“MÜRAQİBƏT” VƏ “MÜHASİBƏ”, YAXUD MƏQSƏD VƏ NƏTİCƏLƏRİN ARAŞDIRILMASI

Əxlaq alimləri öz əsərlərində əxlaqi səciyyələrin qazanılması və rəzil sifətlərin dəfində bu iki əsasın – “müraqibət” və “mühasibə”nin zəruriliyini qeyd etmişlər. Şübhəsiz, bu iki faktorsuz heç kim ruhi və əxlaqi təkamül dərəcələrini keçə bilməz.

“Müraqibət” – iş və əməldən öncə onun keyfiyyətinə diqqət yetirilməsi, “mühasibə” isə əməldən sonra onun nəticə və təsirinin arayıb araşdırılması deməkdir. Bəzən onların birində qəflət və xəbərsizlik insanı acınacaqlı taleyə düçar edə bilər ki, ondan xilas olmaq asan deyildir.

Burada insanın ruhi vəziyyəti eynilə cisminə bənzəyir. O, öz cisminin sağlamlığını qorumaq üçün müxtəlif gigiyenik qaydaları gözləməli, hər dəfə yeməkdən və hər hansı bir mühitdə yaşamaqdan qabaq müxtəlif xəstəliklərin səbəb və mənşəyinə diqqət yetirməlidir. Bəzən insan yoluxucu xəstəliklərə qarşı müqavimət qüvvəsi yaratmaq üçün “vaksin” vurdurmalı, bəzən yemək və s. ilə əlaqədar digər rejimlər saxlamalı, bəzən də dəqiq müayinədən keçmək üçün özünü mütəxəssis həkimə göstərməli, müayinədən sonra müşahidə olunan mənfi təsirləri aradan qaldırmaq üçün əsaslı şəkildə özünü cismən qüvvətləndirməlidir.

Əxlaqi nasazlıqlarla mübarizə aparmaq və ruhi sağlamlıq əldə etmək üçün nəzərdə tutulan ölçülərə riayət zəruridir. Ümumiyyətlə, insani keyfiyyət və əxlaqi gözəllikləri qazanmağa cəhd göstərmək istəyən insan mütləq aşağıdakı məsələləri nəzərə almalıdır:

1. Həmişə özünü gözləməli və özündən qabaq hər an Allah-Taalanın onu görüb qoruduğunu diqqət mərkəzində saxlamalıdır. Qurani-Kərimdə buyurulur:

{أَفَمَنْ هُوَ قَآئِمٌ عَلَى كُلِّ نَفْسٍ بِمَا كَسَبَتْ}

“Hər bir kəsin nə qazandığına nəzarət edən Allah bunu bacarmayan bütlər kimidirmi?” (“Rəd” surəsi, ayə 33.)

Bu ayədən belə başa düşülür ki, Allah-Taala insanın başı üstə durub, onu qoruyan şəxs kimidir. Başqa bir ayədə isə belə buyurulur:

{إِنَّ اللّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا}

“Həqiqətən, Allah sizin üzərinizdə gözətçidir!” (“Nisa” surəsi, ayə 1.)

Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan hədisdə də belə buyurulur:

اُعْبُدِ اللهَ كَاَنَّكَ تَراهُ فَاِنْ لَمْ تَرهُ فَاِنَّهُ يَراكَ

“Allaha elə ibadət et ki, sanki Onu görürsən; əgər sən Onu görməsən də, O, səni görür!” (“Biharul-ənvar”, 72-ci cild, səh.279.)

Diqqəti cəlb edən odur ki, bu hədis “Nəhl” surəsinin “İnnəllahə yə`muru bil-ədli vəl-ehsan!” (Həqiqətən, Allah ədalətli olmağı və yaxşılıq etməyi əmr edir! – “Nəhl”/90) – ayəsində qeyd edilən “ehsan” sözünün təfsirində buyurulmuşdur. Yəni bütün yaxşılıqların qaynağı “müraqibət”dir (nəfsi nəzarət altına alıb, ona diqqət yetirməkdir).

2. Hər bir söz və əməldən qabaq onun səbəb və nəticəsini götür-qoy etmək lazımdır. Hədisdə buyurulur:

 اِنَّهُ يُنْشَرُ لِلْعَبْدِ فِي كُلِّ حَرَكَةٍ وَ اِنْ صَغُرَتْ ثَلاثَةُ دَواوِينَ: اّلْاَوَّلُ لِمَ؛ اّلثّانِي كَيْفَ؛ اّلثّالِثُ لِمَنْ

“Hər bir rəftar və əməli – kiçik olsa belə – yerinə yetirən zaman onun xüsusiyyətlərini yazmaq üçün üç dəftər açılar: birincisi (əməlin) səbəbini, ikincisi keyfiyyət və necəliyini, üçüncü isə kimin üçün yerinə yetirildiyini (son məqsədini) göstərir.”

Şübhəsiz, belə təfəkkür tərzi insanı çirkinliklərə qarşı hazır edir.

3. Gündəlik işləri yerinə yetirdikdən sonra əməlləri dəqiq “mühasibə” etmək (hesaba çəkmək) lazımdır. İnsandan baş verən xəta və günah ruhi formaya düşməzdən qabaq dərhal onun təsirləri qəlb və ruhdan təmizlənməlidir; belə ki, onun acınacaqlı axır-aqibəti haqda düşünüb özünü danlamalı, nəfsini qınamalı, gələcəkdə özünü möhkəm gözləmək və idarə etmək üçün lazımı qərara gəlməli, qurşandığı çirkin iş qədər yaxşı əməllər yerinə yetirməlidir ki, canı və qəlbinin saflığı ilkin vəziyyətə qayıtsın. Eynilə cismani xəstəlikdən qurtulan şəxs kimi, müəyyən bir müddətdə iman, ruh və mənəviyyatını gücləndirməyə başlamalıdır. (Həqiqi tövbə də məhz bundan ibarətdir.)

“Mühasibə” və insanın özünü sorğu-suala çəkməsi çox mühümdür və Peyğəmbəri-Əkrəm (s) bu haqda buyurmuşdur:

اِنِّي لَاَسْتَغْفِرُ اللهَ وَ اَتُوبُ اِلَيْهِ فِي الْيَوْمِ سَبْعِينَ مَرَّةً

“Mən hər gün yetmiş dəfə tövbə və istiğfar edirəm.” (“Məhəccətül-beyza”, Feyz Kaşani, 2-ci cild, səh.315.)

Aydındır ki, Peyğəmbərin (s) tövbəsi günaha görə yox, itaətkarlığın keyfiyyət və necəliyi ilə bağlıdır!

Rza Şükürlü

Google+ WhatsApp ok.ru