c.2, səh.146-147.)

Beyhəqi Peyğəmbərə (s) mütləq şəkildə, yaxud namazda salavat göndərməyin qaydası haqda əlavə rəvayətlər də nəql etmişdir. Xüsusilə, Kəb ibn Ücrənin nəqlinə görə, Peyğəmbər (s) namazda belə salavat deyirmiş: “Əllahummə səlli əla Muhəmməd və ali-Muhəmməd, kəma səlləytə əla İbrahim və əla ali-İbrahim və barik əla Muhəmməd və ali-Muhəmməd, kəma barəktə əla İbrahim və ali-İbrahim, innəkə həmidun məcid!” (“Sünəni-Beyhəqi”, c.2, səh.147.)

Bu hədisdə açıq-aydın görünür ki, hətta Peyğəmbərin (s) özü namazlarında bu salavatı deyirmiş.

Beyhəqi rəvayətlərin birini şərh edərkən yazır: “Bu rəvayət namaza aiddir. Çünki bu rəvayətdə qeyd olunan “qəd əlimna keyfə nusəllimu” (biz salam göndərməyin qaydasını bilirik”) – cümləsi namazın təşəhhüddən sonrakı salamına (Əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh!) uyğun gəlir.” (“Sünəni-Beyhəqi”, c.2, səh.147.)

Beləliklə, bütün məzhəblərin əqidəsinə görə, müsəlmanlar namazda Peyğəmbərə (s) salam göndərərkən “Əssəlamu ələykə əyyuhənnəbiyyu və-rəhmətullahi və bərəkatuh!”, təşəhhüddə isə “Əllahummə səlli əla Muhəmməd və ali-Muhəmməd...” – cümlələrini deməlidirlər. Əlbəttə, əhli-sünnə məzhəbləri arasında bu məsələ ilə əlaqədar ixtilaf var. Şafei və hənbəlilər ikinci təşəhhüddə Peyğəmbərə (s) salavat göndərməyi vacib saydıqları halda, maliki və hənəfilər onu müstəhəb bilirlər. (“Əl-fiqh ələl-məzahibil-ərbəə”, c.1, səh.266.)

Peyğəmbər (s) və onun Əhli-beytinə (mütləq şəkildə, yaxud namazın təşəhhüdündə) salavatın vacibliyi ilə bağlı rəvayətlər az deyil. Burada qeyd etdiklərimiz rəvayət və kitabların az bir qismi idi. Bu rəvayətlər İbn Abbas, Təlhə, Əbu Səid Xudri, Əbu Hüreyrə, Əbu Məsud Ənsari, Büreydə, İbn Məsud, Kəb ibn Ücrə və imam Əli (ə) kimi səhabələrdən nəql edilmişdir.

İnsanı daha çox heyrətləndirən məsələ budur ki, əhli-sünnə (alimləri də daxil olmaqla) Peyğəmbərdən (s) nəql olunan rəvayətlərdə “ali-Mühəmməd” (Mühəmmədin (s) övladları) sözünün qeyd olunmasına baxmayaraq, (çox nadir hallar istisnadır) həmişə salvatı naqis (“Səlləllahu əleyhi və səlləm”) deyirlər. Ən qəribəsi budur ki, salavatda “ali-Mühəmməd” (s) sözünün əlavə edilməsinə dair rəvayətləri nəql edərkən də Peyğəmbərin (s) adını yenə “ali-Mühəmməd” olmadan – “Səlləllahu əleyhi və səlləm” – şəklində deyirlər. (Bundan böyük inadkarlıq olmaz!) Görəsən, Peyğəmbərin (s) aşkar göstərişinə müxalif çıxanlar qiyamət günü Allahın dərgahına hansı üzrlə çıxacaqlar?! Bu məsələ ilə əlaqədar bəhsimizi iki hədislə sona yetiririk:

1. İbn Həcər “Əs-səvaiq” kitabında Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:

لا تُصَلُّواعَلَىَّ الصّلاةَ الْبَتْراءَ:

Mənə heç vaxt yarımçıq salavat deməyin.”

O həzrətdən soruşdular: “Yarımçıq salavat necədir?”

Peyğəmbər (s) buyurdu:

اَللّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ تُمْسِكُونَ، بَلْ قُولُوا اَللّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ:

Əllahummə səlli əla Muhəmməd” – deyib susmağınız. Əksinə, (salavatı) belə deyin: “Əllahummə səlli əla Muhəmməd ali-Muhəmməd!” (“Əs-səvaiq”, səh.144.)

2. Səmhudi “Əl-işrafu əla fəzlil-əşraf” kitabında İbn Məsuddan Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:

مَنْ صَلّى صَلاةً لَمْ يُصَلِّ فِيها عَلىَّ و عَلَى اَهْلِ بَيْتِى لَمْ تُقْبَلْ:

Kim namaz qılanda mənimlə Əhli-beytimə salavat deməsə, onun namazı qəbul deyildir.” (“Əl-işrafu əla fəzlil-əşraf”, səh.28.)

Şafei məşhur bir şerində buna işarə edir:

“Ya Əhlə-beyti Rəsulillah, hubbukum

Fərzun minəllahi fil-Qurani ənzələh!

Kəfakum min əzimil-qədri ənnəkum,

Mən ləm yusəlli ələykum la səlatə ləh.”

EyPeyğəmbər Əhli-beyti”, sevginiz

Vacib olub, Qurandadı bu yazı!

Yetər sizə o möhtəşəm qədriniz,

Salavatsız kəsin puçdur namazı.”

(“Şərhul-məvahib”, Zərqani, c.7, səh.7.)

Namazda Allahın vacib buyruğu əsasında adı Peyğəmbərin (s) adının kənarında qeyd edilən şəxsləri başqaları ilə bərabər bilmək olarmı? Hansı insaflı şəxs bu işdə özünə bəraət qazandıra bilər? Məgər, bunlar birbaşa imamət və xilafəti onlara həsr etmirmi? Ədalətli və insaflı olmağı öz öhdənizə buraxırıq! (“Peyami-Quran – Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah əl-üzma Məkarim Şirazi, 9-cu cild, səh.278-284.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru