“Çörəyin 10 qəpik bahalaşmasının qarşısını almaqla iş bitmir”

 “İstehlak səbətinə 35-ə qədər mal və xidmətin adı daxil edilib. Ancaq hökumət bütün fikri çörəyin üzərinə yönəldib. Çörəyin 10 qəpik artmaması üçün İqtisadiyyat Nazirliyi “gərgin” iş aparır”.
 
Bu sözləri Modern.az saytına Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov ötən il Azərbaycanda milli valyutanın 2 dəfə devalvasiyaya uğramasından sonra istehlak səbətinin bahalaşması ilə bağlı fikirlərini bölüşərkən deyib.
 
AİB sədri çörəyin istehlak səbətində kiçik yer tutduğunu diqqətə çatdırıb:
 
“Təkcə çörəyin qiymətinin nomallaşşdırılması anormaldır. Hökumət bütün mal-məhsulların qiymətinin aşağı düşməsini istəyirsə, bazarda liberal şərait yaratmalıdır. Prezident hələ 2011-ci ilin 16 yanvarında Nazirlər Kabinetinin toplantısında bazarda şişirdilmiş qiymətlər, kartel sövdələşmələr, inhisarçılıq olduğunu qeyd edərək problemin aradan qaldırılması üçün göstərişlər vermişdi.
 
Görünən odur ki, rəsmi qurumlar prezidentin tapşırıqlarına əməl etmir. Buna görə də effektli nəticə əldə edə bilmirlər. Üstəlik ölkə başçısı tərəfindən biznes qurumlara çox rahat şərait yaradılıb”.
 
E.Hüseynov biznes qurumların onlar üçün yaradılan əlverişli şəraitdən sui-istifadə etdiklərini də deyib:
 
“Təəssüf ki, biznes qurumlar da bundan sui-istifadə edərək bazara təhlükəli mallar təklif edirlər. Düşünürəm ki, İqtisadiyyat Nazirliyi kimi böyük dövlət qurumu çörəyin qiymətinin 10 qəpik qalxmasının qarşısını almaqla öz missiyasını bitmiş hesab etməməlidir.
Çünki, istehlak səbətində qiyməti 10, 20, 30 hətta 40 faiz bahalaşan mallar da var. Bura yağlar, düyü, çay, qənandı məhsulları, şəkər, yuyucu vasitələr və s. daxildir.
Əgər İqtisadiyyat Nazirliyi qiymətlərin enməsini istəyirsə, düzgün mövqe tutmalı, nəzarəti artırmalı, tam liberal şərait yaratmalıdır. Nəticədə bazara külli miqdarda mal daxil olacaq ki, nəticədə keyfiyyət də qalxacaq.
 
Hesab edirəm ki, 2015-ci ildə baş verən devalvasiyaların fəsadlarının aradan qaldırılması üçün hökumət bütün tənzimləmə mexanizmini işə salmalı, bütün baryerləri aradan qaldırmalı, gömrük rüsumlarını aşağı salmalı, mümkün rıçaqları işə salmalıdır”.
 
Qeyd edək ki, 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 , əmək qabiliyyətli əhali üçün 146 , pensiyaçılar üçün 115 , uşaqlar üçün isə 117 manat məbləğində müəyyən edilib.
 
Bu məbləğlə isə hər bir vətəndaş istehlak səbətinə daxil olan, çörək, un və un məhsulları, meyvə və tərəvəz, süd və süd məhsulları, ət və ət məhsulları, yağ, çay, duz, su və s. almalı, bundan başqa ictimai nəqliyyat, rabitə və enerji xidmətlərindən istifadə etməlidir. 

Google+ WhatsApp ok.ru