“Yaralı əsgərləri hospitala çatdırınca vəziyyəti ağırlaşır”

Tovuzun Ağdam kəndinin sakinləri: “Başçı deyir, “düzəltmirəm, gedin, kəndinizin “bazarkomuna” deyin, pul töksün, düzəltsin”.
 
“Bu kənd Ermənistanla həmsərhəddir. Hər gün atışma var. Tez-tez əsgərlərdən, mülki vətəndaşlardan yaralanan olur. Yaralını qoyurlar “UAZ”-a, bu kələ-kötür, daş-qalaqlı yolla aparırlar rayon mərkəzinə. Daş-qalaqlı yolda maşın yaralı adamı o qədər atıb-tutur ki, vəziyyəti daha da ağırlaşır”.
 
AzadlıqRadiosuna müraciət edən Tovuz rayonunun Ağdam kəndinin sakinləri icra başçısının qarşısında yol probleminin həlli tələbini qoyurlar. Kənd sakini Nəsimi Bağırov deyir, icra başçısı yolun təmirini kəndin “bazarkom”unun üstünə yıxır:
 
“Bütün kənd yolları yenilənib, asfaltlanıb. Hətta elə dağ kəndləri var ki, oralara da asfalt çəkiblər. Ağdam kəndinin yolları isə bərbaddır. Halbuki, bu kəndlə rayon mərkəzi arasında 10 dəqiqəlik məsafə var. Başçı deyir, “düzəltmirəm, gedin, kəndinizin “bazarkomuna” deyin, pul töksün, düzəltsin”. Başa düşə bilmirik ki, başçının kiminləsə ədavəti varsa, niyə buna görə bütün kənd əziyyət çəkməlidir? Yolu “bazarkom” yox, dövlət düzəltməlidir. Bu yolun düzəlməsinə görə büdcədən “bazarkoma” yox, dövlət qurumlarına pul ayrılır. Bir də ki, müharibənin qaynar nöqtəsində yerləşən kəndin taleyinə belə yanaşmazlar axı…”  /

Google+ WhatsApp ok.ru