ƏXLAQIN GİGİYENASI – HİCRƏT VƏ ÇİRKİN MÜHİTDƏN UZAQLAŞMAQ (3)

Aydın məsələdir ki, mühitin islahı son dərəcə əhəmiyyət daşıyır. Lakin müxtəlif səbəblər üzündən lazımı şərait olmadıqda, insanın orada qalması fitnə-fəsada düşməsinə səbəb ola bilər ki, bu zaman mütləq sağlam və təmiz mühitə köç etmək lazımdır. Biz bu məsələnin bənzərini eynilə bəzi xəstəliklərdə də görə bilərik. Belə ki, çox vaxt həkimlər xəstələrə təbiətin müxtəlif guşələrinə çəkilməyi məsləhət görürlər.

“Hicrət və köç” məsələsi İslamda xüsusi əhəmiyyət daşıyır və doğrusu, İslam tarixinin əsası da onunla başlanır. İslam Peyğəmbərinin (s) Məkkədən Mədinəyə hicrəti, məhz iman və fəziləti yaymaq üçün çirkin bir mühitdən təmiz və münasib bir mühitə köçü deməkdir. Bir qrup doğru və həqiqi müsəlmanların Peyğəmbəri-Əkrəmin (s) əmri ilə Məkkədən Həbəşəyə hicrəti də bunun başqa bir nümunəsidir.

İslam tarixində ilk müsəlman mühacirlərinin adı xüsusi qeyd edilir və Qurani-Kərimdə onlar haqda çoxlu ayə müşahidə olunur. Günah və şirklə dolu məntəqədən təmiz və sağlam bir yerə hicrətə dair bir çox hədislər vardır ki, onun əhəmiyyətini daha da artırır.

“Məcməül-bəyan” kitabında  {وَمَن يُهَاجِرْ فِي سَبِيلِ اللّهِ يَجِدْ فِي الأَرْضِ مُرَاغَمًا كَثِيرًا وَسَعَةً} (Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik tapar!) – ayəsinin (“Nisa”/100.) təfsirində Peyğəmbəri-Əkrəmdən (s) belə nəql olunur:

مَنْ فَرَّ بِدِينِهِ مِنْ اَرْضٍ اِلى اَرْضٍ وَ اِنْ كانَ شِبْراً مِنَ الْاَرْضِ اسْتَوْجَبَ الْجَنَّةَ وَ كانَ رَفِيقَ اِبْراهِيمَ وَ مُحَمَّدٍ

“Öz dini üçün bir məntəqədən başqa məntəqəyə – bir qarış belə – hicrət edən şəxsin behiştə getməsi qətidir və o, İbrahim və Mühəmmədlə (hicrət edən iki böyük peyğəmbər) birgə olacaq.” (“Biharul-ənvar”, 19-cu cild, səh.31.)

Hədisdə qeyd olunan “və in kanə şibrən” (bir qarış belə) – ibarəsi bu məsələyə bir daha təkiddir. Hicrət edən şəxsi iki böyük peyğəmbərə qovuşduran amil onun Allah yolunda hicrətidir. Tarixə görə, İbrahim peyğəmbər bütpərəst nəmrudçuların mərkəzi sayılan Babildən Şam və Fələstinə, İslam Peyğəmbəri (s) isə Məkkədən Mədinəyə hicrət etmişdir. Əli ibn İbrahim öz “Təfsir” kitabında{يَا عِبَادِيَ الَّذِينَ آمَنُوا إِنَّ َرْضِي وَاسِعَةٌ فَإِيَّايَ فَاعْبُدُون} (Ey iman gətirən bəndələrim! Şübhəsiz ki, Mənim yerim genişdir. Buna görə də yalnız Mənə ibadət edin!) – ayəsinin təfsirində imam Həsən Əskəridən (ə) belə bir hədis nəql edir:

لا تُطِيعُوا اَهْلَ الْفِسْقِ مِنَ الْمُلُوكِ فَاِنْ خِفْتُمُوهُمْ اَنْ يَفْتِنُوكُمْ عَنْ دِينِكُم فَاِنَّ اَرْضي واسِعةٌ

“Fasiq hökmdarlara itaət etməyin. Əgər onların sizi pak dininizdən çıxaracağından qorxsanız, (hicrət edin,) çünki Mənim yerim genişdir!”

İslam göstərişlərinə görə, hər bir günah və fəsada çəkə bilən məclislərdən uzaq olmaq kimi hallar da bir növ günah və azğınlıq məntəqəsindən kiçik hicrət sayılır və sözsüz, burada əxlaqi dəyərlərin qorunması və günahdan çəkinməyin əhəmiyyəti nəzərdə tutulur.

Rza Şükürlü

Google+ WhatsApp ok.ru