“Azərbaycanda qeydiyyata alınmamış 3 minə yaxın QİÇS xəstəsi var”

Bu günlərdə nikaha daxil olmaq istəyən şəxslərdə aşkarlanan xəstəliklərlə bağlı statistika açıqlandı. Məlum oldu ki, bir il ərzində evlənmək üçün məcburi müayinədən keçən 85 nəfərdə QİÇS xəstəliyi var. Bu isə kifayət qədər böyük rəqəmdir. Nəzərə alsaq ki, xüsusən ucqar rayonlarda rəsmi nikaha düşməyən nə qədər yeni qurulan ailə var, mövcud rəqəmin artacağı istisna edilmir. O da faktdır ki, təbliğat və sosial reklamlara baxmayaraq çoxu hələ də bu xəstəliklə bağlı məlumatsızdır. Bəs xəstəlikdən necə qorunmaq olar? Virus hansı hallarda ölümlə nəticələnir? Virtualaz.org saytının bu və digər suallarını QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri Natiq Zülfüqarov cavablandırıb.

- Azərbaycanda QİÇS xəstəliyi ilə bağlı vəziyyət necədir?
 
- Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Azərbaycan HİV infeksiyasının az yayıldığı ölkələr sırasına daxildir. Digər dünya ölkələri ilə müqayisə etdikdə, Azərbaycanda infeksiya epidemiyası təmərküzləşmə mərhələsindədir. Epidemiya ayrı-ayrı risk qrupları arasında qalmaqda davam edir. Ən böyük risk qrupu inyeksion narkomanlar, seks-biznes işçiləri, homoseksuallar və məhbuslardır. Sözsüz ki, digər körpü funksiyasını həyata keçirən insanlar da var. Bunlar homoseksualla cinsi əlaqədə olanlar, eyni şprisdən narkotik istifadə edənlər və ya onların cinsi partnyorlarıdır. Amma ümumi kütlə arasında zədələnmə dərəcəsi 0,6 faizdən aşağıdır. Müqayisə üçün deyim ki, Uqandada hər 10 nəfərdən 3-də bu xəstəlik var ki, bu da əhalinin 30 faizi deməkdir.
 
- Bəs qadın-kişi müqayisəsində statistika necədir?
 
- Azərbaycanda hal-hazırda 4854 nəfər HİV-lə yaşayan rəsmi qeydiyyatdadır. İndiyə qədər dünyasını dəyişənlərin sayı isə 746 nəfər olub. Bunlardan 638 kişi, 108 nəfəri qadındır. Kişilərin çox olması mental xüsusiyyətlərlə əlaqədardır. Bunlar inyeksion narkomanlardır.
 
- Yəqin ki, qeydiyyatda olmayanlar da var.
 
- Əlbəttə. ÜST-ün açıqlamasına görə, Azərbaycanda gizli və aşkar QİÇS-li xəstələrin sayı 8 min nəfər civarında qiymətləndirilir. Biz bunların 60-70 faizini aşkarlamışıq. Bu ondan irəli gəlir ki, müayinələrimiz geniş yayılıb və 12 mobil müayinə məntəqəmiz var. Ötən illərə nisbətən müayinələrin sayı da artıb. Ötən il 620 min, bu il isə 770 mindən çox insan müayinədən keçib.
 
- Bəs xəstəlik aşkarlananların sayı da artıb?
 
- Artım tendensiyası izlənilir. Bu rəqəm 2014-cü ildə 586 nəfər olubsa, 2015-ci ildə bir qədər artaraq 704 nəfər olub. 2016-cı ilin ilk 4 ayı ərzində Azərbaycanda yeni HİV-ə yoluxma faktı 167 nəfərdə təsdiqlənib. Ölkədə hazırda HİV-lə yaşayan insanlardan 47,7 faizi inyeksion narkotik istifadəsi, 41,6 faizi hetereseksual, 1,8 faizi isə homoseksual kontakt, 1,8 faizi anadan uşağa keçməklə, 0,02 faizi isə donor qan köçürülməsi nəticəsində yoluxub. 7 faizdə isə yoluxma yolu məlum deyil. Bu xəstəliyin xüsusiyyəti elədir ki, nə qədər tez aşkar olunsa, biz o qədər tez müdaxilə edə bilirik.
 
- Bəs sizcə, Azərbaycanda bu xəstəliyin müalicəsinə fikir verilməlidir, yoxsa profilaktikasına?
 
- Bura QİÇS-lə mübarizə mərkəzidir. Mübarizə dedikdə, bura həm xəstəliyin profilaktikası, həm də müalicəsi daxildir. Artıq 2012-ci ildən ÜST də qeyd edir ki, dərmanı içmək həm də profilaktikadır. Dərman qəbul edən zaman xəstəliyin virus yükü aşağı düşür. Bu zaman o, ətraf üçün təhlükəsizdir. Çünki virusun başqasına keçməsi üçün müəyyən hədd var. Biz 100 dəfələrlə virusa yoluxmanı aşağı salırıq. Bu zaman sağlam qadın virusa yoluxmadan uşaq dünyaya gətirə bilər. 80 belə sağlam doğulan uşağımız var. Biz heç bir QİÇS xəstəsinə deyə bilmərik ki, sağlam insanla ailə qurmasın. Amma sağlam insanı bu virusa yoluxduranlar cinayət məsuliyyəti daşıyırlar.
 
Əvvəllər insanlar dərman içməmək üçün bəhanə gətirirdlər ki, uzaq rayonda yaşayırlar və gəlib-getmək çətindir. Biz onlara yol pullarını da verirdik. Amma indi rayonlarda regional ART mərkəzlərimiz var və dərman orada paylanır. Qubada, Şəkidə, Gəncədə, Şirvanda, Lənkəranda, Naxçıvanda belə mərkəzlər var. Əslində bəzi xarici ölkələrdə bu dərmanlar pulla verilir. Və bunlar çox bahalı dərmanlardır. Amma biz belə dərmanları xəstələrə pulsuz paylayırıq.
 
Bir də onu qeyd edim ki, tanıdığım bir ailədə bir neçə il öncə HİV virusu tapılmışdı. Ər və arvad hər şeylərini satıb Türkiyəyə getdilər və orada yaşamağa başladılar. Amma bir neçə ildən sonra müflis olub qayıtdılar. Müalicələrinə 1 milyon manatdan çox vəsait xərcləmişdilər. Çünki Türkiyədə digər ölkə vətəndaşlarına bu dərmanlar pulludur. Sonradan bizdə pulsuz müalicəyə başladılar və hazırda bizdə qeydiyyatdadırlar.
 

Google+ WhatsApp ok.ru