Əliyevlə Medvedev görüşüb

Prezident İlham Əliyevlə Rusiyanın baş naziri Dmitry Medvedev arasında təkbətək görüş keçirilib.
 
Bu barədə AZƏRTAC xəbər yayıb. Ancaq dövlət agentliyi görüşün detalları haqda, hələlik, geniş bilgi vermir. 
 
APA-nın xəbərinə görə isə, İlham Əliyev bu görüşdə deyib ki, Azərbaycan və Rusiya arasında əlaqələr intensiv inkişaf edir. 
 
Prezident son günlər cəbhə xəttində baş verənlərdən də danışıb. Onun deməsinə görə, Ermənistan silahlı qüvvələri son günlər növbəti dəfə təxribata əl atıblar: «Azərbaycan cavab addımı atıb. Rusiyaya eskalasiyanın dayandırılması yönündə səylərinə görə təşəkkür edirəm. Rusiya prezidenti Vladimir Putin mənə və Ermənistan prezidentinə zəng edib».
 
Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilə bilər.
 
Rusiyanın baş naziri D.Medvedev isə bildirib ki, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır: «Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi adi situasiya deyil. Rusiya BMT Təhlükəsizik Şurasının və ATƏT-in Minsk Qrupunun üzvü kimi münaqişənin həllinə çalışır. Danışıqlar davam etdirilməlidir. Rusiya bu məsələnin həlli istiqamətində əlindən gələni əsirgəməyəcək». /

Google+ WhatsApp ok.ru