Əbu Həmzə Somali duası - AUDİO

“Əbu-Həmzə Somali” duası adı ilə tanınan və ramazan ayının səhərləri oxunan bu dua imam Əliyyibnil Hüseyndən nəql olunmuş şərafətli və dəyərli dualardandır.
 
Bu duanı İmam Səccad (ə), İmam Baqir və İmam Sadiqin (ə) səhabələrindən olan Əbu-Həmzə İmam Səccaddan (ə) nəql etmişdir. Əbu-Həmzə zəmanəsinin böyüklərindən olmuşdur. Ona zəmanənin Salmanı deyirdilər. Elə bu böyük dua özü onun şəxsiyyət və mərifətini göstərir.
 
Mərhum Məclisi “Biharul-ənvar”da (98-ci cild, səh.82, 2-ci rəvayət) bu duanın sənədi haqda belə nəql edir: Həsən ibn Məhbuba istinad edən Əbu Məhəmməd Harun ibn Musa (hər ikisi böyük rəvayətçilərdəndir) Əbu-Həmzə Somalidən belə nəql edirlər: Həzrət Əli ibn Hüseyn (ə) ramazan gecələrində bütün gecəni namaz qılar və səhər açıldıqda bu duanı oxuyardı.
 
Bu duanın “Əbu-Həmzə” adı ilə tanınmasının səbəbi onu Əbu-Həmzənin nəql etməsi, ya da onu İmam Səccadın (ə) Əbu-Həmzəyə öyrətməsidir.
 
Əbu-Həmzə kimdir? Əbu-Həmzə Sabit ibn Dinar Kufə əhli və Somalə qəbiləsindən idi. Bəziləri deyirlər ki, o Bəni-Səl qəbiləsindən idi, lakin Bəni-Somali arasında evi olduğu üçün Somali kimi tanınmışdı. Əbu-Həmzə İmam Səccad (ə), İmam Baqir (ə) və İmam Sadiqin (ə) müasiri olmuş və onlardan rəvayət nəql etmişdir. Bəzilərinin fikrincə, o İmam Kazimin (ə) də xidmətinə yetişmişdir. Onlardan nəql olunub ki, o, səhabələrin yaxşılarından və hədis nəql etməkdə etibarlı şəxslərdən idi. Həmçinin nəql olunur ki, İmam Sadiq (ə) buyurdu: “Salman öz dövründə necə idisə Əbu-Həmzə də öz dövründə elə idi.” (Nəcaşi, “Rical”, səh.289-290, Beyrut nəşri.)
 
Maməğaninin “Rical”ında Davud Rəqqidən nəql olunur: Əmirəl-mö`mininin (ə) qəbrinin ziyarətinə gəlmiş xorasanlı bir nəfər deyir: Əmirəl-mö`mininin (ə) ziyarətindən sonra Kufəyə gedib, qoca bir kişinin ətrafında cəmləşib onu dinləyən bir dəstə gördüm. Yaxınlaşdıqda onların şiə olduğunu anladım. Qoca kişinin kimliyini soruşdum. Dedilər: “Əbu-Həmzədir”. Mən də oturdum. O danışdığı vaxt bir ərəb dedi: “Mədinədən gəlmişəm, İmam Cəfər Sadiqin (ə) dünyasını dəyişdiyini gördüm”. Əbu-Həmzə bu sözləri eşidib ah çəkdi və təəssüf etdi. Sonra soruşdu: “Vəsiyyət etdimi?” Ərəb dedi: “O oğlu Abdullah, Musa və Mənsur haqqında vəsiyyət etdi”. Əbu-Həmzə dedi: “Şükür olsun Allaha ki, bizi çaşqın vəziyyətdə qoymadı. Bizi kiçiyə yönəltdi, böyüyü tanıtdırdı, böyük işi örtülü saxladı”. Sonra Əmirəl-mömininin (ə) qəbri kənarında namaz qıldı. Mən ona yaxınlaşıb dediyi sözlərin mənasını soruşdum. Dedi: “Böyüyün bədən eybi var (ona görə imam ola bilməz), kiçiyin adını ona görə çəkir ki, onu özünə canişin seçmişdir . . . “ Sonra xorasanlı kişi Mədinəyə gedib İmam Kazimin (ə) hüzuruna yetişir. Məsələni ondan soruşur. Həzrət buyurur: “Məgər Əbu-Həmzə Əmirəl-mömininin (ə) qəbri kənarında sizə demədimi? Qəlbi Allah nuru ilə işıqlanan möminin əməli kamildir”.
 

Google+ WhatsApp ok.ru