“Nardaran işi” məhkəməsi ifşa ilə başladı

“Nardaran işi” məhkəməsi ifşa ilə başladı

"Bandotdel"də mənə üç gün ərzində ağlasığmaz işgəncələr verildi. Bir var ki, adamı döyələr, toka verələr - bunlar adi şeylərdir. Elə dəhşətli işgəncələr veriblər ki... Deməliydim ki, Nardaran hadisələrinin arxasında Milli Şura, Əli Kərimli, Cəmil Həsənli dayanır. Üç gün bu işgəncələrə dözdüm".
 
Bunu ilahiyyatçı Taleh Bağırov məhkəmədə çıxış edərkən bildirib.
 
İlahiyyatçı məhkəmədə iki vəsatət qaldırıb ki, bunlardan da biri Fuad Qəhrəmanlının həbsdən buraxılması haqda olub:
 
"Mən "bandotdel"də bu işgəncələrə dözəndən sonra məcbur olub Fuad Qəhrəmanlını "Facebook" statuslarına görə tutdular. Buradakı insanların hamısı günahsızdır. Fuad Qəhrəmanlının məsələsi isə, ümumiyyətlə, absurddu. O, qeyd-şərtsiz və dərhal azadlığa buraxılmalıdır".
 
““BANDOTDEL”DƏN ÇAĞIRIŞ ELƏMİŞƏM?”
 
Taleh Bağırov ikinci vəsatətində isə "Hacı Taleh Bağırzadənin müraciəti" adlı kitabçanın sübutlar siyahısından çıxarılmasını istəyib:
 
"Həmin kitabçaya əsasən göstərilir ki, guya, mən Azərbaycanda İslam dövlətinin qurulmasına çağırış etmişəm, Nardaran hadisələri, hicab aksiyası barədə danışmışam. Əgər bu kitab noyabrın 26-dan əvvəl çap olunubsa, mən əvvəlcədən Nardaran hadisələri barədə necə danışa bilərdim? Noyabrın 26-dan sonra da "bandotdel"də olmuşam, oradan çağırış eləmişəm? Müsəlman Birliyi Hərəkatı heç vaxt Azərbaycanda İslam dövlətinin qurulmasını istəməyib. Biz sadəcə, hakimiyyətin dəyişməsini istəyirik. Hakimiyyət isə dövlət deyil. Torpaqlarımızı işğal altında saxlayan da elə bu hakimiyyətdir. Ona görə də kitabça sübutlar siyahısından çıxarılmalıdır".
 
Təqsirləndirilən Şamil Abduləliyevin vəkili onun səhhətində ciddi problemlər olduğunu əsas gətirib, ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb:
 
"Hadisə zamanı bu adamın aldığı 3 güllənin ikisi hələ də bədənindədir. Onu xəstəxanadan məhkəməyə aparıb barəsində həbs-qətimkan tədbiri seçiblər".
 
“İFADƏ VERMƏKDƏN İMTİNA EDƏCƏYİK”
 
F.Qəhrəmanlı özü isə məhkəmə prosesini izləməyə gəlmiş Milli Şura sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimlinin zala buraxılmamasına etiraz edib:
 
"Bu, açıq məhkəmə prosesidir və istəyən hər kəs izləyə bilər. Əgər yenə belə hadisə təkrarlansa, biz etiraz aksiyası keçirəcəyik. Üzümüzü divara çevirib, ifadə verməkdən imtina edəcəyik".
 
F.Qəhrəmanlının vəkili Yalçın İmanov ona verilən ittihamların Nardaran hadisələrinə heç bir aidiyyəti olmadığını əsas gətirərək, bu işin ayrılıb məhkəmə baxışına xitam verilməsi və istintaq orqanına qaytarılması barədə vəsatət qaldırıb:
 
"Fuad Qəhrəmanlıya qarşı itthamların siyasi məzmun daşıdığı qənaətindəyik və məqsəd də onun mənsub olduğu partiyanın radikal dini obrazını yaratmaq olub. İstintaqın əsas götürdüyü "Facebook" statuslarının bir qismi hakimiyyətin sərt tənqid olunduğu statuslardır, qalanlarında da Nardaran hadisələri təhlil olunub. Fuad Qəhrəmanlı ilə bağlı işin xarakteri, ittihamlar da onun işinə ayrıca baxılmasını tələb edir".
 
“LİKE ŞAHİDLƏRİ”
 
Məhkəmə vəsatəti də təmin etməyib.
 
Y.İmanov həmçinin F.Qəhrəmanlı barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, məhkəmə prosesinin audio və video yazısına imkan verilməsi, yolverilməz sübutların işdən xaric edilməsinə dair vəsatətlər qaldırıb:
 
"Fuad Qəhrəmanlının işi üzrə ifadə verən şahidlərin bir qismi onun stasularını "like" eləmiş, şərh yazan şəxslərdir. Onların ifadələri sübutlar siyahısından çıxarılmalıdır".
 
F.Qəhrəmanlı özü də vəsatətlərə münasibət bildirib:
 
"Yazıblar ki, guya mən statusumda insanları hakimiyyət uğrunda mübarizədə şəhid olmağa çağırmışam. Hardadır bu status? Bu yalan da deyil, həyasızlıqdır. Yazıblar ki, hakimiyyəti günahkar gücə bənzətmişən. Hakimiyyəti günahkar gücə bənzətmək nə vaxtdan cinayətdir?"
 
“PALTARLAR ORTADA YOXDUR”
 
T.Bağırovun vəkili Elçin Sadıqov isə vəsatətində Nardaran əməliyyatı zamanı dünyasını dəyişmiş iki polisin şəxsi işlərinin DİN-dən alınıb cinayət işinə əlavə olunmasını istəyib:
 
"İşin içində polis olduğu deyilən iki şəxsin meyitinin yalnız alt paltarında olan fotoşəkilləri var. Deyirlər ki, onların paltarları DİN-in qospitalında çıxarılıb. Əgər çıxarılıbsa, həmin paltarlar da ekspertizaya göndərilməli idi, rəy alınmalı idi ki, paltarların üzərindəki izlərlə meyitlər üzərindəki izlər nə dərəcədə uyğundur. Amma paltarlar ortada yoxdur. Müdafiə tərəfinə sənədlərin əksəriyyəti, o cümlədən ekspert rəyləri, hadisə yerinin müayinə protokolu verilməyib".
 
Vəkilinin vəsatətinə münasibət bildirən T.Bağırov noyabrın 26-da baş verənlər barədə də danışıb:
 
"Namaz vaxtı qara maskalılar evə hücum etdilər. Guya polisdə məlumat olub ki, orada silahlı dəstə, terror qruplaşması var və dini təbliğat aparırlar, bunlar da zərərsizləşdirməyə gəliblər. Əgər onlar terrorçuları zərərsizləşdirməyə gəliblərsə, niyə zirehli geyimdə olmayıblar? Onları öldürənlər də elə özləri, hakimiyyət olub. Dəfələrlə ilahiyyatçıların cibinə narkotik atan, günahsız adamları şərləyib tutan hakimiyyətdən hər şey gözlənilir. Terror görüntüsü yaratmaq üçün özünün iki əməkdaşını da qurban verdi. Əlini 4 dindarın qanına batırdı".
 
“BU İŞDƏN İMTİNA EDİN”
 
Taleh Bağırov hakimlərə də müraciət edib:
 
"Necə ki, 37-ci ildə Hüseyn Cavidlərimizi güllələyib, sonra onlara bəraət verdilər, indi də belə olacaq. Nə qədər gec deyil, bu işdən imtina edin. Gələcəkdə öz qohumlarınızın yanında bu məsələlərə görə adınızın hallanmasından xəcalət çəkməyəsiniz".
 
Nardaran əməliyyatı zamanı xəsarət almış, hazırda isə təqsirləndirilənlər arasında olan Abbas Hüseynov da bildirib ki, onlarda silah olması barədə deyilənlər yalandır:
 
"Mənə zülm verə-verə ifadəyə qol çəkdiriblər. Guya, məndə "Kalaşnikov" avtomatı olub. Məndə avtomat olsaydı, üstündə mənim əl izim olardı. Bunlar hamısı özlərinin uydurmasıdır. Biz namaz qıldığımız yerdə “zombi”lər hücum eləyiblər. Bizdə silah olmayıb".
 
Məhkəmənin hazırlıq iclası iyulun 22-də davam edəcək.(azadliq.org)
 
 
 

 

Google+ WhatsApp ok.ru